Yaşanan həqiqi din deyil- Tural İrfan yazır

Yaşanan həqiqi din deyil- Tural İrfan yazır
09:47
Əsrlər boyu xurafatla, mövhumatla, cəhalət teştində yoğrulub cəmiyyətin beyninə yapılmış inanclarımızda şəxsiyyətə pərəstiş, din öndərlərini ilahiləşdirmək, alimləri bütləşdirmək qaydası sanki dinin əsli kimi qəbul edilib. Məsələn, birinə Quran bağışlayanda öpüb gözünün üstünə qoymasa ona kafir kimi baxanların özü bir ömür boyu o kitabın ağzını açıb bircə ayə oxumasa əsla özünü qınamaz. Ramiz Rövşən demişkən, quzunu kabab kimi, şairi heykəl kimi xoşlayanlar Quranı da beynində, əməlində deyil, rəfin başında, evin ikinci mərtəbəsində parçaya bükülü xoşlayır. Yalnız and içəndə yada düşən bu kitabdan demək olar ki, istifadə olunmur. Yalnız büt kimi qorunub saxlanılır. Eyni zamanda şəxsiyyətlərlə bağlı da belədir. Dilində "Ya Əli, ya Hüseyn", amma əməlinə baxırsan Müaviyyə, Yezid, Şimr kimilərin törətdiyi şər işləri kölgədə qoyur. Çünki Əlini, Hüseyni ideal, nümunə olaraq qəbul etməyib ki, onun əxlaqını, elmini, irfanını təqlid etsin. Onları büt kimi, qalxan, sipər olaraq şüar edib ki, işini aşırsın, mənafeyinə çatsın, o dünyada da ətəklərindən yapışıb özünü Cənnətə salıb kef, işrət çəksin. Əlini, Hüseyni təmənasız sevən onları təqlid edər. Onların əxlaqını, yaşamını, mənəviyyatını izləyər. Onlar qədər nail olmasa da mümkün olduğu həddə özünü onlara oxşatmağa çalışar. Amma bunu əsla görmürük. Ona görə bu zehniyyət Kəbəni də bütə çevirib. Qara Daşa əl sürtmək üçün arvad - kişi bir - birinə qarışır. Çünki adamlar Allahdan çox daşa meyllidir. İmamdan çox onun adından istifadəyə meyllidir. Mahiyyət, məna, hikmət, batin önəmli deyil onlar üçün. Zahir, görünüş, riya, reklam ön plandadır.
Namaz qılmayacaq, amma məscidin minbərindən öpəcək. Çünki Allaha yox, bütə bütləşdirməyə meyllidir. Quranı ver, öpüb gözünün üstünə qoyacaq, amma oxumayacaq. Minlərlə adam tanıyıram ki, əlli ildir evində Quran saxlayır, amma bircə dəfə açıb oxumayıb. Gedib rüşvət qismində pirə qurban kəsəcək ki, işləri alınsın, amma pirdə yatan övliyanın, seyidin elmi-irfanı, mənəvi irsi ilə əsla maraqlanmayacaq.
Hulaku Bağdada girəndə böyük məscidləri görüb Allahın evi adlandırıldığını eşidəndə deyir, Tanrıya böyük evlər tikibsiniz, ona ev lazım deyil, Onun evi sizin qəlbinizdə olmalıdır...
Bəli, adamlar Tanrını könlündən, qəlbindən, Quran təbiri ilə desək, şah damarının yaxınlığından uzaqlaşdırıb göyə çıxardılar. Gah da yerə endirib ona şahlar kimi təmtəraqlı evlər tikib adını cami, məscid qoydular.
Keçən dəfə bir ziyarətgaha getmişdim. Sosial şəbəkələrdə söyüş söyənlərin çoxunu orada gördüm. Demək ziyarətə mənəvi paklıq, günahdan arınmaq yaxud qəbirdə yatan üçün dua etməyə getmir, maddi mənafe üşün işi düşüb. Sanki bir məmurdan nəsə xahiş etməyə gedib.
Bax beləcə dini təhrif etdilər. Artıq camaatın beynində Həzrət Muhəmmədin gətirdiyi din yoxdur. Özlərinin din adı ilə uydurub inandıqları "din" var. Həmin dində də Quran oxumaq, elm öyrənmək, əxlaqlı olmaq önəmli deyil. Aşurada sinənə vur, yasda salavat çək, maşını işə salanda şüşədən asılıb sallanan şəkilə baxıb "Allah, Məhəmməd ya Əli" de, haçan da işin dolaşsa Zəncir pirinə gedib divara qənd yapışdır, bu da olsun din. Başqa da nə istəyirsən et.
Camaat Həzrət Muhəmmədin gətirdiyi dinə yox, Şeyx Nəsrullahın uydurduğu dinə inanır. Məsələn, inanır ki, İmam Mehdi gələndə ölüləri dirildib bir qrup adama hətta cəza verəcək. Necə ki, Mirzə Cəlil bu "rəcət" olayını öz əsərində obrazlı şəkildə təqdim edib.
Ağır və ağrılıdır ki, inancların çoxunun savadsız zümrədən olması əsl dinin həqiqi mahiyyətini aradan aparır. Yaşanan həqiqi din deyil, o dinin donunda uydurulan dindir.
Tural İrfan, dinşünas

Sizin reklam burada
Sizin reklam burada