Günümün çox hissəsini kitabxanada keçirirəm, bura dərs oxumaq üçün mənə ən uyğun məkandır. Tibb Universitetində oxuduğum üçün dərslərim olduqca ağırdır. Bu fakültəyə qəbul olmaq üçün illərlə əziyyət çəkmişdim və indi həmin zəhmətin qarşılığını gecə-gündüz çalışaraq verirdim. Təəssüf ki, kirayə qaldığım kiçik evdə qrup yoldaşımla eyni otağı paylaşırdıq. Belə bir şəraitdə dərsə diqqət yetirmək çox çətin idi. Dünən gecə baş verənləri görsəydiniz, yəqin ki, mənə haqq verərdiniz. Həm qrup, həm də otaq yoldaşım imkanlı ailənin övladı olan Rəsul ödənişli oxuyurdu, mənimlə eyni otağı paylaşmasının səbəbi isə dərslərdə məndən istifadə etməsi idi. Mənim ona dözmək səbəbim isə xərclərə ortaq olması idi, yəni yarı-yarı ödəyirdik. O çarpayısına uzanmışdı. Noutbukun ekranından üzünə düşən solğun işıq qaranlıq otağı zəif də olsa işıqlandırırdı. Yeni aldığı qulaqlıqları taxmışdı. Nəyəsə baxır, gah dodağının altında gülümsəyir, gah da qəhqəhə çəkirdi. Elə bil dünyanın bütün problemləri mənim çiyinlərimə yüklənmişdi, onun isə heç nədən xəbəri yox idi. Masasının üstündə enerji içkisinin yarısı qalmışdı. Bahalı sendviçin sellofanı və qırıntıları isə hələ də stolun üstündə idi. Otağa hisə verilmiş ətin və kolbasanın qoxusu hopmuşdu. Mən isə divara tərəf çevrilmişdim. Gözlərimi divar kağızının qopmağa hazırlaşan köhnə naxışlarına zilləmişdim. Yorğunluq bütün bədənimi əzsə də, gözümə yuxu getmirdi. Beynimdə yalnız sabahı necə başa vuracağımı hesablayırdım. Kartımda cəmi filan qədər pul qalıb… Telefonun konturu da bitmək üzrədir. Anam bu ay pul göndərə bilməyəcəklərini deyəndə niyə səsimi şən çıxarmağa çalışdım ki? Guya hər şey qaydasındadır… Fikirlərimin arasında itib-batmışdım ki, Rısul məni səslədi.
— Ala, Tunar, dərsin konspektini yazmısan? Sabah o qoca bizi auditoriyaya buraxmayacaq.
Yavaşca dikəldim. Səsimin titrəməməsi üçün özümü güclə ələ aldım.
— Hə, yazmışam. Masanın üstündəki dəftərdədir. Götür, köçür, amma xəbərin olsun ki, bu gediş səni uçuruma apara bilər.
— Sən olmasan, batmışdım, mənə görə narahat olma qaqa.
Rahatlıqla dəftəri götürüb vərəqləməyə başladı. Onun üçün problemlər çox sadə idi. Bir konspekt tapıldısa, məsələ də həll olunmuş sayılırdı. Bir neçə saniyə sonra yenidən dilləndi:
— Hə, yadıma düşmüşkən, işıq pulu gəlib. Bu gün qapının arasına qoymuşdular. Boğazım düyünləndi, gözlərimi yumdum. Kartımdakı son pulları da hesablayırdım. Onun üçün bu məbləğ bir fincan qəhvənin, bir sendviçin, bəlkə də bir qutu siqaretin qiyməti idi. Mənim üçün isə qarşıdakı bir neçə günü ac keçirmək demək idi.
— Yaxşı… Sabah ödəyərik.
