2025-ci ilin 11-13 aprel tarixlərində qardaş
Türkiyədə IV Antalya Diplomatik Forumu keçirildi. Türkiyə Respublikasının
Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə forumda Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyev də iştirak etdi və çox mühüm görüşlər keçirdi.
Forumda
qlobal parçalanmaların artdığı bir dövrdə diplomatiyanın sabitləşdirici güc
kimi yenidən təsdiqlənməsinə olan təcili ehtiyac, böyüyən geosiyasi çatlar, dərinləşən
qlobal bərabərsizliklər, mülki şəxsləri hədəf alan zorakılıq hallarının
artması, fərqli baxışlara qarşı dözümsüzlük, texnoloji inkişafın yaratdığı qeyri-müəyyənliklər
və iqlim böhranının çoxşaxəli təsirləri, bu halların ortaq ədalət duyğusunu
sarsıtması və beynəlxalq qurumlara olan etimadın zəifləməsi kimi məsələlər ətrafında
fikir mübadiləsi aparıldı. Antalya Diplomatiya Forumu belə mürəkkəb çağırışların
və çoxsaylı böhranların səciyyələndirdiyi və artmaqda olan qeyri-sabitlik və
qeyri-müəyyənlik dövründə çoxtərəfli nizamın sistemli problemlərini dəyərləndirməyi
və sürətlə dəyişən beynəlxalq mühitdə diplomatiyanın əhəmiyyətini müzakirə etməyi
hədəfləyirdi.
Forum diplomatiyanın inkişaf trayektoriyasını
necə dəyişə biləcəyini və parçalanmış bir dünyada birlikdə hərəkət etmək üçün
ortaq zəminin necə yaradılacağını araşdırmaq məqsədilə qlobal liderləri, siyasətçiləri,
akademikləri, iş dünyası ekspertlərini, media və vətəndaş cəmiyyəti nümayəndələrini
uğurla bir araya gətirməyi bacardı.
Tədbirdə diplomatiyanın daha əhatəli, çevik və
dayanıqlı hala necə gətirilə biləcəyini araşdırmaq üçün ənənəvi diplomatik səyləri
dəstəkləyən qeyri-hökumət iştirakçılarının rolu da müzakirə olundu.
Qeyd
edək ki, qlobal çağırışlarla bağlı müzakirələrin aparılması, onların həlli
yollarının tapılması kimi məsələlərdə dünyanın aparıcı platformalarından biri
olan Antalya Diplomatiya Forumunda 20-dən çox dövlət və hökumət başçısı, 70-dən
artıq nazir olmaqla ümumilikdə 140 ölkədən 450-dək yüksəksəviyyəli nümayəndə
iştirak etmişdir.
Forum
çərçivəsində müxtəlif formatlarda keçirilmiş 50-dən artıq tədbirdə Yaxın Şərqdən
Asiya və Sakit okean hövzəsinə, Afrikadan Latın Amerikasına qədər geniş
coğrafiyada qlobal çağırış və təhdidlərlə yanaşı, iqlim dəyişikliyi, ərzaq təhlükəsizliyi,
rəqəmsallaşma, süni intellekt kimi dünya gündəmində mühüm yer tutan məsələlər ətrafında
müzakirələr aparıldı.
Prezident
İlham Əliyevin həyata keçirdiyi uzaqgörən, praqmatik və ardıcıl siyasət nəticəsində
Azərbaycan son illərdə regionda və dünyada mühüm siyasi, iqtisadi və humanitar
mərkəzlərdən birinə çevrilib. 2020-ci ildə Vətən müharibəsində qazanılan tarixi
Qələbə ölkəmizin suverenliyini və ərazi bütövlüyünü bərpa etməklə yanaşı, Azərbaycanın
beynəlxalq aləmdəki mövqeyini daha da gücləndirib, onu etibarlı tərəfdaş və
qlobal proseslərə təsir göstərən dövlət kimi tanıdıb. Bu gün Azərbaycan dünya
birliyində sabitlik, inkişaf və əməkdaşlıq simvolu kimi çıxış edir. Ölkəmizlə əməkdaşlıq
etmək istəyən dövlətlərin və beynəlxalq təşkilatların sayı durmadan artır.
