Polşanın Baş naziri Donald Tusk ölkənin şərqindəki Tarnava Koloniya yaşayış məntəqəsi yaxınlığına düşən Rusiya balistik raketinin böyük ehtimalla Polşa ərazisini vurmaq məqsədilə atılmadığını bildirib. Bununla belə, o, hadisənin bütün təfərrüatlarının dərhal və araşdırılmalı olduğunu vurğulayıb.
Lyublin voyevodluğunda raketin düşdüyü ərazidən açıqlama verən Tusk baş verənləri “dramatik hadisə” kimi qiymətləndirib və xoşbəxtlikdən itki və ya dağıntının olmadığını diqqətə çatdırıb.
Baş nazirin sözlərinə görə, insident Rusiyanın müharibə başlayandan bəri Ukraynaya qarşı həyata keçirdiyi ən böyük hava hücumlarından biri zamanı baş verib. Mərmilər, balistik və qanadlı raketlər Ukrayna ərazisini, o cümlədən Polşa sərhədi yaxınlığındakı qərb bölgələrini hədəf alıb.
Tusk qeyd edib ki, Rusiyanın kütləvi zərbəyə hazırlaşdığı barədə kəşfiyyat məlumatı alındıqdan sonra Polşa hərbi komandanlığı bütün gecə vəziyyəti diqqətlə izləyib. O, həmçinin Ukrayna qırıcılarının Polşa sərhədinə doğru hərəkət edən raketləri izlədiyini və onları vurmağa cəhd etdiyini əlavə edib.
"Polşanın qəsdən hədəf alındığını düşünmək üçün heç bir əsas yoxdur. Lakin iki obyekt Polşanın hava məkanını pozub. Onlardan birinin hava məkanımızı pozduğu dəqiqdir, çünki izlərini burada tapmışıq. İkinci obyekt isə sərhəd yaxınlığında qısamüddətli qeydə alınıb və heç bir fəsad törətməyib", — deyə Donald Tusk bildirib.
Polşa Baş naziri əlavə edib ki, raket yaşayış məntəqələri üçün birbaşa təhlükə yaratsaydı, Silahlı Qüvvələr onu vurmağa tam hazır idi. Lakin raket belə bir qərarın verilməsinə ehtiyac qalmadan kimsəsiz əraziyə düşüb.
Tusk dinc əhalini xəbərdar etmək üçün həyəcan siqnallarının işə salındığını təsdiqləyib və cəmiyyətin fövqəladə hallara adekvat reaksiya verməyi öyrənməyə davam etməsinin vacibliyini vurğulayıb.
Hazırda Polşa hərbçiləri və prokurorluq əməkdaşları raketin düşdüyü ərazidə tədqiqatları davam etdirir, hadisə ilə bağlı araşdırma aparılır.
News365.az