"İsrailin bölgədəki hegemonluğu bitəcək" – Politoloqdan F-35 açıqlaması

"İsrailin bölgədəki hegemonluğu bitəcək" – Politoloqdan F-35 açıqlaması
16:13

ABŞ Prezidenti Donald Trampın Türkiyəyə F-35 qırıcılarının verilməsi ilə bağlı qərarını elan etməsi və bu məsələdə İsrailin Baş naziri Benyamin Netanyahunun etirazlarını nəzərə almaması Vaşinqtonun Yaxın Şərq siyasəti ətrafında yeni müzakirələrə yol açıb. İsrailin narahatlığına rəğmən ABŞ-nin Ankara ilə strateji tərəfdaşlığı ön plana çəkməsi pərdəarxası hərbi-siyasi hesablamalardan xəbər verir.

Məsələ ilə bağlı News365.az-a açıqlama verən Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu bildirib ki, Tramp Yaxın Şərq siyasətini Türkiyə ilə koordinasiya edəcəyini hələ ötən il açıq şəkildə bəyan etmişdi:

"Bunun əsas səbəbi ABŞ-nin iqtisadi çətinliklərinin artması və Yaxın Şərq regionunda Türkiyəyə duyulan ciddi ehtiyacdır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Donald Tramp arasındakı yaxın şəxsi münasibətlər də Ankara-Vaşinqton xəttində siyasi dialoqun effektivliyini artırır."

Siyasi şərhçinin sözlərinə görə, Vaşinqton-Ankara yaxınlaşması Təl-Əvivdə ciddi narahatlıq doğurur:

  • Suriya amili: Bəşər Əsəd hakimiyyətinin devrilməsindən sonra Türkiyənin Suriyadakı mövqeləri əhəmiyyətli dərəcədə möhkəmlənib və yeni hökumətlə ABŞ arasında əlaqələr qurulub.

  • Quru döyüşləri riski: İsrailin əsas gücü hava üstünlüyünə söykənir, quru qoşunlarının döyüş qabiliyyəti isə aşağıdır. Türkiyənin Suriyada möhkəmlənməsi İsrail üçün quru toqquşması riskini artırır ki, bu da Təl-Əviv üçün fəlakət deməkdir.

  • Təl-Əvivin planları: İsrail Livan və Suriya ərazilərini maneəsiz nəzarətdə saxlamaq üçün bölgədə yeganə F-35 sahibi olmaq istəyirdi.

Əli Zülfüqaroğlu qeyd edib ki, Türkiyənin vaxtilə F-35 proqramından uzaqlaşdırılmasında Konqresdəki güçlü İsrail lobbisi müstəsna rol oynamışdı. Lakin son proseslər balansı dəyişib:

"İran müharibəsində Vaşinqtonun gözlənilən nəticəni əldə edə bilməməsi və ABŞ-nin təklif etdiyi atəşkəs şərtlərini İsrailin qəbul etməyərək Livana hücumları davam etdirməsi Trampla Netanyahu arasındakı münasibətləri kəskinləşdirib. Nəticədə ABŞ rəhbərliyində 'Öncə Amerika' (MAGA) qruplaşmasının mövqeyi İsrail lobbisinə nisbətən daha da güclənib."

Ekspert vurğulayıb ki, regional proseslər İsrailin əleyhinə, Türkiyənin isə lehinə inkişaf edir:

"Türkiyə diplomatiyası yaranmış geosiyasi situasiyanı düzgün qiymətləndirərək uğurlu addımlar atdı. Onsuz da F-35 hərbi təyyarələri olmadan belə, Türkiyə hərbi baxımdan İsraildən qat-qat üstündür. Bu qırıcıların Türkiyəyə təhvil verilməsi ilə İsrailin regiondakı hava hegemonluğuna tamamilə son qoyulacaq."


Sizin reklam burada
Sizin reklam burada