Uşaqlı analara ŞAD XƏBƏR: Qısa iş saatı tətbiq oluna bilər...

Uşaqlı analara ŞAD XƏBƏR: Qısa iş saatı tətbiq oluna bilər...
13:12

Uşaqlı qadınlar üçün qısa iş saatının tətbiqi dünya təcrübəsində mövcuddur və bu mexanizm bir sıra ölkələrdə uğurla həyata keçirilir. Maraqlıdır, ölkəmizdə uşaqlı qadınlar üçün qısa iş saatı tətbiq edilə bilərmi?


Mövzu ilə bağlı beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssis Asif İbrahimov bildirib ki, xüsusilə Skandinaviya ölkələri, Fransa və bəzi digər Avropa dövlətlərində analar üçün 6 saatlıq iş qrafiki tətbiq olunur.

Onun sözlərinə görə, bəzi modellərdə isə qadınların tam maaş alması üçün işləmədiyi iki saat dövlət tərəfindən subsidiyalaşdırılır. Bu yanaşmanın əsas məqsədi əmək bazarında işçi axınının qarşısını almaq və demoqrafik vəziyyəti yaxşılaşdırmaqdır

“Asiya və Avropa ölkələrinin bir çoxunda ciddi demoqrafik problemlər mövcuddur. Bir sıra dövlətlərdə doğulanların sayı ölənlərin sayından azdır. Bu səbəbdən dövlətlər qadınların ailə və karyera arasında seçim etmək məcburiyyətində qalmaması üçün stimullaşdırıcı mexanizmlər tətbiq edirlər. Məqsəd qadınların həm işləməsinə, həm də uşaq dünyaya gətirməsinə şərait yaratmaqdır”, – deyə ekspert vurğulayıb.

Asif İbrahimov qeyd edib ki, hazırda Azərbaycan qanunvericiliyində analıq məzuniyyəti və uşağın 3 yaşına qədər ödənişsiz məzuniyyət nəzərdə tutulur. Lakin bu mexanizm sosial ədalət prinsiplərinə tam cavab vermir:

“Ödənişsiz məzuniyyət qadını faktiki olaraq əmək bazarından kənarlaşdırır. Sosial ədaləti təmin etmək üçün dünyada tətbiq olunan müasir təcrübələr ölkəmizdə də nəzərdən keçirilməlidir”.

Ekspertin sözlərinə görə, Azərbaycanda da demoqrafik vəziyyət narahatlıq doğurur. Belə ki, son 50 ildə doğum göstəriciləri ən aşağı səviyyəyə düşüb:

“Bu, artıq həyəcan siqnalıdır. Qanunvericilikdə uşaqlı qadınlar üçün qısa iş saatı və dövlət dəstəyi mexanizmlərinin tətbiqi daha məqsədəuyğun olardı”, – deyə Asif İbrahimov əlavə edib.///KONKRET


Sizin reklam burada
Sizin reklam burada