Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsində Azərbaycan Dəmir Yollarına (ADY) məxsus ərazidə yerləşən ev və yardımçı tikililərin sökülməsi ilə bağlı kompensasiya məsələsi sakinlər arasında narazılıq yaradıb.
Sakin Vidadi Həsənov iddia edir ki, ərazidə bəzi tikililərə kompensasiya ödənilsə də, onun yardımçı təsərrüfatına münasibətdə hələ də konkret qərar verilməyib.
Vətəndaşın sözlərinə görə, ona sənədsiz qeyri-yaşayış tikililərinə kompensasiya verilmədiyi bildirilib. Lakin o, ərazidə sökülməsi nəzərdə tutulan tikililərin əksəriyyətinin sənədsiz olduğunu və kompensasiya məsələsində fərqli yanaşmanın tətbiq edildiyini iddia edir.
“Deyirlər ki, sənədsiz qeyri-yaşayışlara pul vermirik. Halbuki burada sökülən evlərin hamısı sənədsizdir. Ümumiyyətlə, bu ərazidə heç kimin sənədi yoxdur. Tikililərin bir hissəsi yaşayış, bir hissəsi isə qeyri-yaşayış məqsədilə istifadə olunur. Bu ərazinin təyinatının nə olduğunu da dəqiq bilmirik. Yəqin ki, dəmir yolu işçilərinin və icra hakimiyyətinin nümayəndələrinin razılığı ilə tikmişik.
25 ildir burada yaşayıram. Bütün kommunal xidmətlərdən istifadə etmişik, ödənişlərimizi etmişik. Tikililər daşdan inşa olunub. Zabor, ağac kimi şeylərə kompensasiya verilir, amma bu boyda tikiliyə münasibətdə konkret qərar yoxdur”, – sakin bildirib.
Vidadi Həsənov hesab edir ki, uzun illər ərzində zəhmətlə tikilən və istifadə olunan tikililər sökülərkən vətəndaşlara ədalətli kompensasiya ödənilməlidir.
Sakinlərin iddiasına görə, ərazidəki tikililər Azərbaycan Dəmir Yolları və yerli icra hakimiyyətinin nümayəndələrinin şifahi razılığı ilə inşa edilib. İndi isə torpağın dəmir yolu ehtiyacları üçün geri alınması gündəmdədir.
Ərazidə kompensasiya məsələsinə fərqli yanaşmanın səbəbi isə suallar doğurur. Eyni ərazidə yerləşən tikililərə görə bir vətəndaşa ödəniş edildiyi halda, digərinin müraciətinin gözləmədə saxlanılması hansı meyarlarla müəyyənləşdirilir?
Kompensasiya məsələsində hüquqi və obyektiv meyarlar tətbiq olunur, yoxsa sakinlər arasında fərqli yanaşma var?
Məsələ ilə bağlı aidiyyəti qurumların mövqeyini öyrənməyə çalışacağıq.
News365.az, Vəfa Vəliyeva