Azərbaycan ordusunda andiçmə mərasimləri keçirilib

Azərbaycan ordusunda andiçmə mərasimləri keçirilib
16:39

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2026-cı ilin hazırlıq planına müvafiq olaraq mayın 10-da Azərbaycan ordusunda gənc əsgərlərin andiçmə mərasimləri keçirilib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hərbi orkestrlərin müşayiəti ilə döyüş bayraqları təntənəli surətdə sıra meydanlarına gətirildikdən sonra tədbirlər açıq elan olunub.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.

Təntənəli surətdə hərbi andı qəbul edən gənc əsgərlər Vətənə sadiq olacaqlarına söz veriblər.

Müdafiə Nazirliyinin nümayəndələri və hərbi hissə komandirləri çıxış edərək gənc əsgərlərə Vətənə, dövlətə və Ali Baş Komandana, hərbi anda sadiq olmalarını, nümunəvi xidmət etməyi, silah və texnikanın sirlərini dərindən öyrənərək döyüş hazırlıqlarını daim yüksəltmələrini, komandir-rəis heyətinin əmr və göstərişlərini dəqiq və vaxtında yerinə yetirmələrini, torpaqlarımızın müdafiəsinə hər an hazır olmalarını tövsiyə ediblər.

Andiçmə mərasimləri hərbi qulluqçuların təntənəli marşlarla tribunaların önündən keçidləri ilə başa çatıb.

Hərbi qulluqçular üçün bayram süfrələri təşkil edilib və vətənpərvərlik ruhunda mədəni-kütləvi tədbirlər keçirilib.


Sizin reklam burada
Sizin reklam burada