Rusiyanın Ukraynaya qarşı apardığı müharibə Avropada təhlükəsizlik məsələlərini yenidən gündəmə gətirib. Xüsusilə Finlandiya və İsveçin NATO-ya üzv olması, regionda hərbi balansın dəyişməsi və nüvə təhlükəsizliyi ilə bağlı müzakirələri daha da aktuallaşdırıb. Ekspertlər hesab edirlər ki, Rusiyanın aqressiv siyasəti Avropa ölkələrini yeni müdafiə tədbirləri görməyə məcbur edir.
Politoloq Elşad Həsənov mövzu ilə bağlı News365.az-a açıqlamasında bildirib ki, Finlandiya Rusiyanın Ukraynaya hücumundan sonra təhlükəsizlik siyasətini tamamilə dəyişib.

“Finlandiya bizim üçün nümunəvi bir ölkədir. Rusiyanın Ukraynaya təcavüzündən sonra həm Finlandiya, həm də İsveç NATO üzvü oldular və öz təhlükəsizliklərini təmin etmək üçün ciddi tədbirlər görməyə başladılar. Onlar hərbi güclərini artırır, NATO ölkələri ilə birgə təlimlər keçirirlər”, – deyə o qeyd edib.
Politoloqun sözlərinə görə, Finlandiyanın NATO-ya qoşulmasından sonra Rusiya da sərhəd bölgələrində hərbi iştirakını artırıb:
“Finlandiya NATO üzvü olandan sonra Rusiya Finlandiya sərhədinə böyük həcmdə qoşun və hərbi texnika yerləşdirməyə başladı. Buna görə də Finlandiya prezidenti çalışır ki, ölkəsinin təhlükəsizliyini təmin etmək üçün NATO ölkələrinin dəstəyini alsın”.
Elşad Həsənov bildirib ki, Finlandiya artıq nüvə başlıqlı raketlərin yerləşdirilməsinə prinsipial razılıq verib:
“Bu raketlər hələ tam yerləşdirilməyib. Hazırda məsələ ilə bağlı müzakirələr davam edir. Amma hesab edirəm ki, Rusiyanın apardığı siyasət nəticəsində ətraf ölkələrin əksəriyyəti nüvə başlıqları ilə təmin olunacaq”.
Politoloq qeyd edib ki, Fransa da Rusiyanın siyasətinə qarşı sərt tədbirlərin vacibliyini bəyan edib:
“Fransa artıq bildirib ki, Rusiyanın təcavüzkar siyasətinə qarşı ciddi addımlar atılmalıdır və Avropada müdafiə sistemi gücləndirilməlidir. Bu siyasətin nəticəsində bir çox ölkələr öz ərazilərində nüvə silahlarının yerləşdirilməsini gündəmə gətirir”.
Ekspert vurğulayıb ki, Finlandiyanın neytral statusdan NATO üzvlüyünə keçməsi Rusiyanın siyasətinin nəticəsidir:
“Finlandiya uzun illər sakit və neytral ölkə idi. Ancaq bu gün NATO-nun üzvüdür və öz təhlükəsizliyini təmin etmək üçün nüvə başlığı istəyir. Bütün bunların əsas səbəbi Rusiyanın apardığı təcavüzkar siyasətdir”.