Rusiyanın Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedevin nüvə zərbəsi ilə bağlı son açıqlamaları və ABŞ-ın keçmiş prezidenti Donald Trampın bu bəyanata sərt reaksiyası Rusiya–ABŞ arasında gərginliyin daha da dərinləşdiyini göstərir. Politoloq Məhəmməd Əsədullazadə News365.az-a açıqlamasında bildirib ki, tərəflər arasında söz atışması daha təhlükəli fazaya keçir.
Əsədullazadənin sözlərinə görə, Donald Tramp Rusiyaya avqustun 8-nə qədər möhlət verib və əgər bu tarixə qədər irəliləyiş olmasa, yeni sanksiyalar tətbiq edilə bilər:
“Tramp Rusiyaya vaxt verərək bu tarixdən sonra sanksiyalarla hədələyib. Amma görünən odur ki, ABŞ-ın xüsusi nümayəndəsi Woodcock-un Moskvaya mümkün səfəri də nəticə verməyəcək. Çünki Rusiya Ukraynada cəbhə bölgəsində müəyyən uğurlar əldə edir və bu şəraitdə geri addım atmaq istəmir.”
Politoloq əlavə edib ki, Tramp tərəfi münaqişənin danışıqlar yolu ilə həllinə çalışır və bu məqsədlə İstanbulda üçtərəfli görüş təklif edilib:
“Tramp və komandası Türkiyədə, xüsusilə İstanbulda Rusiya və Ukrayna arasında vasitəçilik etmək, müharibənin diplomatik yollarla həllinə nail olmaq istəyirlər. Lakin bu təşəbbüslərin yaxın perspektivdə real nəticə verəcəyini düşünmürəm.”
Əsədullazadə qeyd edib ki, hazırkı mərhələdə Rusiya Prezidenti Vladimir Putin atəşkəsə getməkdə maraqlı deyil:
“Rusiya bu mərhələdə mövcud uğurlarını qorumaq və mövqelərini daha da gücləndirmək istəyir. Bu səbəbdən, Kremlin müharibəni dayandırmaq və ya atəşkəsə razılaşmaq niyyəti yoxdur.