Xarici siyasətdə balanslaşdırılmış yanaşma, qarşılıqlı hörmətə və faydaya əsaslanan
münasibətlər Azərbaycanın beynəlxalq nüfuzunun artmasına şərait yaradıb. Dövlətimizin
başçısının beynəlxalq və regional tədbirlərdə iştirakı, habelə Azərbaycanın ev
sahibliyi etdiyi yüksək səviyyəli Zirvə görüşləri ölkəmizə olan marağın və
etimadın bariz göstəricisidir.
Son
bir neçə ildə Prezident İlham Əliyevin Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət
Görüşündə, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin
(AQEM) 6-cı Zirvə Görüşündə, Şanxay Əməkdaşlıq Təşkilatının sammitlərində, Ərəb
Dövlətləri Liqasının 31-ci Sammitində, SPECA – Mərkəzi Asiya Ölkələrinin
İqtisadiyyatları üçün Xüsusi BMT Proqramının Zirvə Görüşündə, Davos Dünya İqtisadi
Forumunda iştirakı ölkəmizə marağın əyani təcəssümüdür.
Forum
müxtəlif ölkələrdən nüfuzlu siyasətçiləri, dövlət və hökumət başçılarını,
xarici işlər nazirlərini bir araya gətirərək, son illər ərzində region üçün əhəmiyyət
kəsb edən ən önəmli məsələlərin və çağırışların müzakirəsi baxımından çox vacib
beynəlxalq platformaya çevrilib.
Azərbaycan
və Türkiyə arasında əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş
“Bir millət, iki dövlət” prinsipinə əsaslanan münasibətlər bu gün hər iki ölkənin
rəhbərlərinin siyasi iradəsi və şəxsi dostluqları sayəsində ən yüksək zirvəyə
çatıb. Bu münasibətlər təkcə iki qardaş ölkə arasında deyil, həm də regionun təhlükəsizliyi
və inkişafı baxımından strateji əhəmiyyət daşıyır. Prezident İlham Əliyevlə
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında formalaşmış qarşılıqlı etimada
əsaslanan əməkdaşlıq bu birliyin davamlılığını və gücünü təmin edən əsas amillərdəndir.
Türkiyə-Azərbaycan
münasibətlərinin unikal xarakteri və bu əlaqələrin sabitliyi regional
inteqrasiya və ortaq inkişaf baxımından nümunəvi model kimi çıxış edir. Heç
şübhəsiz, Prezident İlham Əliyevin Antalyaya işgüzar səfəri və Antalya
Diplomatik Forumunda iştirakı təkcə iki ölkə arasında strateji münasibətlərin
daha da möhkəmləndirilməsi baxımından deyil, həm də Azərbaycanın beynəlxalq
mövqelərinin güclənməsi və sülh təşəbbüslərinin irəlilədilməsi baxımından mühüm
hadisə olacaqdır.
Antalyada
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının
Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə keçirdiyi görüşdə Azərbaycanla Türkiyə
arasında qardaşlıq və müttəfiqlik münasibətlərinin bütün sahələrdə uğurla
inkişafından məmnunluq ifadə olunub, əlaqələrimizin perspektivləri müzakirə
edilib. Dövlətimizin başçısı Antalya Diplomatiya Forumuna dəvətə görə Türkiyə
Prezidentinə təşəkkürünü bildirərək, bu tədbirin beynəlxalq gündəlikdə duran
vacib məsələlərin müzakirəsi üçün dünyanın aparıcı platformalarından biri
olduğunu deyib. Bununla yanaşı, dövlət başçıları ikitərəfli münasibətlər, Cənubi
Qafqaz və Yaxın Şərq bölgələrində vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.
