Təbrizdə 16
il bundan əvvəl olmuşam. Orda cəmi 5 gün qalmışdıq. Beş gün kifayət etmişdi ki,
bu qəmgin şəhər məndə nəinki bədbin təəssüratlar yaratsın, həm də qorxulu anlar
yaşatsın.
Dostlarımızın
avtomobilində şəhəri gəzməyə çıxmışdıq. Birdən Məhəmməd bizi təşvişə salmamaq üçün
astadan, sakit halda dedi ki, arxadan maşınla gələn əxlaq polisidir, diqqətlə
bizim maşının içinə baxırlar.
Soruşdum ki,
niyə? Cavab verdi ki, başımızın kip örtülü olub-olmadığını, saçımızın görünüb-görünmədiyini
yoxlayırlar.
Necə
qorxdumsa, əlimi ehmallıca yanımda oturmuş qızımın arxadan başına sürüşdürdüm,
başına doladığı enli şərfi təkrar-təkrar hamarladım ki, boynu, saçları görünməsin.
Ürəyimin döyüntüsü artdı.
Məhəmməd
olmuş bir hadisəni danışmışdı ki, vaxtilə Təbrizdən Bakıya köçmüş bir güneyli
tanışı yollar açılandan sonra yeniyetmə qızını ata yurdu ilə tanış etmək üçün Təbrizə
gətiribmiş. Şəhərlə tanışlığı zamanı küçədə əxlaq polisi onları saxlayıb qızının
başının yaxşı örtülmədiyini onlara irad tutaraq polis bölməsinə aparıb.
Yeniyetmə qıza şallaq cəzası kəsilib. Atası nə qədər izah, sübut etməyə çalışsa
da ki, onlar Təbrizdə qonaqdırlar, qızı ilk dəfədir ki, atasının yurduna ayağını
basır, ona belə cəza verilməsi qərarı yolverilməzdir, heç olmasa cərimə kəsilsin,
xeyri olmayıb. Saçları, telləri görünmüş yeniyetmə qonaq şallaqlanıb.
Soruşdum ki,
şallaqlar çoxmu möhkəm olur? Bəlkə yavaş vururlar?
İstəyirdim
ki, dostumuz mənim eşitmək istədiyim cavabı versin. Amma vermədi, dedi ki, əməlli-başlı
şallaqlayırlar. Bəzən 80 şallağa qədər cəza kəsirlər.
Soruşdum ki,
bəs qadınlar necə dözürlər?
Cavab vermədi.
Yenə soruşdum
ki, yəni qonağa güzəştə getmək olmazdı?
Dedi ki,
onların xisləti yoxdur.
Maşında əxlaq
polisi bizi izləyərkən həmin söhbət yadımıza düşdü. Qızımın başını bir də gözdən
keçirdim, qut-qut-əppər idi, amma rəngimiz saralmışdı. Çox keçmədi ki, əxlaq
polisi bizdən aralandı, qabağa keçərək sürüb getdi. Amma o qısa zaman kəsiyi
bizə nələr yaşatmadı..
Mənzilbaşına
çatsaq da maşından düşməyə cəsarət etmirdik. Dostlarımız bizi nə qədər sakitləşdirməyə
çalışsalar da, özümüzə gələ bilmirdik. Handan-hana ürək döyüntülərimiz səngidi,
maşından düşdük. Amma gözlərim dörd idi. Hər yerdə polis gözümə görünürdü,
paranoya olmuşdum. Həmin günü necə istirahət etməyimiz yadımda deyil, bir onu
bilirdim ki, tezliklə Bakıya qayıtmaq istəyirəm.
O gündən günləri
sayırdıq. İşlərimizi bitirdik, yığışdıq, dostlarımızla sağollaşdıq, maşın bizi
sərhəddə gətirdi, yalnız sərhəddi keçəndən sonra üzüm güldü. Qorxu, təşviş, həyəcanı
arxada qoyduğumuza elə ürəkdən sevinirdik ki, elə bil dünyaya yenicə gəlmişdik.
Mən Təbrizdə
yalnız bircə kərə oldum, elə birinci və sonuncu kərəsində də Təbriz məndə xoş təəssüratlar
oyatmadı. 16 ildir ki, İran deyəndə allaha şükür edirəm ki, İranda yaşamıram.
İran islam
inqilabından 45 il keçir. 45-ci ilin sonunda islam rejiminin əsas ideoloji
dayaqlarından olan hicab və ya çadra məcburiyyəti ləğv olundu. İran Məsləhət Şurasının
üzvü Məhəmmədrza Bahonər bəyan edib ki, “Hüquqi və məhkəmə nöqteyi-nəzərindən
hicab qanun layihəsi artıq icra oluna bilməz. Artıq İranda hicab taxmağın hansısa
hüquqi öhdəliyi yoxdur və bu, heç bir cərimə, cəza və ya hüquqi nəticələrə səbəb
olmayacaq. Polislərə də bunu deyin!”
Bu qərar
islam inqilabından bu yana ilk inqilabi qərardır. İran prezidenti Məsud Pezeşkian
seçki kampaniyasında və sonralar da dediyi kimi, “qadına zorla hicab geyindirməzlər!”
Hicab məcburiyyəti
ləğv edildikdən sonra İran qadınlarının çox böyük rəqəmlərlə ifadə olunan əksəriyyəti
başıaçıq gəzəcək. Bu, onların mübarizəsi idi, bu, onların qələbəsidir. Bu, həm
də ölkə daxilində prezident kimi reallaşdırmasına çalışdığı islahatlar
tablosunda məhz Pezeşkianın prezidentliyi dövrünə təsadüf etdiyindən nəticə
etibarilə İran qadınları qarşısında tarixi xidməti kimi tərcümeyi-halına yazılacaq.
Arzu Qazıyeva, jurnalist