Bəlkə universitetə piyada gedəcəkdim. Bəlkə yenə günlərlə kimdənsə borc istəməyə cəsarət tapa bilməyəcəkdim. İçimi gəmirən o utanc hissi məni yenə susmağa məcbur edəcəkdi. O an isə tək istəyim Rəsulun işığı söndürüb, yatması idi…
Payız fəslində olduğumuza görə havalar əsasən yağışlı keçirdi. Bu gün də dərsdən evə qayıdanda yaman yağış yağırdı. Mə yağışdan qorunmaq üçüm dar və səs-küylü küçələrinin birində, köhnə binaların arasında itib qalmış sahaf mağazasına girdim. Əslində kitab almaq fikrim yox idi. Sadəcə bir neçə dəqiqəlik də olsa, küçənin səsindən, beynimin içində susmaq bilməyən fikirlərdən uzaqlaşmaq istəyirdim. Son günlər özümü qəribə hiss edirdim. Sanki həyat yavaş-yavaş əlimdən sürüşüb gedirdi. Bir ay ərzində yeddi fərqli iş yerindən rədd cavabı almışdım. Elə də böyük arzularım yox idi. Sadəcə təhsilimi davam etdirə biləcəyim, kirayəmi və gündəlik xərclərimi qarşılaya biləcəyim adi bir iş axtarırdım. Amma hər dəfə eyni cavabı eşidirdim. “Sizə geri dönüş edəcəyik.”
Heç kim geri dönüş etmirdi. Kartımdakı pul artıq bitmək üzrə idi. Evə zəng etməkdən çəkinirdim. Anam telefonda səsimdəki ən kiçik dəyişiklikdən belə narahat olurdu. Mən isə hər dəfə eyni yalanı təkrarlayırdım:
— Hər şey yaxşıdır, narahat olmayın.
Bu cümləni o qədər demişdim ki, artıq özüm də ona inanmağa başlamışdım. Axı, mən onlara necə pul göndərin deyə bilərdim, vəziyyətlərinin acınacaqlı olduğunu bilirdim.
Sahaf mağazası sanki başqa bir zamana aid idi. Tavanadək uzanan köhnə rəflər, saralmış kitab cildləri, taxta döşəmənin hər addımda çıxardığı xırıltı… Burada zaman sanki çöldəkindən daha yavaş axırdı. Köhnə kitabların özünəməxsus bir qoxusu olur. Bir az rütubət iyi verir, bir az da sanki illərin tozunu, minlərlə insanın toxunuşunu özündə saxlayır. O qoxunu başqa heç yerdə hiss etmək olmur. Piştaxtanın arxasında yaşlı bir kişi əyləşmişdi. Nazik çərçivəli eynəyini burnunun ucuna endirmiş, köhnə bir kitabı vərəqləyirdi. Mən içəri girəndə başını qaldırdı. Baxışlarımız bir anlıq toqquşdu. Sonra sakitcə başı ilə salam verdi. Mən də eyni səssizliklə salamını aldım. Onun adı Nadir əmi idi, bunu mağazanın girişində asılmış köhnə lövhədən oxumuşdum.-“Nadir əminin sahaf mağazasına xoş gəlmisiniz!” Masasının üstündə tibb jurnalları, anatomiya atlasları və saralmış qeydlər vardı. Rəflərin arasında dolaşmağa başladım. Barmaqlarım köhnə kitabların cildləri üzərində asta-asta gəzirdi. Birdən cildi xeyli köhnəlmiş bir romana toxundum. Kitabı ehtiyatla rəfdən çıxarıb vərəqləməyə başladım.Səhifələr kövrək idi, elə bil bir az sərt toxunsaydım, ovulub dağılacaqdılar. 111-ci səhifəni açanda qəfil nazik, dördbucaqlı qatlanmış bir kağız kitabın arasından sürüşərək yerə düşdü. Bir anlıq donub qaldım, ətrafıma baxdım. Mağazada məndən və Nadir əmidən başqa heç kim yox idi. Kağızı ehtiyatla götürdüm, kənarları didilmişdi. Üzərində isə bənövşəyi mürəkkəblə sanki tələsik yazılmış cümlələr vardı. Yavaşca mağazanın küncündəki köhnə taxta stulda əyləşdim, oxumağa başladım.
"Bilirəm, indi pəncərədən süzülən payız yağışına baxıb içindəki o böyük boşluqla nə edəcəyini bilmirsən. Amma bu məktubu oxu və sadəcə inan..."
