Xüsusi proqramlardan istifadə etməklə bank kartlarından oğurluqda və digər cinayətlərdə təqsirləndirilən Cavanşir Rüstəmzadə, Mehman Əsədov və Novruz Qulaminin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
News365.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Elvin Mirzəyev çıxış edib.
O, Cavanşir Rüstəmzadə və Mehman Əsədovun 10 il, Novruz Qulaminin isə 9 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.
Təqsirləndirilən şəxslərin vəkilləri çıxış üçün məhkəmədən vaxt istəyiblər.
Növbəti proses dekabrın 3-nə təyin edilib.
Qeyd edək ki, ötən il iyul ayında Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində bank kartlarından xüsusi proqramlardan istifadə etməklə maddi vəsaitlər oğurlayan Cavanşir Rüstəmzadə, Mehman Əsədov və Novruz Qulami saxlanılıb.
Araşdırmalarla müəyyən olunub ki, M.Əsədov vətəndaşlara məxsus kartların məlumatlarını müxtəlif üsul və vasitələrlə əldə edib. Daha sonra o, kartlarda olan külli miqdarda pul vəsaitini Cavanşir Rüstəmzadə və Novruz Qulaminin adına açılmış hesablara köçürüb.
Həmçinin dəstə üzvləri həmçinin internet üzərindən onlayn maliyyə əməliyyatları aparan vətəndaşların ödəmə sistemlərindəki məlumat bazalarına da müdaxilə edərək onların rekvizitlərini əldə etməkdə təqsirləndirilir.