“ABŞ-nin danışıqlardakı rolu vasitəçilikdən çox ev sahibliyi funksiyası ola bilər” - Politoloqdan şərh

“ABŞ-nin danışıqlardakı rolu vasitəçilikdən çox ev sahibliyi funksiyası ola bilər” - Politoloqdan şərh
15:43

ABŞ-nin Azərbaycan və Ermənistan arasında keçiriləcək növbəti görüşdə hansı mövqedən çıxış edəcəyi hələ də dəqiqlik kəsb etmir.

Politoloq Rəşad Bayramovun News365.az-a verdiyi açıqlamaya görə, ehtimallar əsasında müxtəlif ssenarilər müzakirə olunur.

Onun sözlərinə görə, əsas suallardan biri ABŞ-nin bu prosesdə fəal vasitəçi kimi iştirak edib-etməyəcəyi, yoxsa sadəcə ev sahibi qismində çıxış edəcəyi ilə bağlıdır:

“Azərbaycan uzun müddətdir ki, ikitərəfli formatda danışıqlara üstünlük verdiyini açıq şəkildə bəyan edib. Əgər növbəti görüş ABŞ-da baş tutacaqsa, çox güman ki, Vaşinqton burada vasitəçi deyil, məhz ev sahibi funksiyasını yerinə yetirəcək. Çünki indiyədək əldə olunan bütün uğurlu razılaşmalar ikitərəfli danışıqlar nəticəsində əldə olunub”.

Rəşad Bayramov əlavə edib ki, üçüncü tərəflərin danışıqlarda iştirakı prosesin mürəkkəbləşməsinə səbəb ola bilər:

“Dəfələrlə bildirmişəm ki, üçüncü tərəflərin prosesə cəlb edilməsi onların maraqlarının da müzakirəyə çıxarılması deməkdir. Bu isə iki ölkə arasında danışıqları faktiki olaraq dalana dirəyə bilər”.

Politoloq həmçinin qeyd edib ki, keçmiş ABŞ Prezidenti Donald Trampın Azərbaycan-Ermənistan münasibətlərinə dair bəyanatları da müəyyən diplomatik təmasların olduğunu göstərir:

“Bir müddət öncə Ağ Ev rəhbəri Trampın ‘biz Azərbaycanla Ermənistan arasında danışıqlarda möcüzə etdik’ kimi açıqlamaları, sülh sazişinə çox yaxın olunduğuna dair fikirləri ondan xəbər verir ki, pərdəarxası müəyyən danışıqlar aparılıb və bu danışıqlarda ABŞ da iştirak edib”.


Sizin reklam burada
Sizin reklam burada