Bakıda dünyaya gəlmiş məşhur rusiyalı müğənni Larisa Dolina dələduzluq sxeminin qurbanı olub.
News365.az “Kommersant”a istinadən xəbər verir ki, müğənni başına gələnlərin təfərrüatını Balaşixa şəhər məhkəməsində keçirilən prosesdə çıxışı zamanı açıqlayıb.
Belə ki, fırıldaqçılar özlərini “Rosfinmonitorinq”in və Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları kimi təqdim edərək, müğənnini müəyyən cinayətkarların onun pullarını oğurlamaq və mənzili girov qoymaqla kredit götürmək istədiyinə inandırıblar.
Cinayətkarlar sənətçini təkcə əmanətlərini “təhlükəsiz hesablara” köçürməyə deyil, həm də mənzilini satmağa inandırmağa nail olublar. Özlərini hüquq-mühafizə orqanlarının əməkdaşları kimi təqdim edən şəxslər müğənnini əmin ediblər ki, sövdələşmə “saxta” olacaq və onların nəzarəti altında həyata keçiriləcək.
Onlar Dolinanı cinayətkarların tutulması üçün “xüsusi əməliyyat”da iştirak etməyə təşviq ediblər. Lakin 112 milyon rubl (təxminən 2 milyon 360 min AZN) dəyərində olan mənzil real alıcıya satılıb. Dolina mənzilin satışından əldə etdiyi pulları fırıldaqçılara verib.
Prosesdə ifadə verərkən zərərçəkmiş etiraf edib ki, “xüsusi əməliyyatda” iştirak etmək üçün vəsaitin bir hissəsini hətta dostlarından borc alıb. Bununla belə, üç ay ərzində - 2024-cü ilin aprelindən avqustunadək müğənni yaxınlarına nə etdiyini bildirməyib, çünki “FTX əməkdaşları” ondan bunu tələb ediblər.
“Əməliyyat”ın inandırıcı olması üçün fırıldaqçılar hətta Dolina ilə söhbət zamanı “Ana”, “Ulduz” və “Remiks” kimi şifrələnmiş sözlərdən istifadə ediblər.
Dolina bildirib ki, ümumilikdə, bu fırıldaqçılıq əməli nəticəsində 175 milyon rubl (təxminən 3 milyon 686 min AZN) vəsait itirib, habelə, bazar dəyəri 138 milyon rubl (təxminən 2 milyon 907 min AZN) olan mənzilin mülkiyyət hüququndan məhrum olub.
Qeyd edək ki, daha əvvəl müğənni uzun sürən mübarizədən sonra 2025-ci ilin martında paytaxtın mərkəzindəki 5 otaqlı mənzilini geri almağa nail olmuşdu.