Dünyanın ən yaşlı quru heyvanı hesab edilən Conatan adlı nəhəng tısbağanın genetik kodu alimlərə uzunömürlülüyün sirlərini anlamaq üçün yeni imkan yaradıb. Təxminən 194 yaşlı heyvanın DNT-sində yaşlanma prosesinə təsir edə biləcək genetik xüsusiyyətlər aşkarlanıb.
Bu barədə “Science Advances” jurnalında məlumat dərc olunub.
Tədqiqatçılar Müqəddəs Yelena adasında yaşayan Conatanın genomunu araşdıraraq onun genetik xüsusiyyətlərini eyni növə aid digər tısbağalarla müqayisə ediblər.
Araşdırma zamanı Conatanın genomunda 287 fərqli genetik variant müəyyən edilib. Onların bir hissəsi DNT-nin bərpası, hüceyrələrin enerji istehsalı, insulin səviyyəsinin tənzimlənməsi və şişlərin yaranmasının qarşısının alınması ilə əlaqəli proseslərdə iştirak edir.
Alimlərin diqqətini xüsusilə mitoxondriyaların fəaliyyətini tənzimləyən gen bölgələri cəlb edib. Hüceyrələrin enerji istehsalına cavabdeh olan bu strukturlarla əlaqəli bəzi epigenetik göstəricilərin təxminən beş yaşlı tısbağalarda müşahidə olunan xüsusiyyətlərə bənzədiyi müəyyən edilib.
Tədqiqatçılar hesab edirlər ki, bu xüsusiyyətlər hüceyrələrin fəaliyyətinin qorunmasına və yaşlanma ilə əlaqəli dəyişikliklərin ləngiməsinə kömək edə bilər.