Çin məhkəmələri Myanmada fəaliyyət göstərən cinayətkar şəbəkənin üç yüksək vəzifəli üzvü barəsində ölüm hökmü çıxarıb. Təqsirləndirilən şəxslər telekommunikasiya fırıldaqçılığı, qumar oyunlarının təşkili və digər cinayətlərdə ittiham olunublar.
Anadolu Agentliyinin məlumatına görə, hökmlər Çinin şərqində yerləşən Fucian əyalətinin Çüançjou şəhərindəki Aralıq Xalq Məhkəməsi və Nan'an şəhərinin məhkəməsi tərəfindən elan edilib. Ölüm hökmü Myanmada fəaliyyət göstərən Vey ailəsinə məxsus cinayətkar şəbəkənin üç üzvünə verilib.
İş üzrə daha üç nəfər ömürlük həbs cəzasına məhkum edilib. Digər 55 təqsirləndirilən şəxs isə 3 il 3 aydan 24 ilədək müddətə azadlıqdan məhrum olunub.
Məhkəmələr cərimələr, əmlakın müsadirə edilməsi və ölkədən deportasiya daxil olmaqla əlavə cəzalar da tətbiq ediblər.
Çin hakimiyyətinin məlumatına görə, cinayətkar qruplaşma Myanmanın Kokang bölgəsində xüsusi cinayət mərkəzləri yaradaraq fəaliyyət göstərib. Şəbəkənin üzvləri telefon və internet vasitəsilə dələduzluq, qanunsuz qumar oyunları, hədə-qorxu yolu ilə pul tələb etmə və digər qanunsuz əməllərlə məşğul olublar.
Bu hökmlər Pekinin Myanmada fəaliyyət göstərən və sərhədlərarası dələduzluqla məşğul olan şəbəkələrə qarşı mübarizəni gücləndirdiyi bir vaxta təsadüf edir.
Anadolu Agentliyinin daha əvvəl yaydığı məlumata əsasən, Çin fevral ayında qətl, telekommunikasiya dələduzluğu və narkotik vasitələrin qanunsuz dövriyyəsi də daxil olmaqla müxtəlif cinayətlərdə təqsirli bilinən, Myanmada fəaliyyət göstərən cinayətkar dəstələrin 15 üzvünü edam edib.
Çin həmçinin cinayət mərkəzlərinin dağıdılması və şübhəli şəxslərin ölkələrinə qaytarılması məqsədilə Myanma və Tailandla əməkdaşlığı genişləndirib. Çin hakimiyyətinin açıqlamasına görə, ötən il telekommunikasiya dələduzluğunda şübhəli bilinən 7 600-dən çox Çin vətəndaşı Myanmadan ölkəsinə qaytarılıb.
News365.az