Həyəcanlı halda titrəyən dizlərimlə sahafın küncündəki köhnə stula əyləşdim. Başımı qaldıranda Nadir əminin mənə diqqətlə baxdığını gördüm. Məni izləyirdi? Göz-gözə gələndə dərhal baxışlarını qaçırdı və önündəki dəftərə bənövşəyi mürəkkəbli qələmi ilə nəsə qeyd etməyə başladı. Ürəyim sürətlə döyünürdü. Məktubu oxumağa davam etdim:
"İndi bu sətirləri sənə gələcəkdən yazırmışam kimi düşün. Mən illərdir xəyalını qurduğum o ağ xalatı geyindim. Bu gün minlərlə insanın həyatını xilas edən, çox tanınmış və güvənilən həkiməm. Hər dəfə əməliyyatxanadan çıxıb bir ailəyə “Gözünüz aydın, o yaşayır”deyəndə, içimdəki o köhnə, qorxmuş gəncin əlindən tuturam. Sən o çətin yollardan keçəcəksən. Düzdür, əziyyətli olacaq, amma bacaracaqsan və çəkdiyin bütün əziyyətlərə dəyəcək. Səbrli ol, ozünə inan, hər şey əla olacaq"
Nəfəsim kəsilmişdi. Məktubun sonrakı sətirləri isə məni tam şoka saldı:
"Və o qız... Sənin hər gün uzaqdan gizlicə baxdığın, amma yaxınlaşmağa cəsarət etmədiyin o yaşıl gözlü, saçları payız yarpaqları rəngində olan Leyla ... O, indi mənim həyat yoldaşımdır. Bizim çox isti, uşaq gülüşləri ilə dolu bir evimiz var. Hər səhər onun hazırladığı çayın, kofenin qoxusuna oyanmaq, illər öncə çəkdiyim bütün o tənhalıq acılarını mənə unutdurmuşdu. İnan mənə, həyat sandığından daha mərhəmətlidir."
Məktubun sonunda nə bir imza var idi, nə də ad. Sadəcə sol küncdə kiçik, dairəvi bir ləkə izi var idi. Məktubun müəllifi mənim haqqımda bilinməsi mümkün olmayanları bilirdi, axı bunları kim yazmışdı? Fikirli halda başımı qaldırdım.Nadir əmi piştaxtanın arxasında sakitcə əyləşmişdi. Əlindəki kitab açıq olsa da, oxumurdu, sanki məni izləyirdi. Göz-gözə gələn kimi baxışlarını yayındırdı və qarşısındakı köhnə dəftərə nəsə yazmağa başladı. Diqqətimi bir şey çəkdi.Qələmin mürəkkəbi bənövşəyi idi. Məktubdakı mürəkkəb kimi… Sinəmdə qəribə bir sıxıntı yarandı. Ayağa qalxıb piştaxtaya yaxınlaşdım.
— Bağışlayın… - dedim. - Bu məktubu siz yazmısınız?
Nadir əmi yazmağı dayandırdı. Qələmin qapağını asta-asta bağladı. Sonra eynəyini çıxarıb masanın üstünə qoydu. Üzümə baxdı, baxışlarında qəribə bir sakitlik vardı.
— Məncə… - dedi, - bunun cavabını indi bilsən, məktubun heç bir mənası qalmaz.
Qaşlarımı çatdım.
— Bəs bu məktub bura necə düşüb?
O, yüngülcə gülümsədi.
— Bəzi kitablar oxunmaq üçün yazılmır.
Bir anlıq susdu. Sonra asta səslə əlavə etdi:
— Bəziləri sadəcə sahibini gözləyir.
Başımı qaldırıb yenə Nadir əmiyə baxdım. O, bənövşəyi qələmini masaya qoyub ayağa qalxdı, mənə yaxınlaşdı. Eynəyinin altından dərin baxaraq pıçıldadı: "Bəzi kitablar sahibini özü seçir, cavan oğlan. Görünür, o vərəq uzun zamandır səni gözləyirdi."
Məktubu yazanın kim olduğu məni çox düşündürdü, bunu öyrənmək üçün çox çalışsam da, illərimi buna sərf etsəm də heç bir şey əldə edə bilməmişdim.Düzdür, müəllifi tapa bilməmişdim, amma bu məktub mənim həyatımı dəyişmişdi. Bu məktub mənə stimul verdi ki, o "xəyali gələcəyi" gerçəyə çevirəbilərəm. Hətta, maddi cəhətdən o qədər tükənmişdim ki, təhsilimi yarıda qoyub, evimizə qayıtmağı düşünürdüm. Ancaq məktub elə bil məni silkələdi, özümə inam yaratdı, mənə güc və motivasiya verdi. Sahaf mağazasından çıxdıqdan sonra inadkarlıqla iş axtarmağa başladım, nəhayət iş tapdım, yavaş-yavaş hər şey yoluna düşürdü. Çox sevdiyim Leylaya yaxınlaşmağa cəsarət edib, ona ürəyimi açdım. Leyla ilə tez-tez sahaf mağazasına gəlirdik, Nadir əmi gizli təbəssümləri ilə bizi süzürdü.
