Ağ Evin rəmzi açarı Prezident İlham Əliyevə təqdim olundu... Turan Rzayevin şərhi
Siyasət
13:10
Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və ABŞ Prezidenti Donald Tramp arasında Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması barədə Anlaşma Memorandumunun imzalanması zamanı maraqlı və diqqət çəkən hadisə baş verdi. Belə ki, Prezident Donald Tramp Ağ Evin rəmzi açarını Azərbaycan Prezidenti İlham Əliyevə təqdim etdi.
Prezident Tramp çıxışında deyib: “Sizə daha bir hədiyyəm var. Bu, Ağ Evin rəmzi açarıdır. Mən bunu nadir hallarda təqdim edirəm”.
Ağ Evin rəmzi açarı (“Key to the White House”) ABŞ diplomatiyasında və beynəlxalq münasibətlərdə xüsusi, simvolik əhəmiyyətə malik hədiyyədir. ABŞ Prezidenti adətən bu açarı yalnız dost ölkələrin liderlərinə, yüksək əhəmiyyətli dövlət xadimlərinə və ABŞ-la strateji münasibətləri olan şəxslərə təqdim edir.
Məsələn, bu açarı Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçill İkinci Dünya Müharibəsi zamanı ABŞ-la sıx əməkdaşlığın simvolu kimi, Fransanın keçmiş prezidenti Şarl de Qoll Avropada müttəfiqlik münasibətlərinin rəmzi olaraq, həmçinin Cənubi Afrikanın keçmiş prezidenti Nelson Mandela demokratiya və insan haqları uğrunda mübarizəsinin tanınması məqsədilə alıb.
Bu açarın təqdim olunması həm də qarşı tərəfin ABŞ-ın ən yaxın tərəfdaşlarından biri kimi qəbul edildiyinin simvoludur. Trampın dediyi kimi bu açar “nadirdir” və yalnız seçilmiş şəxslərə verilir.
Metaforik mənada isə bu, “Ağ Ev Sizə həmişə açıqdır” mesajını daşıyır. Yəni, istənilən vaxt dialoqa, əməkdaşlığa və qarşılıqlı anlaşmaya hazır olmaq deməkdir.