Azərbaycan
xalqının dövlətçilik tarixində mühüm yer tutan 26 İyun – Silahlı Qüvvələr Günü
ölkəmizin müdafiə qüdrətinin, milli təhlükəsizliyinin və hərbi gücünün təntənəsi
kimi qeyd olunur. Bu əlamətdar gün Azərbaycan Ordusunun keçdiyi şərəfli inkişaf
yolunu, qazandığı uğurları və Vətən qarşısında göstərdiyi misilsiz xidmətləri
bir daha yada salmaq üçün mühüm fürsətdir.
1918-ci
il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyətinin qərarı ilə ilk milli hərbi hissə
– Əlahiddə Azərbaycan Korpusu yaradılmışdır. Bu tarixi hadisə milli ordunun
formalaşmasının əsasını qoymuşdur. Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan
Respublikasında güclü və peşəkar Silahlı Qüvvələrin qurulması dövlət siyasətinin
prioritet istiqamətlərindən birinə çevrilmişdir.
Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi
dövründə orduda vahid komandanlıq sistemi formalaşdırılmış, nizami hərbi
quruculuq prosesi sürətləndirilmiş, hərbi intizam və döyüş hazırlığı əhəmiyyətli
dərəcədə gücləndirilmişdir. Azərbaycanın hərbi qüdrətinin formalaşmasında xalq
ilə ordunun sıx bağlılığı mühüm rol oynayır. Ulu Öndər Heydər Əliyev ordu
quruculuğunun yalnız hərbi sahə ilə məhdudlaşmadığını, onun milli-mənəvi dəyərlərlə,
vətənpərvərlik ruhu ilə və gənc nəslin düzgün tərbiyəsi ilə sıx əlaqəli
olduğunu dəfələrlə vurğulamışdır.
Ulu Öndər deyirdi: “Ordu mövzusu, ordunun
yaranması, formalaşması bizim bütün həyatımızda əsas mövzulardan biri
olmalıdır, gənclərin orduda xidmət etmək üçün tərbiyələndirilməsi bizim əsas vəzifələrimizdən
biri olmalıdır və bu vəzifələri biz ardıcıl surətdə həyata keçirməliyik...
Xalqla ordunun birliyi həm xalqın qüdrətini, həm də ordunu daha da qüvvətli
edir. Ona görə də qarşımızda duran əsas vəzifələrdən biri xalqla ordunun sağlam
mənəvi birliyini təmin etməkdən ibarətdir.”
Bu dəyərli fikirlər bu gün də öz
aktuallığını qoruyur. Azərbaycanda gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə
olunması, dövlətçilik ənənələrinə sadiq yetişdirilməsi və hərbi xidmətə
hazırlığı ölkənin müdafiə qüdrətinin möhkəmlənməsində mühüm amillərdən biridir.
Xalqın öz ordusuna göstərdiyi etimad və dəstək,
ordunun isə xalqın təhlükəsizliyinin keşiyində qətiyyətlə dayanması Azərbaycan
dövlətinin gücünü və birliyini daha da möhkəmləndirir. Prezident, Ali Baş
Komandan İlham Əliyevin rəhbərliyi ilə isə Azərbaycan Ordusu regionun ən güclü
ordularından birinə çevrilmişdir. Müasir dövrdə ölkənin təhlükəsizliyinin təmin
olunması güclü və müasir ordu quruculuğundan keçir. Azərbaycan dövləti Silahlı
Qüvvələrin döyüş qabiliyyətinin artırılması, şəxsi heyətin peşəkarlığının yüksəldilməsi
və maddi-texniki bazanın gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata
keçirir. Ordunun müasir silah və texnika ilə təchiz edilməsi, hərbi
infrastrukturun yenilənməsi, hərbi hissələrdə xidmət şəraitinin
yaxşılaşdırılması daim diqqət mərkəzində saxlanılır. Hər il müdafiə sahəsinə
ayrılan vəsaitin artırılması da dövlətin bu sahəyə verdiyi önəmin göstəricisidir.
Hazırda
Azərbaycanda formalaşan və sürətlə inkişaf edən hərbi sənaye kompleksi ölkənin
müdafiə potensialının güclənməsində mühüm rol oynayır. Yerli hərbi sənaye müəssisələrində
müxtəlif növ hərbi təyinatlı məhsullar istehsal edilir. Bunlara atıcı silahlar,
döyüş sursatları, zirehli texnikalar, pilotsuz uçuş aparatları, optik cihazlar
və digər müasir hərbi avadanlıqlar daxildir. Milli hərbi sənayenin inkişafı Azərbaycanın
xarici təchizatdan asılılığını azaltmaqla yanaşı, ordunun ehtiyaclarının
operativ şəkildə qarşılanmasına imkan yaradır. Bu gün Azərbaycan öz müəssisələrində
istehsal olunan məhsullarla Silahlı Qüvvələrin əhəmiyyətli hissəsini təmin etmək
imkanına malikdir. Yerli istehsalın genişlənməsi həm də ölkənin iqtisadi
potensialının güclənməsinə, yeni texnologiyaların tətbiqinə və yüksək ixtisaslı
kadrların hazırlanmasına mühüm töhfə verir.
