Mütəxəssislərin fikrincə, kombinin partlaması çox nadir hallarda baş verən hadisədir. Lakin cihazın texniki baxışdan kənarda qalması və istismar qaydalarına əməl edilməməsi təhlükəni artıra bilər. Risk əsasən qaz sızmasının vaxtında müəyyən edilmədiyi, kombinin yerləşdiyi məkanda havalandırmanın zəif olduğu və sistemdə təzyiqin normanı aşdığı hallarda yaranır. Qazın qapalı məkanda toplanması, yanma prosesinin pozulması və təzyiqin nəzarətsiz yüksəlməsi ciddi nasazlıqlara səbəb ola bilər.
Mütəxəssislər bildirir ki, bu cür halların qarşısını almaq üçün kombiyə mütəmadi qulluq vacibdir. Cihazın ildə ən azı bir dəfə ixtisaslı usta tərəfindən yoxlanılması, qaz qoxusu hiss edilən kimi kombinin söndürülməsi və qaz xəttinin bağlanması təhlükəsizlik baxımından əsas şərtlərdir. Eyni zamanda, kombinin quraşdırıldığı otaqda daimi hava axınının təmin edilməsi və təzyiq göstəricilərinin mütəmadi nəzarətdə saxlanılması tövsiyə olunur.
Qeyd olunur ki, yeni nəsil kombilər çoxsaylı qoruyucu mexanizmlərlə təchiz edilib. Buna görə də, cihazdan düzgün istifadə olunduğu və texniki qaydalara əməl edildiyi təqdirdə partlama riski demək olar ki, aradan qalxır.
News365.az