Ermənistanın Noyemberyan rayonundakı hərbi hissələrdən birində xidmət edən əsgər özünə odlu silahla xəsarət yetirib. Hadisənin onun borcları səbəbindən baş verdiyi iddia olunur.
News365.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, hadisə bir neçə gün əvvəl baş verib. “Vətənin müdafiəçisi” proqramı çərçivəsində hərbi xidmət keçən əsgər Noyemberyan rayonunun Koxb icmasının sakinidir. Hazırda o, Vanadzor hərbi hospitalında müalicə alır.
Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan nəşrin sorğusuna cavabında təsvir edilən hadisə barədə məlumatlarının olmadığını bildirib.
Lakin Noyemberyan icma rəhbərinin köməkçisi, Koxb inzibati ərazi dairəsinin rəhbəri vəzifəsini icra edən Geğam Cilavyan hadisənin baş verdiyini təsdiqləyib.
Məlumata görə, ayağından odlu silahla özünə atəş açan hərbçiyə əvvəlcə Noyemberyan xəstəxanasında ilkin tibbi yardım göstərilib. Daha sonra o, Vanadzor hərbi hospitalına köçürülüb.
“Hraparak” yazır ki, Ermənistan Müdafiə Nazirliyi, bir qayda olaraq, bu cür hadisələrlə bağlı məlumatın gizlədilməsinin mümkün olmadığını anladıqdan sonra açıqlama verir.