Zəngəzur dəhlizinin açılması artıq daha real görünür

Zəngəzur dəhlizinin açılması artıq daha real görünür
13:31

Zəngəzur dəhlizinin reallaşması istiqamətində əsas əngəlin Ermənistan ərazisində hələ də tikinti işlərinə başlanmaması olduğu bildirilir. Uzun müddət davam edən müzakirələrdən sonra tərəflər razılığa gələrək Zəngəzur dəhlizi məsələsini sülh müqaviləsinin mətnindən çıxarıb. Hazırda bu layihə ayrıca yaradılmış komissiya tərəfindən icra olunur.

Mövzu ilə bağlı açıqlama verən Milli Məclisin deputatı Naqif Həmzəyev News365.az-a bildirib ki, Vaşinqtonda keçirilən görüşlərdən sonra Ermənistan və ABŞ arasında Zəngəzur dəhlizi ilə bağlı əldə olunan razılaşma prosesə yeni dinamika qazandırıb.


Onun sözlərinə görə, bu addım dəhlizin açılması ehtimalını daha da gücləndirir.

Deputat qeyd edib ki, dəhliz istifadəyə verildikdən sonra Azərbaycan üzərindən daşınan yüklərin həcmi ilkin mərhələdə 15 milyon tona çatacaq və gələcəkdə bu göstəricinin artması gözlənilir. Yeni nəqliyyat xətti Naxçıvandan Qarsa, oradan isə Qara dəniz, Aralıq dənizi və Avropa bazarlarına çıxışı təmin edəcək.

Naqif Həmzəyev vurğulayıb ki, layihə Ermənistan üçün də mühüm imkanlar açır. Belə ki, Ermənistan Azərbaycan dəmir yolları vasitəsilə Rusiya, İran, Orta Asiya ölkələri və Çinlə birbaşa nəqliyyat əlaqələri qurmaq imkanı əldə edəcək. Bu isə regionda iqtisadi fəallığın artmasına və nəqliyyat risklərinin minimuma endirilməsinə xidmət edəcək.

Deputat əlavə edib ki, Azərbaycan Zəngəzur dəhlizinin reallaşması məsələsində qətiyyətli mövqe nümayiş etdirir və üzərinə düşən bütün öhdəlikləri yerinə yetirir.

“Ümid edirik ki, Ermənistan da verdiyi sözlərə sadiq qalacaq və bu strateji əhəmiyyətli layihənin icrası mümkün olacaq”, – deyə Naqif Həmzəyev bildirib.


Sizin reklam burada
Sizin reklam burada