Ömrümüzdən daha bir yarpaq düşür. Və 2025-ci il bir neçə gündən
sonra tarix olur.
Bəs bu il daha çox hansı hadisələlərlə yadda qalacaq?
Nəzərə alaq ki, 2025-ci il daha çox dünya tarixində siyasi gərginliklərin
tənzimlənməsi cəhdləri və qlobal iqtisadi sistemdə ciddi dəyişikliklərlə yadda
qaldı. İl ərzində beynəlxalq münasibətlərdə yeni razılaşmalar, iqtisadi sahədə
isə inflyasiya, enerji və ticarət məsələləri əsas gündəm mövzuları oldu.
Siyasi sahədə baş verənlər
2025-ci ilin ən mühüm siyasi hadisələrindən biri Cənubi Qafqazda
sülh prosesinin irəliləməsi oldu. ABŞ-ın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan
arasında aparılan danışıqlar beynəlxalq gündəmdə geniş yer aldı və regionda
uzunmüddətli sabitlik üçün real addımlar atıldı.
Eyni zamanda, Ukrayna ətrafında davam edən münaqişə dünya siyasətinə
təsir etməyə davam etdi. 2025-ci ildə Avropa İttifaqı Ukraynaya maliyyə və hərbi
yardım paketlərini artırdı, NATO isə Şərqi Avropada təhlükəsizlik tədbirlərini
gücləndirdi. Bu vəziyyət Rusiya–Qərb münasibətlərində gərginliyin tam aradan
qalxmadığını göstərdi.
Yaxın Şərqdə isə Qəzza və İsrail ətrafında baş verən hadisələr beynəlxalq
təşkilatların diqqət mərkəzində oldu. BMT və digər qurumlar humanitar atəşkəs təşəbbüsləri
ilə çıxış etdilər. Və İsrail-HƏMAS qarşıdurması bu il sonlandırıldı. İyul
ayından Hindistan Pakistana “su müharibəsi” elan etdi. Lakin Beynəlxalq təzyiqlər
və Pakistanın müqaviməti sayəsində Hindistan geri çəkildi və nisbi sakitlik
yarandı.
Bu və digər hadisələr 2025-ci ildə qlobal siyasətdə humanitar məsələlərin
nə qədər vacib olduğunu bir daha nümayiş etdirdi.
İqtisadi sahədə göstəricilər
2025-ci il dünya iqtisadiyyatı üçün çətin, lakin dönüş mərhələsi
oldu. ABŞ Federal Ehtiyat Sistemi (FED) və Avropa Mərkəzi Bankı inflyasiyanı nəzarətdə
saxlamaq üçün faiz dərəcələrini yüksək səviyyədə saxladı. Bu qərarlar kredit
bazarlarına və qlobal investisiyalara birbaşa təsir göstərdi.
Çin iqtisadiyyatı 2025-ci ildə əvvəlki illərlə müqayisədə daha zəif
artım tempi göstərdi. Daşınmaz əmlak sektorundakı problemlər və daxili tələbin
azalması dünya bazarlarında xammal və sənaye məhsullarına tələbi zəiflətdi. Bu
isə bir çox inkişaf etməkdə olan ölkələrin ixrac gəlirlərinə təsir etdi.
Enerji bazarında 2025-ci il neft və qaz qiymətlərində dalğalanmalar
ilə yadda qaldı. OPEC+ ölkələrinin hasilatla bağlı qərarları, həmçinin Yaxın Şərqdəki
gərginlik enerji qiymətlərinin tez-tez dəyişməsinə səbəb oldu. Avropa ölkələri
isə Rusiya qazından asılılığı azaltmaq üçün bərpaolunan enerji layihələrinə
daha çox sərmayə yatırdı.
Bununla yanaşı, qlobal ticarətdə regional bloklaşma gücləndi. ABŞ,
Avropa İttifaqı və Asiya ölkələri arasında ticarət razılaşmaları yenidən nəzərdən
keçirildi. Bir çox dövlət strateji məhsulların istehsalını ölkə daxilində
artırmağa çalışdı.
Beləliklə, 2025-ci il dünya üçün siyasi baxımdan münaqişələrin həlli
istiqamətində atılan addımlar, iqtisadi baxımdan isə inflyasiya, enerji və
ticarət problemləri ilə yadda qaldı. Bu il göstərdi ki, qlobal siyasət və
iqtisadiyyat bir-biri ilə sıx bağlıdır və dünyada baş verən hər bir hadisə beynəlxalq
miqyasda təsir yaradır.
