Azərbaycan-İran münasibətləri sağlam təməl üzərində inkişaf edir

Azərbaycan-İran münasibətləri sağlam təməl üzərində inkişaf edir
12:28

Prezident İlham Əliyev: “İran Prezidentinin Azərbaycana rəsmi səfəri əlaqələrimizin yüksək səviyyədə olmasının təzahürüdür”

 Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında münasibətlər qədim tarixi, mədəni və dini bağlar əsasında formalaşıb və bu gün də strateji əməkdaşlıq səviyyəsində davam edir. Hər iki ölkənin ortaq sərhədə, ortaq dəyərlərə və regional maraqlara sahib olması bu münasibətlərin daha da inkişaf etməsinə zəmin yaradır. İran İslam Respublikası Azərbaycan Respublikasının müstəqilliyini 25 dekabr 1991-ci ildə tanımışdır. İki ölkə arasında diplomatik əlaqələr 12 mart 1992-ci ildə qurulmuşdur. Hər iki ölkənin səfirlikləri (1969-cu ildə İranın Bakı şəhərində açılmış konsulluğu 1992-ci ilin mart ayından İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi kimi fəaliyyətini davam etdirir. 1992-ci ilin dekabr ayında isə Azərbaycan Respublikasının İran İslam Respublikasında səfirliyi fəaliyyətə başlamışdır), İranın Naxçıvan şəhərində Baş Konsulluğu (1992-ci ilin mart ayından), Azərbaycan Respublikasının Təbriz şəhərində Baş Konsulluğu (20 oktyabr 2004-cü ildən) fəaliyyət göstərir.

2025-ci ilin aprelin 28-də İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri, ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunun bariz nümunəsidir. Bu səfər çərçivəsində iqtisadi, enerji, nəqliyyat və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsinə dair vacib sənədlər imzalanmış, tərəflər arasında siyasi dialoqun daha da dərinləşdirilməsi istiqamətində razılıqlar əldə olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın 2025-ci il aprelin 28-də Azərbaycana səfəri zamanı mətbuata veriblər. Prezidenti İlham Əliyev bəyanatında bildirib ki, xalqlarımız əsrlər boyu mehribanlıq, qardaşlıq şəraitində yaşayıb: “Bu gün dövlətlərarası münasibətlərimiz bu möhkəm təməl üzərində inkişaf edir. İran Prezidentinin Azərbaycana rəsmi səfəri əlaqələrimizin yüksək səviyyədə olmasının təzahürüdür.

 Bu gün apardığımız danışıqlar və fikir mübadiləsi əsnasında bir çox önəmli məsələlər haqqında söhbət etdik, fikirlərimizi bildirdik, Azərbaycan-İran strateji münasibətlərini bir daha təsdiqlədik. Biz bütün məsələlərə səmimi şərait əsnasında öz fikirlərimizi bildirmişik. Əsas məsələ ondan ibarətdir ki, hər iki tərəf Azərbaycan-İran əlaqələrinin inkişafına çalışmalıdır və çalışır. Hörmətli Prezidentin böyük heyətlə Azərbaycana gəlməsi və bu gün bir çox önəmli sənədlərin imzalanması, o cümlədən prezidentlər səviyyəsində imzalanmış sənəd bir daha bizim xoş niyyətimizi göstərir, onu göstərir ki, biz bütün istiqamətlər üzrə bir-birimizə daha yaxın olmağa çalışırıq”. Azərbaycan və İran prezidentləri arasında aparılan danışıqlar zamanı bir sıra mühüm məsələlər müzakirə olunmuşdur. Bu danışıqlarda əsasən iki ölkə arasında siyasi, iqtisadi, energetika, nəqliyyat, ticarət və mədəni sahələrdə əməkdaşlığın inkişafı diqqət mərkəzində olmuşdur. Həmçinin regional təhlükəsizlik, sərhəd əməkdaşlığı, su ehtiyatlarının birgə istifadəsi və kommunikasiya layihələri kimi mövzular da gündəmə gətirilmişdir. Prezidentlər qarşılıqlı hörmət və mehriban qonşuluq prinsipləri əsasında münasibətlərin inkişaf etdirilməsinin vacibliyini vurğulamış, həmçinin bölgədə sabitliyin və əməkdaşlığın gücləndirilməsi üçün birgə səylərin davam etdirilməsinin əhəmiyyətini qeyd etmişlər.

