"Xalq Cümhuriyyətinin yaranmasının özü yüz illərlə Azərbaycan xalqının içində yaşanan o hisslərin bir zirvəsi idi. Və Cümhuriyyətin ataları o hisslərlə böyümüşdülər. O hisslərin yaşandığı, cərəyan etdiyi cəmiyyətdə böyümüşdülər. Və təsadüfi deyil ki, baxmayaraq ki, yüz il müstəqil dövlətimiz olmamışdı, Xalq Cümhuriyyəti həmin dövrün ən müasir prinsiplərini özündə əks etdirirdi: qadınlara səsvermə hüququnun verilməsi, universitetin yaradılması, yaratdıqları parlament, Azərbaycanda yaşayan bütün xalqların və dini cərəyanların nümayəndələrinin təmsil olunması, dünyaya çıxış, qonşu dövlətlərlə münasibətlər, bütün bunların hamısını həyata keçirdilər."
Milli Məclisin deputatı Aydın Mirzəzadə bu sözləri News365.az-a açıqlamasında deyib.
"Çox təəssüf ki, biz müstəqilliyə hazır olsaq da, dünya müstəqilliyimizə hazır olmadı. Bolşevik Rusiyasının Azərbaycanın işğalına dünya göz yumdu. Və Rusiya Cümhuriyyətinin rəhbərlərini, həmin dövrün milli ordumuzun generallarının bir çoxunu öldürdülər – vətəndaşlarıydı onlar. Amma müstəqillik Cümhuriyyətinin rəhbərləri yenidən cəmiyyətimizdə yaşamağa başladı. Və cəmiyyət zamanla tarix səhnəsinə Azərbaycanın qüdrətlənməsi ideyasını yaşadan tarixi şəxsiyyətləri çıxartdı: Əziz Əliyev, Həsən Əliyev, Heydər Əliyev, Mirzə İbrahimov, Mustafa Topçubaşov – bunlar həmin insanlardandır. Və Azərbaycan cəmiyyəti Heydər Əliyev kimi bir tarixi şəxsiyyət ortaya çıxartdı. Ona etibar etdi. Onun fəaliyyətini dəstəklədi.
Ulu Öndərin ötən əsrdə Sovet dövründəki rəhbərliyi zamanı qazandığı təcrübə əslində Azərbaycanı müstəqilliyə hazırladı. Və 1991-ci ildə müstəqilliyimizin bərpa edilməsi yüz ildən çox qəlbimizdə yaşatdığımız arzularımızı həyata keçirməyə imkan verdi.
Bu gün hər bir vətəndaş müstəqilliyimizlə, dövlətçiliyimizlə fəxr edir. Bayrağımızın uca zirvələrdə dalğalanması hər bir vətəndaşımızın çalışdığı, arzuladığı bir hissdir. Biz o dövrdə yarımçıq qalmış arzulara sahib çıxdıq. Möhkəm dövlətçilik qurduq. O dövrdə beynəlxalq aləmdə təmsil olunmaq hüququmuz əlimizdən alınmışdı – bu gün biz bu hüququ qazanmışıq. Azərbaycanda müasir təhsil sistemi yaradılıb. Keyfiyyətli tibb xidməti qurulub. İnfrastruktur yenilənir. İqtisadiyyatımız müasirləşir. Beynəlxalq aləmdə nüfuzlu dövlətlərdən biriyik.
Bütün bunlar, əlbəttə ki, Xalq Cümhuriyyətinin prinsiplərinin yaşadılmasının nəticəsidir. Bunun da əsasını Ulu Öndər qoydu. Müasir dövlətimiz bu gün onun prinsipləri və cənab Prezidentin uğurlu siyasəti ilə davam etdirilir. Onun fəaliyyəti nəticəsində bu gün Azərbaycanda sabitlik var. Vətəndaşların hüquqları qorunur. Milli maraqlarımız ən yüksək səviyyədə təbliğ olunur və müdafiə edilir.
Elə 28 Mayda Laçın Beynəlxalq Hava Yolunun açılması və tarixi Azərbaycan-Türkiyə-Pakistan "Zİrvə" görüşünün keçirilməsi bir daha Cümhuriyyət ideyaları bu gün də yaşadığını göstərirş"-deyə fikirlərini bildirib.