Azərbaycanın
artan beynəlxalq nüfuzu, onun iqtisadi, enerji və nəqliyyat sahələrində həyata
keçirdiyi irimiqyaslı layihələrlə də sıx bağlıdır. Ölkəmiz bu gün regionun
enerji xəritəsini müəyyən edən aparıcı aktorlardan biri kimi çıxış edir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan və dünya enerji təhlükəsizliyinə
mühüm töhfə verən Cənub Qaz Dəhlizi layihəsi Avropanın enerji mənbələrinin şaxələndirilməsi
baxımından strateji əhəmiyyət kəsb edir. Üç min beş yüz kilometrdən çox
uzunluğu olan bu layihə Azərbaycanın zəngin enerji resurslarını Gürcüstan,
Türkiyə və Cənubi Avropa ölkələri vasitəsilə beynəlxalq bazarlara çatdırmaqla
qlobal enerji əməkdaşlığının mühüm komponentinə çevrilib.
Bununla
yanaşı, ölkəmiz nəqliyyat və logistika sahəsində də mühüm təşəbbüslərlə çıxış
edir. Bakı–Tbilisi–Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və
görülən digər işlər Azərbaycanın regionun əsas nəqliyyat qovşağına çevrilməsini
təmin edir. Bu layihələr təkcə regional deyil, həm də Asiya ilə Avropa arasında
strateji əlaqələrin möhkəmlənməsində mühüm rol oynayır.
Azərbaycanın
uğurlu diplomatiyasının nəticəsi olaraq ölkəmiz beynəlxalq əməkdaşlıq
platformalarında da fəal iştirak edir. COP29 kimi mötəbər beynəlxalq tədbirin
2024-cü ildə Azərbaycanda keçirilməsi ölkəmizin qlobal ekoloji gündəmdəki mühüm
rolunu və iqlim dəyişikliyi ilə mübarizəyə verdiyi töhfələri bir daha təsdiqləyir.
Bu tədbir vasitəsilə Azərbaycan bəşəriyyətin qarşısında dayanan ən aktual
problemlərin həllində təşəbbüskar və məsuliyyətli tərəfdaş olduğunu nümayiş
etdirib.
Bundan
əlavə, Azərbaycanın BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər
beynəlxalq qurumlarla sıx əməkdaşlıq şəraitində həyata keçirdiyi humanitar və
inkişaf layihələri də ölkəmizin dünyada sabitlik, humanizm və dialoq mədəniyyətinin
təşviqinə verdiyi əhəmiyyətli töhfələrin göstəricisidir. Xüsusilə, Prezident
İlham Əliyevin Qoşulmama Hərəkatına sədrliyi dövründə inkişaf etməkdə olan ölkələrin
maraqlarını müdafiə etməsi, qlobal ədalətin bərpasına yönəlmiş addımlar atması
beynəlxalq ictimaiyyət tərəfindən yüksək dəyərləndirilib.
Bütün
bu fəaliyyətlər fonunda Prezident İlham Əliyevin Antalya Diplomatik Forumunda
iştirakı Azərbaycanın dünya siyasətində mühüm söz sahibi olan dövlətə
çevrildiyini bir daha nümayiş etdirir. Azərbaycan bu gün yalnız enerji və nəqliyyat
sahələrində deyil, həm də sülh, əməkdaşlıq və dayanıqlı inkişaf naminə beynəlxalq
birlikdə fəal mövqe tutaraq, regionun və dünyanın gələcəyinə töhfə verir.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin Antalyada Şimali Kipr Türk Cümhuriyyətinin
Prezidenti Ersin Tatar ilə görüşü zamanı Prezident İlham Əliyevlə Ersin Tatar
arasında ölkəmizdə və beynəlxalq tədbirlər çərçivəsində keçirilən görüşlər, həmçinin
ötən il onun Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi
Zirvə toplantısında iştirakı məmnunluqla xatırlandı. Prezident İlham Əliyev
Şimali Kipr Türk Cümhuriyyətinin Türk Dövlətləri Təşkilatına müşahidəçi qismində
qatılmasını qeyd etdi. Ersin Tatar dövlətimizin başçısına Şimali Kipr Türk
Cümhuriyyətinə göstərdiyi həmrəyliyə və dəstəyə, həmçinin bir neçə gün əvvəl
ADA Universitetində keçirilən beynəlxalq forumda dediyi sözlərə görə minnətdarlığını
ifadə etdi. Qeyd edək ki, hazırda Şimali Kipr Türk Cümhuriyyətinə dəstək müstəsna
əhəmiyyət kəsb edir.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin Antalyada Suriya Ərəb Respublikasının
keçid dövrü Prezidenti Əhməd Əl Şaraa ilə görüşü regionda baş verən dəyişikliklər
fonunda çox önəmlidir. Prezident İlham Əliyev Suriyada baş vermiş dəyişikliklərlə
əlaqədar məmnunluğunu bildirərək, bununla bağlı Əhməd Əl Şaraanı təbrik etdi.
