“Zəfər Yolçuları: Bir Qəhrəman – Bir Hekayə” adlı vətənpərvərlik tədbiri keçirildi -FOTOLAR

“Zəfər Yolçuları: Bir Qəhrəman – Bir Hekayə” adlı vətənpərvərlik tədbiri keçirildi -FOTOLAR
17 Yan 2026 16:47

16 yanvar 2026-cı il tarixində Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə “Üfüq” Gənclərin İnkişafı Naminə ictimai birliyi tərəfindən İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzində “Zəfər Yolçuları: Bir Qəhrəman – Bir Hekayə” layihəsi çərçivəsində Vətən müharibəsinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə peşə təhsil müəssisəsinin tələbələri, Vətən müharibəsi qaziləri və şəhid ailələrinin üzvləri iştirak ediblər.

Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardından Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin tədris işləri üzrə şöbə müdiri Nurlan Məmmədov bu cür layihələrin gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Daha sonra “Üfüq” Gənclərin İnkişafı Naminə İctimai Birliyinin sədri və layihənin rəhbəri Həzrət Bədiyev çıxış edərək bildirib ki, layihənin əsas məqsədi Zəfər tariximizin canlı iştirakçıları olan qazilərin və şəhid ailələrinin həyat hekayələrini gənc nəslə çatdırmaq, müharibənin arxasında dayanan fədakarlıqları unudulmayan milli yaddaşa çevirməkdir.

Tədbir çərçivəsində Vətən müharibəsi qaziləri və şəhid ailələrinin üzvləri çıxış edərək döyüş yolu, yaşadıqları çətinliklər və Vətən uğrunda göstərilən qəhrəmanlıq nümunələri barədə danışıblar. Şəhid anaları Könül Şıxızadə və Aynurə Mirzəlizadə, şəhid xanımı Ədibə Əlyarova, eləcə də müharibə iştirakçısı Orxan Babazadə gənclərlə şəxsi həyat hekayələrini bölüşüblər.

Eyni zamanda Vətən müharibəsində iştirak etmiş Xüsusi Təyinatlı Qüvvələrin mənsubu olan qazilər – İlham Əliyev, Rafail Nuriyev və Turab Allahverdiyevin, eləcə də qazilər Elnur Rəsulov və Hasil Hümbətovun döyüş yolu və həyat hekayələrini əks etdirən videoçarxlar nümayiş etdirilib. Video materiallar tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Tədbirin sonunda iştirakçı gənclərə sertifikatlar təqdim olunub.

Qeyd edək ki, Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə icra olunan “Zəfər Yolçuları: Bir Qəhrəman – Bir Hekayə” layihəsi gənclər arasında milli şüurun gücləndirilməsi, Zəfər tarixinin qorunması və qəhrəmanlıq irsinin gələcək nəsillərə ötürülməsi məqsədi daşıyır.


Sizin reklam burada
Sizin reklam burada