Səudiyyə Ərəbistanı regionda artan təhlükəsizlik riskləri fonunda ABŞ ilə hərbi əməkdaşlığını daha da genişləndirə bilər.
Bu fikri politoloq Anar Əliyev News365.az-a açıqlamasında səsləndirib.
Onun sözlərinə görə, İran tərəfindən region ölkələrinə qarşı təhdidlərin davam etməsi Səudiyyə Ərəbistanını öz təhlükəsizlik siyasətini yenidən nəzərdən keçirməyə məcbur edir.
"Səudiyyə Ərəbistanı ilə ABŞ arasında yerləşən hərbi bazalara İran tərəfindən zərbələrin endirilməsi Ər-Riyadda ciddi narahatlıq yaradıb. Bu hadisələr göstərir ki, İran istənilən vaxt hərbi addım ata bilir və buna görə məsuliyyət daşımır", – deyə politoloq bildirib.
Anar Əliyev qeyd edib ki, Səudiyyə Ərəbistanının ordusu regionun aparıcı hərbi qüvvələri ilə müqayisədə zəif hesab olunur. Onun fikrincə, indiyədək krallıq ordusunu potensial regional müharibələrə uyğun səviyyədə gücləndirməyib.
Politoloq hesab edir ki, mövcud vəziyyət fonunda Ər-Riyadın ABŞ ilə həm hərbi, həm də antiterror sahəsində əməkdaşlığı daha da dərinləşdirməsi mümkündür.
"Ola bilər ki, Səudiyyə Ərəbistanı ABŞ ilə birgə hərbi və antiterror əməliyyatlarında daha fəal iştirak etsin. Bu da onu göstərir ki, Vaşinqtonun regiondakı müttəfiqləri getdikcə güclərini birləşdirəcəklər", – deyə o vurğulayıb.
Anar Əliyevin sözlərinə görə, ABŞ-ın müttəfiq dövlətləri həm Hörmüz boğazının, həm də Yaxın Şərqdə strateji əhəmiyyət daşıyan digər ərazilərin təhlükəsizliyinin təmin olunması istiqamətində birgə fəaliyyətlərini gücləndirəcəklər.