Nasistlər kitabları niyə yandırırdı?

Nasistlər kitabları niyə yandırırdı?
09:10
İnsan dünyaya açıq gözlə gəlir, amma kor şüurla yaşayır. O, gördüyünü həqiqət sanır, eşitdiyini doğru hesab edir, öyrəşdiyini norma kimi qəbul edir. Ən təhlükəli cəhalət də məhz budur: öyrəşilmiş cəhalət. Kitab bu rahatlıqla barışmayan nadir qüvvələrdəndir. O, insanı sakitləşdirmir narahat edir. Çünki kitabın işi təsəlli vermək yox, oyatmaqdır. “Kitab bir pəncərədir” deyəndə az deyirik. Çünki pəncərədən baxan yenə sənsən. Halbuki kitabda sən baxmırsan, sənin yerinə baxırlar. Sən bir anlıq öz gözlərini itirirsən və dünyanı başqa bir insanın gözü ilə görməyə məcbur olursan. Məhz bu məcburiyyət insanı dəyişdirir. Tarix boyu insanlar həqiqəti tək sanıb bir-birini qırıb. Platon mağarasında kölgələr həqiqət idi. Orta əsrlərdə dogmalar. Müasir dövrdə isə ideologiyalar, ekranlar və kütlə psixologiyası. Həqiqət hər dövrdə dəyişib, amma insanın iddiası dəyişməyib: “Mən bilirəm.” Kitab bu iddianı sarsıdır. Oxuyan insan anlayır ki, həqiqət baxış bucağından asılıdır. Dostoyevski bir qatili oxucuya ağladır, Kamyu absurdun içində məna axtarır, Nitsşe əxlaqın altını oyur, Şərq mütəfəkkirləri isə sukunətdə hikmət tapır. Bu ziddiyyətlər insanı çaşdırmır yetkinləşdirir. Filosof üçün kitab sualdır, cavab deyil. Çünki cavablar insanı rahatladır, suallar isə oyaq saxlayır. İnsan öz ağrısını kainatın mərkəzi sanır. Psixologiyada buna “egosantrik şüur” deyilir. Kitab bu mərkəzi partladır. Bir roman oxuyan insan birdən anlayır ki: onun yaşadığı faciə min illərdir yaşanır, qorxuları kollektiv şüurun məhsuludur, və yalnız o deyil. Bu dərk insanı həm kiçildir, həm də böyüdür. Kiçildir çünki tək olmadığını anlayır. Böyüdür çünki başqasını da öz qədər real qəbul edir. Maraqlı psixoloji fakt qeyd etmək istərdim: neyroelmi araşdırmalar göstərir ki, güclü bədii mətn oxuyan insanın beynində empatiya mərkəzləri real təcrübə zamanı aktivləşən sahələrlə eyni işləyir. Yəni oxuduğun ağrı, yaşanmış ağrı kimi beyində iz buraxır. Buna görə kitab oxuyan insan daha gec zalım olur. İslam tarixində ilk vəhy bir dua yox, bir hökm yox, “Oxu!” idi. Bu təsadüf deyil. Çünki oxumayan insan imanını da kor yaşayır. Quranda dəfələrlə “düşünmürsünüzmü?”, “ağıl etmirsinizmi?” sualları verilir. Bu sualların ünvanı savadsızlar yox, düşünməkdən qaçanlardır. Din kitabdan qorxmur, onu oxumayan zehindən qorxur. Tarixdə dini mətnləri oxumadan, başqasının şərhi ilə yaşayan cəmiyyətlər fanatizmə sürüklənib. Oxuyan insan isə bilir: iman sualdan qaçmır, sualdan güc alır. Sufi ənənəsində deyilir: “Oxuduğun kitab səni dəyişmirsə, sən onu oxumamısan.” Tarixdə kitablar niyə yandırılıb? Çünki kitab itaətkar insan yaratmır. Çində imperator Qin Shi Huang müxalif fikirləri silmək üçün kitabları yandırdı. Orta əsr Avropasında kilsə nəzarətsiz oxunuşdan qorxdu. Nasist Almaniyasında ilk yandırılan şey kitablar oldu. Çünki zalım bilir: oxuyan insan susmur. Maraqlı tarixi fakt qeyd etmək istərdim: ən böyük elmi və mədəni sıçrayışlar həmişə tərcümə hərəkatlarından sonra baş verib. Abbasilər dövründə Beytül-Hikmə, Avropada Renessans, Osmanlıda məhdud da olsa maarifçilik hamısının təməlində başqasının fikrini oxumaq dayanırdı.
Kitab Oxumayan Cəmiyyət: emosionaldır, amma məntiqsiz, inanclıdır, amma dərinliksiz, qəzəblidir, amma səbəbsiz, sədaqətlidir, amma kor. Belə cəmiyyətlərdə şayiə faktı, lider həqiqəti, səs düşüncəni əvəz edir. Kitab isə bu dövrəni qırır. Çünki kitab səsli deyil səssiz inqilabdır. Kitab həyat dərsi vermir. O, həyatı çoxaltır. Sən bir ömür yaşayırsan, kitab oxuyaraq min ömür qazanırsan. Sən bir gözlə baxırsan, kitabla min göz əldə edirsən. Və ən qorxulusu da budur: Bir dəfə başqasının gözü ilə dünyaya baxan insan, artıq heç vaxt əvvəlki qədər sadə düşünə bilmir.
Həsən Nağıyev, ekspert

Sizin reklam burada
Sizin reklam burada