ABŞ–Avropa xəttində Arktika gərginliyi: strateji toqquşma dərinləşir

ABŞ–Avropa xəttində Arktika gərginliyi: strateji toqquşma dərinləşir
14:07

ABŞ ilə Avropa arasında son dövrlərdə artan siyasi və iqtisadi gərginlik transatlantik münasibətlərin gələcəyi ilə bağlı ciddi suallar yaradır. Xüsusilə Arktika bölgəsi və Qrenlandiya ətrafında formalaşan fərqli yanaşmalar tərəflər arasında etimad böhranını daha da dərinləşdirir. Vaşinqtonun milli təhlükəsizlik arqumentləri ilə əsaslandırdığı addımlar Avropa paytaxtlarında suverenlik və beynəlxalq hüquqa təhdid kimi qiymətləndirilir.

Politoloq Tural İsmayılov News365.az-a bildirir ki, mövcud gərginlik tərəfləri yeni və daha genişmiqyaslı razılaşma axtarışına məcbur edə bilər.


Onun fikrincə, Vaşinqtonun sərt mövqeyi Avropanı Arktika təhlükəsizliyində və hərbi xərclərdə daha çox məsuliyyət götürməyə sövq etməyi hədəfləyir.

İsmayılovun qənaətinə görə, kompromis əldə olunmadığı təqdirdə Avropa ölkələrinin ABŞ-dən iqtisadi və strateji asılılığı azaltmaq istiqamətində atdığı addımlar sürətlənəcək. Bu proses “strateji muxtariyyət” anlayışını daha da aktuallaşdıraraq, onilliklər boyu formalaşmış transatlantik əməkdaşlığın strukturunda ciddi dəyişikliklərə yol aça bilər. Nəticədə Qərb daxilində daha müstəqil və alternativ güc mərkəzlərinin formalaşması istisna olunmur.

Ekspert əlavə edib ki, fevralın 1-i təkcə yeni rüsumların tətbiq tarixi deyil, eyni zamanda beynəlxalq münasibətlər sistemində “iqtisadi realizm” mərhələsinin açıq şəkildə təsdiqidir. Onun sözlərinə görə, hazırkı gərginlik ya tərəfləri daha praqmatik və möhkəm əməkdaşlığa yönəldəcək, ya da qlobal ticarət sistemini sarsıda biləcək dərin qütbləşməyə səbəb olacaq.


Sizin reklam burada
Sizin reklam burada