Məlum olduğu
kimi Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərə əsasən, 2026-cı ildən
etibarən pərakəndə ticarət və əhaliyə xidmət sahələrində ƏDV qeydiyyat limiti
POS-terminal vasitəsilə aparılan nağdsız əməliyyatlar nəzərə alınmaqla iki dəfə
artırılaraq 200 min manatdan 400 min manata çatdırılır.
Bu o deməkdir
ki, sahibkar nağdsız ödənişlərin payını artırmaqla faktiki olaraq əlavə 200 min
manatlıq dövriyyəni ƏDV yükündən kənarda saxlaya biləcək.
Kimsə düşünə
bilər ki, bu güzəşt avtomatik olaraq qiymətlərin enməsinə gətirib çıxaracaq.
Amma bu belə olmayacaq. Çünki qiyməti formalaşdıran təkcə vergi deyil. Qiymət
4–5 əsas amilin təsiri ilə formalaşır və vergi onların yalnız biridir.
Bəs bu güzəştin
faydası varmı?
Sualı News365.az üçün
cavablandıran iqtisadçı Eldəniz Əmirov deyib ki, əlbəttə faydası var:
“Bu dəyişiklik
birbaşa ucuzlaşma yaratmasa da, qiymətlərin nisbətən sabit saxlanılmasına,
qarşıdakı aylarda isə zəruri artım sürətinin azalmasına dəstək ola bilər. Başqa
sözlə, bu güzəşt həmin sektorlar üzrə qiymət artımlarının gecikdirilməsi üçün
kompensasiya mexanizmi rolunu oynaya bilər.
Eyni zamanda
yenilik nağdsız ödənişləri daha da təşviq edəcək, dövriyyələrin şəffaflaşmasına
və iqtisadiyyatın “ağardılmasına” xidmət göstərəcək. Ümid edək ki, bununla da nəğdsiz
ödəniş etmək istəyən müştəriyə “POS-terminalı təmirə göndərmişik” tipli şablon
bəhanə cavablarının sayı azalacaq.
Və ən əsası,
uzun illərdir ki, daşlaşmış “200 min manatlıq limit” nəhayət ki, qırıldı.
Limitin iki dəfə artırılması 2026-cı ilin yaxşı xəbərləri sırasındadır və bu
addım şəffaf və vicdanla işləyən KOB-lar üçün həqiqətən çox önəmlidir”.
News365.az