Dövlətimizin
başçısı dedi ki, dəyişikliklərdən sonra Azərbaycan nümayəndə heyəti ən qısa
müddət ərzində bu ölkəyə göndərilib və Əsəd rejiminin siyasəti səbəbindən uzun
zaman fəaliyyət göstərməyən Azərbaycanın Suriyadakı səfirliyi fəaliyyətini bərpa
edib.
Prezident
İlham Əliyev Suriyada sabitliyin möhkəmləndirilməsi üçün zəruri olan bərpa
prosesində Azərbaycanın iştirak etməyə hazır olduğunu qeyd etdi. Əhməd Əl Şaraa
Azərbaycan tərəfinin dəstəyinə görə dövlətimizin başçısına minnətdarlığını
bildirdi. O, gələcəkdə energetika, infrastruktur, təhlükəsizlik sahələrində Azərbaycanın
Suriyaya dəstək göstərməsinin önəmini qeyd etdi.
Suriyada
sabitliyin bərpası üçün əlindən gələni etdiyini deyən Əhməd Əl Şaraa bununla
belə xarici amillərin bu məsələyə təsirindən narahatlığını vurğuladı. Görüşdə,
eyni zamanda, Azərbaycan-Suriya-Türkiyə üçtərəfli əməkdaşlıq formatının
inkişafı məsələsinə toxunuldu. Qeyd etmək lazımdır ki, ölkələrimiz arasında
yüksəksəviyyəli rəsmi nümayəndə heyətlərinin və biznes dairələrinin təmsilçilərinin
qarşılıqlı səfərlərinin həyata keçirilməsi ilə bağlı razılıq əldə olundu. Dövlətimizin
başçısı Əhməd Əl Şaraanı ölkəmizə səfərə dəvət etdi. Dəvət minnətdarlıqla qəbul
olundu.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev Antalyada Gürcüstanın Baş naziri İrakli
Kobaxidze ilə keçirdiyi görüşdə Azərbaycanla Gürcüstan arasında dostluğun və
strateji tərəfdaşlığın tarixi xarakter daşıdığı qeyd olundu.
Bu
ilin yanvarında Azərbaycana işgüzar səfərini və səfər çərçivəsində Prezident
İlham Əliyevlə görüşlərini məmnunluqla xatırlayan Gürcüstanın Baş naziri həmin
görüşlərdə ölkələrimiz arasında iqtisadi-ticari, mədəni və digər sahələrdə əməkdaşlığın
genişləndirilməsinə, bununla bağlı aidiyyəti dövlət qurumlarına verilən
tapşırıqların icrası istiqamətində görülən işlərə toxundu.