 Azərbaycan və İran arasında iqtisadi əlaqələr xüsusilə diqqətəlayiqdir. Ticarət dövriyyəsinin artması, sərhəd ticarətinin təşviqi və birgə sənaye zonalarının yaradılması bu sahədə irəliləyişin göstəricisidir. Eyni zamanda, nəqliyyat və tranzit sahəsində əməkdaşlıq region üçün strateji əhəmiyyət daşıyır. Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi bu baxımdan hər iki ölkənin maraqlarına cavab verir və daha geniş coğrafiyada inteqrasiyaya imkan yaradır. Cənab Prezident qəbul edilmiş qərarların iki ölkə arasında əlaqələri uzun illər bundan sonra yüksələn xətlə aparacağına əminliyini ifadə edib: “Biz bu gün təbii olaraq üçtərəfli əməkdaşlıq layihələrini geniş müzakirə etdik. Onların arasında təbii olaraq Şimal-Cənub nəqliyyat dəhlizi xüsusi yer tutur. Bu layihə bu layihədə iştirak edən bütün ölkələrə çox böyük səmərə gətirəcək. Azərbaycan öz ərazisində bu nəqliyyat dəhlizinin fəaliyyəti üçün bütün lazımi infrastruktur layihələrini həyata keçirib. Hazırda biz, sadəcə olaraq, artacaq yükləri nəzərə alaraq öz nəqliyyat imkanlarımızı və infrastrukturumuzu genişləndiririk. İstər dəniz limanı olsun, dəmir yolu olsun, avtomobil nəqliyyatı olsun - bütün bu istiqamətlər üzrə gözlənilən böyük yük həcmlərini qəbul etmək və ötürmək üçün biz böyük sərmayə qoyuluşu layihələrinə başlamışıq.

Biz bu gün, eyni zamanda, humanitar sahədə, mədəniyyət sahəsində ənənəvi dostluq əlaqələrinin davam etdirilməsi üçün konkret göstərişlər verdik. Müəyyən etdik ki, sonuncu qarşılıqlı mədəniyyət günləri səkkiz il bundan əvvəl keçirilmişdir və birgə qərar əsasında yaxın gələcəkdə qarşılıqlı mədəniyyət günləri keçiriləcək. Xalqlarımızın tarixi ortaqdır, mədəniyyətimiz də ortaqdır. Biz əsrlər boyu bir məkanda yaşamışıq, bir dövlət çərçivəsində yaşamışıq. Yəni, qohumluq əlaqələri də çox genişdir. Bu gün iki müstəqil dövlət kimi biz bölgəmizdə önəmli rol oynayırıq. Bölgə məsələlərinin bölgə ölkələri tərəfindən həll olunması da hər iki tərəfin fikridir və siyasətidir”.

Azərbaycanla İran arasında mədəni sahədə də sıx əməkdaşlıq mövcuddur. Ortaq mədəni irsə və dini bağlara malik olan Azərbaycan və İran, bu dəyərlərin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi istiqamətində əməkdaşlıq edir. Azərbaycan və İran prezidentləri arasında keçirilən görüşlər zamanı humanitar və mədəni sahədə əməkdaşlıq da əsas müzakirə mövzularından biri olmuşdur. Hər iki dövlət başçısı xalqları birləşdirən tarixi, mədəni və dini bağları nəzərə alaraq, bu sahələrdə əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini vurğulamış və müvafiq qurumlara konkret göstərişlər vermişlər.

Mədəniyyət, təhsil, elm, turizm və gənclər siyasəti sahəsində birgə tədbirlərin təşkili, qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi, ortaq irsin qorunması və tanıdılması kimi təşəbbüslər gündəmə gətirilmişdir. Bu istiqamətdə konkret layihələrin həyata keçirilməsi, həmçinin elm və təhsil mübadilələrinin gücləndirilməsi üçün praktiki addımlar atılması planlaşdırılır. Belə humanitar əməkdaşlıq, iki ölkə arasında mehriban qonşuluq münasibətlərinin və xalqlar arasında qarşılıqlı anlaşmanın dərinləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Bütün bu amillər sübut edir ki, Azərbaycan-İran münasibətləri sağlam təməl üzərində inkişaf edir və qarşılıqlı etimada, mehriban qonşuluq prinsiplərinə əsaslanır. Bu münasibətlər, təkcə iki ölkənin deyil, bütövlükdə regionun sabitliyi və rifahı üçün önəmli rol oynayır.


Nəbi Ağayev 

K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun 

PHŞ-nin Uşaq Bərpa Mərkəzinin Təsərrüfat bölmə müdiri


Sizin reklam burada
Sizin reklam burada