Tanınmış jurnalist İradə İsaq sosial şəbəkə hesabında media sahəsində son dövrlərdə baş verən kadr təyinatlarını tənqid edib.
News365.az xəbər verir ki, Jurnalist paylaşımında bildirib ki, uzun illərini bu sahəyə həsr edib və ölkədə fəaliyyət göstərən televiziya, radio, saytlar, eləcə də keçmiş qəzetlər və jurnalistlərin böyük əksəriyyətini tanıyır.
Onun sözlərinə görə, hazırda bəzi media qurumlarına rəhbər vəzifələrə təyin olunan şəxslər jurnalistika cameəsinə yad simalardır.
İradə İsaq qeyd edib ki, bu şəxslərin adlarına əvvəllər nə yerli, nə də rusdilli mediada rast gəlinib:
“Biz işləyəndə belə adamların adı heç rusdilli mediada da yox idi. Korrektor kimi belə görməmişəm. Kimdir bu adamlar? Jurnalistikanı harada, necə öyrəniblər? Təcrübəni harada keçiblər, bilinmir”.
Jurnalist bir məclisdə həmin şəxslərə söz verildiyini, lakin onların fikirlərini ifadə etməkdə çətinlik çəkdiyini də vurğulayıb. Onun sözlərinə görə, bu şəxslər jurnalistə xas söz ehtiyatı və qələm gücünü nümayiş etdirə bilməyiblər.
Paylaşımda həmçinin komanda ruhunun və kollektiv dəyərlərin də gözlənilmədiyi qeyd olunub. Jurnalist bildirib ki, əvvəllər media kollektivləri tədbirlərə birlikdə qatılar, sona qədər iştirak edərdi, indi isə bəzi rəhbər şəxslər yarımçıq şəkildə məclisi tərk edirlər.
İradə İsaq sonda bu şəxslərin kimliyi və media sahəsinə necə gəlib çıxdıqları ilə bağlı suallar ünvanlayıb.
News365.az