İrakli
Kobaxidze Prezident İlham Əliyevin bir neçə gün əvvəl ADA Universitetində beynəlxalq
forumda çıxışı zamanı ikitərəfli əlaqələrimizə dair söylədiyi fikirlərin
Gürcüstanda çox böyük maraqla qarşılandığını bildirdi. Dövlətimizin başçısı
hazırda dünyada cərəyan edən təlatümlü şəraitdə Azərbaycan və Gürcüstanın
birliyinin, həmrəyliyinin vacibliyinə toxunaraq Cənubi Qafqaz bölgəsində
regional məsələlərin məhz region ölkələri tərəfindən həll olunmasının
vacibliyini qeyd etdi.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin Antalyada Sudan Respublikasının
Suveren Keçid Şurasının Sədri Abdel Fattah Al-Burhan Abdelrahman Al-Burhan ilə
görüşü olub. Sudan Respublikasının Suveren Keçid Şurasının Sədri ölkələrimiz
arasında tarixi əlaqələrin olduğunu qeyd etdi. O, Azərbaycanın həm öz
regionunda, həm də dünyada böyük nüfuza malik vacib ölkə olduğunu vurğuladı. Abdel
Fattah Al-Burhan Abdelrahman Al-Burhan Sudanın Azərbaycanla müxtəlif sahələrdə əlaqələrin
inkişafına mühüm əhəmiyyət verdiyini dedi və ölkələrimiz arasında mədən sənayesi,
neft, energetika, infrastruktur, investisiyalar və digər istiqamətlərdə əməkdaşlıq
üçün yaxşı imkanların olduğunu qeyd etdi. Söhbət zamanı təhsil və təlim sahələrində
də əməkdaşlıq məsələləri müzakirə edildi.
Prezident
İlham Əliyev 2019-cu ildə Abdel Fattah Al-Burhan Abdelrahman Al-Burhanın
Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının 18-ci Zirvə
görüşündə iştirakını və səfər əsnasında aparılmış müzakirələri məmnunluqla
xatırladı. Bundan sonra Azərbaycanla Sudan arasında əlaqələrin yüksələn xətt
üzrə inkişaf etdiyi vurğulandı. Görüşdə iki ölkə arasında münasibətlərin genişləndirilməsi
üçün iqtisadi təyinatlı nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin təşkil
edilməsi məsələlərinə dair fikir mübadiləsi aparıldı, Qoşulmama Hərəkatı və digər
beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq qeyd olundu.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin Antalyada Avropa Şurasının Baş katibi
Alen Berse ilə görüşü zamanı Alen Bersenin COP29 çərçivəsində ölkəmizə səfəri və
onun Azərbaycan Prezidenti ilə görüşü məmnunluqla xatırlandı. COP29 zamanı
qlobal iqlim gündəliyi ilə bağlı vacib qərarların qəbul olunduğu bir daha
vurğulandı. Görüşdə Azərbaycan ilə Avropa Şurasının icraedici strukturları
arasında əlaqələrin perspektivlərinə dair fikir mübadiləsi aparıldı.
Qeyd
edək ki, Azərbaycan ərazi bütövlüyünü Avropa Şurasının Parlament
Assambleyasında ikili standartlar, selektiv yanaşma və qərəzli mövqelərin sayı
çoxalmağa başladı. Antalya Diplomatik Forumunun getdiyi günlərdə Avropa Şurası
Parlament Assambleyasının (AŞPA) prezidenti Teodoros Russopulosun “Alpha News”
telekanalına müsahibəsində Azərbaycana qarşı səsləndirdiyi ittihamlar həqiqətdən
uzaq, reallıqları təhrif edən və qəbuledilməzdir. Məlumdur
ki, Azərbaycanın AŞPA-nın Avropa Şurasının Nizamnaməsini pozması və səlahiyyətlərindən
sui-istifadəsi ilə bağlı ona qarşı atdığı addımlardan sonra da dialoqa hazır
olduğunu nümayiş etdirməsinə baxmayaraq, Russopulos, Şvabe və başqaları ardıcıl
olaraq Azərbaycanın beynəlxalq hüquqa əsaslanan ədalətli mövqeyini sarsıtmağa cəhd
ediblər. Bu illər ərzində AŞPA ikili standartlar əsasında həyata keçirdiyi antiazərbaycan
siyasəti ilə Azərbaycan xalqının haqlı neqativ reaksiyasını qazanıb. Assambleyadakı
hazırkı isterik vəziyyət və onun başında duran diktator Russopulos AŞPA-dakı
acınacaqlı vəziyyətin təzahürüdür. Eyni vəziyyət Avropa Parlamentində də var. Avropa
İnsan Hüquqları Məhkəməsinin qərarları ilə bağlı mövqeyimizə gəlincə, Bakının
bu hakimlərin seçimində iştirak etmədiyini nəzərə alaraq, Azərbaycandan qərarlarının
icrasını tələb etmək absurddur. Belə olan halda məhkəmə qərarlarının icrası
mümkün deyil.