…İllər keçdi. Naməlum müəllifin məktubda qurduğu o “oyun” mənim gerçək həyatım oldu. Universiteti fərqlənmə ilə bitirdim. Gecə-gündüz çalışaraq ölkənin tanınmış cərrahlarından birinə çevrildim. Minlərlə insanın həyatına toxundum. Hətta, dünyanın dörd bir tərəfindən mənim yanıma insanlar şəfa tapmaq üçün, güvənərək gəlirdilər. Leyla ilə evlənmişdik, iki gözəl övladımız dünyaya gəlmişdi.Hər uğurlu əməliyyatdan sonra eyni fikir beynimdən keçirdi: əgər o məktub olmasaydı, bu günlərin olması mümkün deyidi. Çünki o məktub mənim həyatımı xilas etmişdi.
İndi mən saçlarına dən düşmüş, ömrünün payızını yaşayan bir cərraham. Təqaüdə çıxmağıma sayılı günlər qalıb. İş otağımda təkəm, pəncərənin o üzündə yağış yağır. Damcıların səsi otaqdakı sükutu daha da dərinləşdirirdi. Siyirməni açıb otuz il əvvəl tapdığım o sirli məktubu çıxardım. Kağız daha da köhnəlmiş, mürəkkəbi solmağa başlamışdı. Niyəsə oxumaq istədim və elə həmin an…Nəfəsim yarımçıq qaldı. Məktubun sol küncündəki o balaca dairə diqqətimi çəkdi.İllərlə onu sadəcə mürəkkəb ləkəsi hesab etmişdim. Amma bu dəfə… Bu ləkə deyildi, barmaq izi idi. Ürəyim sinəmə sığmırdı. Yadıma Nadir əmi düşdü,gəncliyində keçirdiyi qəzada sağ adsız barmağını ağır zədələmişdi. Həmin barmağın cizgiləri demək olar ki, tamamilə silinmişdi. Deməli… Bu iz ona aid ola bilməzdi. Əllərim əsə-əsə əvvəl öz sağ əlimə baxdım, sonra məktuba, yenidən əlimə. Barmaq izinin cizgiləri… Mənimki ilə eyni idi. Bədənimdən buz kimi bir üşütmə keçdi. Başımı yavaşca qaldıranda masanın üstündəki köhnə bənövşəyi mürəkkəbli qələmə gözüm sataşdı. Qələmi əlimə aldım, sonra məktubdakı yazıya baxdım. “S” hərfi… “R” hərfi… Hərflər bir az sola maili idi. Mən də artıq illərdir elə bu xətlə xəstələrimə reseptlər yazırdım. Nadir əmi məktubu yazmamışdı, sadəcə onu qorumuşdu. Bəlkə də onun vəzifəsi həmin məktubun doğru adama çatmasını təmin etmək idi. Məktubun naməlum müəllifi… Mən idim?! Bu həqiqət beynimdə ildırım kimi çaxdı. Əllərim titrəyə-titrəyə ağ vərəq çıxarıb önümə çəkdim. Keçmişdəki o çarəsiz, hər şeydən ümidini üzmüş gənci-özümü, sahafda oturan o tənha tələbəni düşündüm. Onun bu an mənə, mənim sözlərimə necə ehtiyacı olduğunu hiss etdim. Gözlərimdən süzülən yaşlarla yazmağa başladım:"Bilirəm, indi pəncərədən süzülən payız yağışına baxıb..."
Yazdıqca hər şey yerinə oturdu. İllər öncə tapdığım o məktub, keçdiyim bütün o çətin yollar, Leylaya olan sevgim... Hamısı bu anın yaşanması üçün imiş. Məktubu bitirib ehtiyatla dördbucaq qatladım, sol küncünə barmaq izimi çəkdim. İndi növbəti addımı atmalı idim. Bu məktubu gələcəkdəki - yoxsa keçmişdəki? -özümün tapması üçün o balaca sahaf mağazasındakı kitabın 111-ci səhifəsinə qoymalı idim…
Məryəm BAĞIROVA