Azərbaycanın
müdafiə sahəsində əldə etdiyi uğurlar beynəlxalq hərbi əməkdaşlıq əlaqələrinin
genişləndirilməsi ilə də sıx bağlıdır. Dünyanın müxtəlif ölkələri ilə silah və
hərbi texnikanın satın alınması, birgə istehsalı və texnologiya transferi sahəsində
müqavilələr imzalanmışdır. Bu əməkdaşlıq nəticəsində Azərbaycan Ordusunun
arsenalı ən müasir hərbi texnika və silah sistemləri ilə zənginləşdirilmişdir. Eyni
zamanda, beynəlxalq hərbi təlimlərdə iştirak edən Azərbaycan hərbçiləri
qabaqcıl təcrübələri mənimsəyərək peşəkarlıq səviyyələrini daha da artırırlar.
Son illərdə həyata keçirilən məqsədyönlü
islahatlar nəticəsində Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasında
öz layiqli yerini tutmuşdur. Ordunun maddi-texniki bazasının möhkəmləndirilməsi,
müasir silah və hərbi texnikalarla təchizatı, şəxsi heyətin peşəkarlığının
artırılması və döyüş hazırlığının yüksəldilməsi bu uğurların əsasını təşkil
edir.
Azərbaycan Respublikasının Prezidenti,
Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev ordumuzun keçdiyi inkişaf
yolunu belə qiymətləndirmişdir:
“1918-ci ildə Azərbaycan Ordusunun
yaradılması haqqında qərar veriləndə, yəqin ki, Azərbaycan Xalq Cümhuriyyətinin
qurucuları heç təsəvvür edə bilməzdilər ki, bu gün Azərbaycan Ordusu dünyanın ən
güclü 50 ordusu sırasında olacaq. Bizim ordumuzun həm maddi-texniki təchizatı,
həm də döyüş qabiliyyəti ən yüksək səviyyədədir. Biz bunu döyüş meydanında
sübut edə bilmişik.” Bu fikirlər Azərbaycan Ordusunun son illərdə əldə etdiyi
nailiyyətlərin ən dolğun ifadəsidir. Xüsusilə 2020-ci ildə Vətən müharibəsində
qazanılan tarixi Zəfər ordumuzun yüksək peşəkarlığını, müasir hərbi imkanlarını
və güclü döyüş ruhunu bütün dünyaya nümayiş etdirdi. Azərbaycan əsgərinin qəhrəmanlığı,
komandanlığın peşəkar fəaliyyəti və xalqın dövlətə dəstəyi nəticəsində əldə
olunan bu Qələbə müasir Azərbaycan Ordusunun gücünü və qüdrətini təsdiqlədi.
Bu gün də Silahlı Qüvvələrimizin daha da
gücləndirilməsi, müasir texnologiyalarla təchiz olunması və müdafiə qabiliyyətinin
artırılması istiqamətində ardıcıl işlər davam etdirilir. Güclü ordu Azərbaycanın
müstəqilliyinin, suverenliyinin və təhlükəsizliyinin əsas təminatçısı olaraq
qalır. 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi Azərbaycan Ordusunun
gücünü, peşəkarlığını və yüksək döyüş qabiliyyətini bütün dünyaya nümayiş
etdirdi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan
Ordusu torpaqlarımızın işğaldan azad olunmasını təmin edərək xalqımıza tarixi Qələbə
bəxş etdi. Bu Zəfər orduda aparılan islahatların, müasir silahlanmanın, hərbi
hazırlığın və xalq-ordu birliyinin parlaq nəticəsi oldu. Azərbaycan əsgəri və
zabiti yüksək vətənpərvərlik ruhu, qəhrəmanlığı və fədakarlığı ilə tarix yazdı.
44 günlük Vətən müharibəsində əldə olunan tarixi Zəfər də xalq–ordu birliyinin ən
parlaq nümunəsi kimi tarixə yazılmışdır. Məhz bu birlik sayəsində Azərbaycan
Ordusu qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirərək ölkəmizin ərazi
bütövlüyünü bərpa etmişdir.
Bu
gün Azərbaycan Ordusu müasir texnologiyalarla təchiz olunmuş, yüksək peşəkarlığa
malik şəxsi heyətdən ibarət, regionun aparıcı hərbi qüvvələrindən biri hesab
edilir. Ordumuzun döyüş hazırlığının daim yüksəldilməsi, müdafiə sənayesinin
inkişaf etdirilməsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi ölkəmizin təhlükəsizliyinin
etibarlı təminatıdır. 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan
Ordusunun bütün hərbi qulluqçularını, veteranlarını və şəhid ailələrini ürəkdən
təbrik edir, Vətənimizin keşiyində ayıq-sayıq dayanan bütün əsgər və zabitlərə
möhkəm cansağlığı, şərəfli xidmət və yeni uğurlar arzulayırıq.
Yaşasın Azərbaycan Ordusu! Yaşasın müstəqil
Azərbaycan!
Kamal Paşa-zadə
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin
violonçel ixtisası üzrə müəllimi,
Azərbaycan Respublikasının Əməkdar müəllimi