Qeyd
edək ki, Teodoros Russopulos Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin səlahiyyətlərinin
dayandırılması ilə bağlı ədalətsiz və hüquqi baxımdan şübhəli təşəbbüsü dəstəkləyən
76 AŞPA üzvü kimi Azərbaycanın qara siyahısına salınıb. Russopulos Azərbaycana
daxil olmağa cəhd etsə, onun ölkəyə girişinə icazə verilməyəcək.
IV
Antalya Diplomatiya Forumunda böyük maraq doğuran hadisə kimi Azərbaycanın
xarici işlər naziri Ceyhun Bayramovla Ermənistanın xarici işlər naziri Ararat
Mirzoyan arasında görüş və müzakirələr olmuşdur. Tərəflər Azərbaycan və Ermənistan
arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında sazişdən
sonra normallaşma prosesinin hazırkı vəziyyətini müzakirə ediblər. Nazirlər
dialoqu davam etdirməyə hazır olduqlarını bildiriblər.
Antalya
Diplomatik Forumu çərçivəsində “Cənubi Qafqazda regional əməkdaşlıq üçün
çağırışlar və imkanlar” mövzusunda panel müzakirəsi keçirilmiş, müzakirələrdə
Azərbaycan, Gürcüstan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov,
Maka Boçorişvili və Ararat Mirzoyan iştirak etmişdir.
Müzakirə
çərçivəsində cənab nazir ölkəmizin mövqeyini bird aha geniş auditoriyanın diqqətinə
çatdırmışdır: iki əsas maneənin – ATƏT-in Minsk qrupunun ləğvi və Ermənistan
Konstitusiyasına dəyişikliklərin aradan qaldırılması sülh sazişinin imzalanması
üçün real imkanlar açır.
Bu zəruri
addımlardan sonra iki ölkə arasında sülh və dövlətlərarası münasibətlərin
qurulması haqqında sazişin yekunlaşdırılması və imzalanması yolunda əlavə maneələr
olmayacaq.
Azərbaycanın
xarici işlər naziri Ceyhun Bayramov Ermənistandan fərqli olaraq Azərbaycanın
Konstitusiyasında Ermənistana qarşı heç bir ərazi iddiası olmadığını bildirməklə
Ermənistanın bu sahədə olan manipulyasiyalarına da tutarlı cavab verdi: “Əgər
belə bir fakt olsaydı, erməni tərəfi sözsüz ki, bu məsələni qaldırardı”.
Azərbaycan
30 illik erməni işğalına son qoymaqla iki ölkə arasında münasibətlərin
normallaşmasına, Cənubi Qafqazda sülhün bərqərar olmasına imkan yaratdı. Azərbaycanın
xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin “Anadolu” agentliyinə müsahibəsində
xatırlatdı ki, rəsmi Bakı İrəvana 2021-ci ildə düşmənçilik səhifəsini bağlamağı
təklif edib və bu çağırış təxminən bir il cavabsız qalıb: "2022-ci ilin
ilk aylarında Ermənistana sülh sazişinin 5 əsas bəndi təqdim olunub, həmin ilin
oktyabrında isə iki ölkə arasında müzakirələr başlayıb. Sülh sazişinin ilk
layihəsi də Azərbaycan tərəfi tərəfindən hazırlanıb, ikisi də son olaraq Ermənistan
tərəfi tərəfindən təqdim olunub. Bir ay əvvəl müzakirələr başa çatdı və
danışıqlar zamanı bu məsələlərlə bağlı Ermənistana və digər maraqlı ölkələrə məlumat
verdik. Nazir qeyd edib ki, Azərbaycanın digər şərti 1990-cı illərdə Qarabağ
münaqişəsinin həlli üçün yaradılmış ATƏT-in Minsk Qrupunun ləğvi ilə bağlıdır:
"ATƏT-in Minsk Qrupu 30 il ərzində heç bir nəticə əldə etməyib. Artıq
Qarabağ məsələsi həll olunub və bu ərazilər Azərbaycanın tərkib hissəsidir. Ermənistan
da bunu etiraf edib. Belə bir şəraitdə biz Ermənistanın Minsk qrupunun fəaliyyətini
daim gündəmə gətirmək üçün səylərini davam etdiririk. Minsk qrupunun
buraxılmasını israrla tələb edirik”.
