Onun sözlərinə görə, ABŞ və İran arasında əvvəllər bir neçə dəfə gizli görüşlər baş tutub:
“Vaxtilə ABŞ-dan Uytkovla, İrandan isə Abbas Əraqçi arasında əlaqələr olub, müxtəlif görüşlər keçirilib. Bu, iki ölkə arasında birbaşa münasibətlərin hələ də davam etdiyini göstərir. ABŞ-ın keçmiş prezidenti Donald Tramp isə məsələyə bir qədər tərəddüdlü yanaşır,” – deyə o vurğulayıb.
Politoloq əlavə edib ki, Tramp son açıqlamasında iki həftə ərzində qərar verəcəyini bildirib:
“Görünür, o bu müddətdə İsrailin hərbi imkanlarının tükənəcəyinə ümid edir. Artıq məlumatlar var ki, İsrailin cəmi 10 günlük raket ehtiyatı qalıb. Bu tempdə davam edərsə, ehtiyatlar bitəcək. Digər tərəfdən, İranla İsrail arasında məsafə təxminən 2000 kilometrdir və bu müharibə daha çox uzaq məsafədən atılan raketlər və hava zərbələri ilə aparılır. Bu səbəbdən də canlı qüvvələrin birbaşa toqquşması ehtimalı azdır,” – deyə politoloq bildirib.
Əli Mustafanın fikrincə, ABŞ məhz bu mərhələdə, tərəflərin hərbi resurslarının azaldığı anda vasitəçi kimi prosesə qoşulmaq niyyətində ola bilər:
“Əgər İsrailin raket ehtiyatları tükənərsə və İran gözləniləndən daha çox silah gücünə sahib çıxarsa, İsrail müdafiə mövqeyinə keçməli olacaq. Belə olan halda, tərəflər barış üçün vasitəçi axtarmağa məcbur qalacaqlar. Bunun da əsas namizədi təbii ki, ABŞ-dır. Amma burada başqa təhlükələr də var – hər iki tərəfin nüvə silahına sahib olması vəziyyəti daha da həssas edir,” – deyə politoloq əlavə edib.