Prezident İlham Əliyevin dekabrın 21-də Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən Ali Avrasiya İqtisadi Şurasının iclasında, eləcə də Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin liderlərinin bu gün baş tutacaq qeyri-rəsmi Zirvə görüşündə iştirak etməməsi diqqət çəkir.
Politoloq Turan Rzayev News365.az-a açıqlamasında bildirib ki, rəsmi qaydada səsləndirilən arqumentlər kifayət qədər məntiqli və əsaslandırılmış görünür.

Onun sözlərinə görə, Azərbaycan Avrasiya İqtisadi İttifaqına üzv olmadığı üçün Prezident İlham Əliyev Ali Avrasiya İqtisadi Şurasının iclasında iştirak etməyib. MDB dövlət başçılarının Sankt-Peterburqda keçirilən qeyri-rəsmi Zirvə görüşünə qatılmamasının səbəbi isə dövlət başçısının iş qrafikinin sıxlığı ilə izah olunur.
Politoloq qeyd edib ki, Azərbaycan prinsip etibarilə MDB-nin rəsmi Zirvə görüşlərində üzv dövlət kimi mütəmadi iştirak edir. Lakin MDB-nin bir təşkilat olaraq daha çox formal xarakter daşıdığını vurğulayan Turan Rzayev bildirib ki, bu platforma çərçivəsində keçirilən görüşlər, adətən, ciddi və konkret nəticələrlə yadda qalmır. Onun fikrincə, Azərbaycan üzv dövlətlərlə münasibətlərdə ikitərəfli əməkdaşlığa daha çox önəm verir.
Turan Rzayevin sözlərinə görə, bütün bunlara baxmayaraq, Bakı–Moskva münasibətlərində gərginlik tam aradan qalxmayıb və Azərbaycanın Rusiyaya olan etimadının qısa müddətdə bərpa olunması real görünmür. Politoloq xatırladıb ki, Prezident İlham Əliyev bu il oktyabrın 9–10-da Tacikistanın Düşənbə şəhərində keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edib və həmin görüşlər çərçivəsində aparılan danışıqlar səmərəli olub.
O, xüsusilə Rusiya Prezidenti Vladimir Putinin AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə bağlı səsləndirdiyi, kompensasiya ödəniləcəyi və məsul şəxslərin hüquqi qiymət alacağı barədə bəyanatını diqqətə çatdırıb. Lakin politoloqun sözlərinə görə, bu vədlərə baxmayaraq, Moskva tərəfindən nə kompensasiya məsələsi həll edilib, nə də məsuliyyət daşıyan şəxslərin hərəkətlərinə hüquqi qiymət verilib.
Bundan əlavə, Turan Rzayev qeyd edib ki, Qazaxıstanda baş vermiş təyyarə qəzası ilə bağlı yaradılan komissiyanın yekun hesabatı hələ də açıqlanmayıb. O, son dövrlər Rusiyada azərbaycanlı diaspor təşkilatlarına qarşı atılan addımları da neqativ tendensiya kimi qiymətləndirib.
Politoloqun fikrincə, mövcud vəziyyət fonunda Azərbaycan Prezidentinin MDB dövlət başçılarının Sankt-Peterburqda keçirilən qeyri-rəsmi Zirvə toplantısında iştirak etməməsi tam anlaşılandır.