Beləliklə,
Azərbaycanın beynəlxalq nüfuzunun davamlı artmasının növbəti təsdiqi kimi,
Prezident İlham Əliyev aprelin 11-13-də Türkiyənin Antalya şəhərində keçirilmiş
IV Antalya Diplomatiya Forumunda iştirakı böyük maraq doğurdu. Forumda
“Parçalanmış dünyada diplomatiyanı bərpa etmək” mövzusu ətrafında qlobal
çağırışların müzakirəsi keçirildi.
Forum
müxtəlif ölkələrdən nüfuzlu siyasətçiləri, dövlət və hökumət başçılarını,
xarici işlər nazirlərini bir araya gətirərək, son illər ərzində region üçün əhəmiyyət
kəsb edən ən önəmli məsələlərin və çağırışların müzakirəsi baxımından çox vacib
beynəlxalq platformaya çevrilib.
Qeyd
etmək lazımdır ki, bu il Azərbaycan Prezidenti ilk dəfə olaraq Antalya
Diplomatiya Forumuna qatılırdı. Belə nüfuzlu bir tədbirin qardaş Türkiyədə
keçirilməsi, təbii ki, xüsusilə qürurvericidir. Antalya Forumu artıq qısa müddətdə
Münhen Təhlükəsizlik Konfransı, Davos İqtisadi Forumu kimi beynəlxalq
platformalarla eyni sırada yer almağa başlayıb. Bu Türkiyənin artan siyasi,
iqtisadi və hərbi gücünün göstəricisidir. Azərbaycanla Türkiyəni yalnız
qardaşlıq bağları deyil, həm də strateji müttəfiqlik birləşdirir. Bu birlik
regionda sülhə və sabitliyə xidmət edir. Antalya Diplomatiya Forumu çərçivəsində
baş tutan görüşlər isə bu əməkdaşlığı daha da dərinləşdirir və möhkəmləndirir.
Antalyada
keçirilmiş görüşlər Azərbaycan-Türkiyə münasibətlərinin hazırkı vəziyyətinə və
inkişaf perspektivlərinə dair əhəmiyyətli fikir mübadiləsi üçün geniş imkanlar
yaratdı. Bu səfər, həmçinin ikitərəfli əməkdaşlığın siyasi, iqtisadi, enerji, nəqliyyat,
müdafiə və digər sahələrdə daha da dərinləşdirilməsi baxımından mühüm addım
olacaq. Bununla yanaşı, Azərbaycan və Türkiyə bu gün regional təhlükəsizliyin təminatçıları,
sülh və əməkdaşlığın təşəbbüskarları kimi çıxış edirlər. Onların regiondakı fəallığı,
Cənubi Qafqazdan Mərkəzi Asiyaya, Qara dənizdən Aralıq dənizinə qədər geniş
coğrafiyada sabitliyin qorunmasına verdikləri töhfə beynəlxalq aləmdə yüksək
qiymətləndirilir.
Prezident
İlham Əliyevin bu forumda iştirakı bir daha göstərir ki, Azərbaycan yalnız
regionda deyil, həm də qlobal miqyasda etibarlı tərəfdaş və təşəbbüskar dövlət
kimi qəbul edilir. Dövlətimizin başçısının beynəlxalq münasibətlər sahəsində zəngin
təcrübəsi, strateji baxışları və praqmatik yanaşmaları onu beynəlxalq
platformalarda böyük maraqla qarşılanan Liderə çevirib. Prezident İlham
Əliyevin iştirakı ilə keçirilən forumlar və zirvə görüşləri təkcə diplomatik
formatda deyil, həm də məzmun və nəticələr baxımından yeni keyfiyyət mərhələsinə
yüksəlir.
Sosial Tədqiqatlar Mərkəzinin sektor
müdiri,
politoloq İlyas Hüseynov