Milli Məclisin plenar iclasında çıxış edən vitse-spiker Əli Əhmədov Avropa Parlamentinin Azərbaycan əleyhinə qəbul etdiyi qətnaməyə etirazını bildirdi.
News365.az-ın məlumatına görə Ə.Əhmədov qeyd etdi ki, Aİ uzun illərdir Azərbaycana qarşı qərəzli mövqeyi ilə Azərbaycanı tənqid etmək hüququnu itirib: “30 il ərzində Azərbaycanın işğal altındakı torpaqları ilə bağlı ədalətli mövqeyini dəstəkləmək əvəzinə, susqunluq nümayiş etdirən, məcburi köçkünlərimizin yaşadığı humanitar böhrana göz yuman bu qurumun Azərbaycana qarşı iddialar səsləndirməyə mənəvi haqqı yoxdur. Təəssüflə qeyd etmək lazımdır ki, indinin özündə də Avropa Parlamenti Cənubi Qafqazda sülhün bərqərar olmasına mane olmaq, Azərbaycanla Ermənistan arasında normallaşma prosesini pozmaq və əməkdaşlığa əngəl törətmək istəyir. Bu yanaşma Avropa Parlamentinin anti-Azərbaycan meyllərinin formalarından biridir”.
Ə.Əhmədov Avropa Parlamentini suveren dövlətlərin daxili işlərinə müdaxilə etmək istədiklərini də söylədi: “Heç bir dövlət, o cümlədən Azərbaycan, öz suveren hüquqlarını kiməsə, xüsusilə də Avropa Parlamentinə güzəştə getməməlidir. Təəssüf ki, Avropa Parlamenti bəzi beynəlxalq qruplarla birgə, müxtəlif ölkələrin daxili işlərinə qarışmaqla yanaşı, həmin ölkələrdə məqsədyönlü şəkildə təxribatlar, zorakı çevrilişlər və qeyri-sabitlik yaratmağa yönəlmiş cəhdlər göstərir. Təbii ki, heç bir dövlət buna imkan verməz və Azərbaycan da istisna deyil”.