Bu pəhriz qaraciyərdəki yağı azaldır - elmi sübut

Bu pəhriz qaraciyərdəki yağı azaldır - elmi sübut
13:56

Qaraciyər sağlamlığı ilə bağlı aparılan yeni elmi araşdırma qidalanmanın bu orqan üzərində nə qədər böyük təsirə malik olduğunu bir daha göstərib.

News365.az xəbər verir ki, İsveçli alimlərin son tədqiqatı sübut edir ki, düzgün seçilmiş pəhriz təkcə qan şəkərini tarazlamır, eyni zamanda qaraciyərdə toplanan artıq yağın azalmasına da ciddi töhfə verir.

Uppsala Universitetinin tədqiqatçıları tərəfindən aparılan araşdırmanın nəticələri nüfuzlu “Nature Communications” jurnalında dərc olunub. Araşdırmada tip 2 diabet və ya prediabet diaqnozu olan 150 nəfər iştirak edib. İştirakçılar fərqli qidalanma proqramları üzrə üç qrupa ayrılıb və nəticələr müqayisə edilib.

Müşahidələr göstərib ki, ən müsbət dəyişikliklər skandinaviya (nordik) pəhrizinə əməl edən qrupda qeydə alınıb. Bu qidalanma modeli tam taxıllar, müxtəlif tərəvəzlər, giləmeyvələr, balıq məhsulları və kolza yağına üstünlük verir, doymuş yağların qəbulunu isə minimuma endirir.

Bir il ərzində həmin pəhrizə riayət edən iştirakçıların qaraciyərində yağlanma 20 faizdən çox azalıb. Bununla yanaşı, qan şəkəri göstəricilərində də nəzərəçarpacaq yaxşılaşma müşahidə olunub. Araşdırmaya cəlb olunanların yarıdan çoxunda isə alkoqolsuz qaraciyər piylənməsi əlamətləri tamamilə aradan qalxıb.

Alimlər vurğulayırlar ki, əldə edilən nəticələri yalnız çəki itkisi ilə izah etmək düzgün olmaz. Aparılan analizlər göstərir ki, müsbət təsirin təxminən yarısı məhz qidalanmanın keyfiyyətinin yüksəlməsi ilə əlaqədardır və bu, pəhrizin qaraciyər sağlamlığında mühüm rol oynadığını sübut edir.

News365.az 


Sizin reklam burada
Sizin reklam burada