Xəbər
verdiyimiz kimi Türkiyə höküməti ölkədə çalışan əcnəbi həkimlərə maddi dəstəyin
dayandırılması ilə bağlı qanunvericilik təşəbbüsü ilə çıxış edib. Və hətta
bununla bağlı qanun layihəsi Böyük Millət Məclisinə təqdim edilib.
Təbii ki, bu
qanunun qəbulu Türkiyədə azərbaycanlı həkimlərin də sosial vəziyyətinə ciddi təsir
göstərə bilərdi.
Nə yaxşı ki,
hər şey arzulanan sonluqla bitdi.
Bu barədə
tanınmış jurnalist İbrahim Nəbioğlu pzünün sosial səhifəsində yazıb.
O, bildirib
ki, xeyli müddətdir ki, Türkiyədə çalışan azərbaycanlı həkimlərlə bağlı məsələ
böyük narahatlıqla izlənirdi:
“Bəli, kimiləri
sadəcə izləyir, kimiləri minlərlə ağıllı, çalışqan və idealist həkimin
qarşılaşdığı problemə kömək üçün əlindən gələn dəstək və yardımı əsirgəmirdi.
Dəfələrlə
yazdığım kimi, məsələ yalnız maddi məsələ deyildi, illərdir bu ölkənin səhiyyə
sistemində çalışan insanların gələcəyi və əməyinin dəyərləndirilməsi baxımından
da böyük əhəmiyyət daşıyırdı.
Bu müddət ərzində
Türkiyədə çalışan digər ölkələrin vətəndaşı olan xarici həkimlər də problemin həlli
üçün böyük səy göstərdilər. Məqsəd bir idi — Türkiyə parlamentində qəbul olunacaq
qərarın doğura biləcəyi nəticələri aidiyyəti şəxslərə çatdırmaq və məsələnin
doğru qiymətləndirilməsinə yardım etmək.
Bu prosesdə
Azərbaycan tərəfinin dəstəyi ilə Türkiyə Böyük Millət Məclisinin bir sıra millət
vəkilləri ilə görüşlər təşkil olundu. Görüşlər zamanı həkimlər böyük hörmətlə
qarşılandılar, onlara problemi ətraflı şəkildə izah etməyə imkanı yaradıldı. Bəzi
millət vəkilləri həkimləri nahar süfrəsində qəbul edərək mövzunu daha geniş
müzakirə etdilər. Bu görüşlərdə səsləndirilən fikirlər yalnız bir qrupun deyil,
Türkiyədə çalışan bütün xarici həkimlərin ortaq narahatlığını əks etdirirdi.
Nəhayət ki,
sevindirici xəbər gəldi.
Parlament
komissiyasından keçməsinə baxmayaraq, məsələ Türkiyə Böyük Millət Məclisində
yenidən dəyərləndirildi və xarici uyruklu tibb ixtisası tələbələrinə aid
mübahisəli maddə torba qanun layihəsindən tamamilə çıxarıldı.
Bu qərar
minlərlə həkim və onların ailələri üçün böyük sevinc və rahatlıq yaratdı.
Bu münasibətlə
Türkiyədə çalışan bütün xarici uyruklu həkimləri və onların yaxınlarını ürəkdən
təbrik edir, gözaydınlığı verirəm.
Bir problemi
həll etmək üçün ən vacib addımlardan biri insanı dinləməkdir. Bu proses göstərdi
ki, qarşılıqlı dialoq və anlayış sayəsində ən çətin görünən məsələlər belə
yenidən dəyərləndirilə və ədalətli nəticəyə gətirib çıxara bilər.
Və ən böyük
gözaydınlığını bu özəl gəncləri böyüdən, yetişdirən valideynlərə verirəm!”.
News365.az