Azərbaycan üçün 2025-ci il nəylə yadda qaldı?
2025-ci il Azərbaycan üçün siyasi sabitliyin qorunması, iqtisadi
inkişafın davam etdirilməsi və beynəlxalq mövqelərin möhkəmlənməsi ilə yadda
qalan mühüm illərdən biri oldu. İl ərzində həyata keçirilən dövlət siyasəti ölkənin
həm daxili idarəçiliyində, həm də xarici əlaqələrində ardıcıl və məqsədyönlü xəttin
davam etdiyini göstərdi.
Siyasi sahədə 2025-ci ilin əsas xüsusiyyətlərindən biri Azərbaycanın
regional və beynəlxalq səviyyədə fəal mövqeyini qoruması oldu. Ölkə Cənubi
Qafqazda uzunmüddətli sülh və sabitliyin təmin olunması istiqamətində təşəbbüslərlə
çıxış etdi. Azərbaycan BMT, Qoşulmama Hərəkatı, Türk Dövlətləri Təşkilatı və
İslam Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq platformalarda ərazi bütövlüyü və
beynəlxalq hüquq prinsiplərinə əsaslanan mövqeyini ardıcıl şəkildə müdafiə
etdi. Bu isə ölkənin siyasi nüfuzunun artmasına xidmət etdi.
Ən əsası 2025-ci ildə Ermənistanla imzalanacaq sülh sazişinə çox
yaxınlaşdı. 35 ildən sonra Azərbaycan üzərindən Ermənistana tranzit yüklər
daşındı. Eləcə də Ermənistana ilk dəfə Azərbaycan yanacağı göndərildi. Bu da
regional kommunikasliynın və regional ticarətin inkişafı üçün böyük ümidlər
verdi.
Eyni zamanda, 2025-ci ildə dövlət idarəçiliyinin təkmilləşdirilməsi
istiqamətində islahatlar davam etdirildi. Rəqəmsal hökumət mexanizmlərinin
genişləndirilməsi, ASAN xidmət modelinin inkişafı və elektron xidmətlərin
artırılması vətəndaş–dövlət münasibətlərinin daha da möhkəmlənməsinə şərait
yaratdı. Bu addımlar ölkədə siyasi sabitliyin qorunmasında mühüm rol oynadı.
İqtisadi sahədə isə 2025-ci il inkişafın davamlılığı ilə xarakterizə
olundu. Dövlət büdcəsində sosial xərclər, infrastruktur layihələri və regional
inkişaf əsas prioritetlər sırasında yer aldı. Xüsusilə Qarabağ və Şərqi Zəngəzur
iqtisadi rayonlarında bərpa və yenidənqurma işləri davam etdirildi. Yol, enerji
və yaşayış infrastrukturlarının qurulması iqtisadi fəallığın artmasına və yeni
iş yerlərinin yaradılmasına səbəb oldu.
Enerji sektoru 2025-ci ildə də Azərbaycanın iqtisadiyyatında
aparıcı rolunu qorudu. Ölkə Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya təbii qaz
ixracını davam etdirdi və Avropanın enerji təhlükəsizliyində etibarlı tərəfdaş
kimi mövqeyini saxladı. Bununla yanaşı, külək və günəş enerjisi üzrə həyata
keçirilən layihələr Azərbaycanın yaşıl enerji strategiyasının tərkib hissəsi
kimi ön plana çıxdı.
Qeyri-neft sektorunun inkişafı da 2025-ci ilin əsas iqtisadi göstəricilərindən
biri oldu. Kənd təsərrüfatı, sənaye parkları, logistika və tranzit sahəsində
görülən işlər iqtisadiyyatın şaxələndirilməsinə töhfə verdi. Xüsusilə Orta Dəhliz
çərçivəsində yükdaşımaların artması Azərbaycanın regional nəqliyyat mərkəzi
kimi rolunu gücləndirdi.
Nəticə etibarilə, 2025-ci il Azərbaycan üçün siyasi baxımdan
sabitliyin və diplomatik fəallığın qorunduğu, iqtisadi baxımdan isə bərpa-quruculuq
işlərinin, enerji strategiyasının və qeyri-neft sektorunun inkişaf etdiyi bir
il kimi yadda qaldı. Bu il ölkənin gələcək inkişafına yönəlmiş strateji xəttin
uğurla davam etdirildiyini bir daha nümayiş etdirdi.
News365.az