Mayın 17-22-də Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Bakının bir sıra küçə və prospektlərində müvəqqəti xüsusi hərəkət zolaqları təşkil ediləcək.
Bu barədə News365.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Məlumata görə, müvəqqəti xüsusi hərəkət zolaqları Heydər Əliyev prospekti - Aerport şosesi, Abbasqulu ağa Bakıxanov, Mehdi Abbasov, Mikayıl Əliyev, Yusif Səfərov, Mikayıl Müşfiq küçələrində yaradılacaq.
Bu zolaqlar müvafiq yol nişanı quraşdırıldıqdan sonra qüvvədə olacaq. Yəni nişan olmadığı müddətdə bütün nəqliyyat vasitələri zolaqdan istifadə edə bilər.
Xatırladaq ki, WUF13 mayın 17-22-də Bakıda keçiriləcək. İndiyədək forumda iştirak etmək üçün dünyanın müxtəlif ölkəsindən 20 min nəfərdən çox şəxs qeydiyyatdan keçib. Bu mötəbər tədbir Azərbaycanın BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) ilə sıx əməkdaşlığı çərçivəsində təşkil olunur. Forumun əsas məqsədi dayanıqlı şəhərsalma, "ağıllı şəhər"lər və innovativ şəhər həlləri sahəsində qlobal təcrübələrin mübadiləsini təmin etməkdir.