Məzhəbçiliyin mahiyyəti- Tural İrfan yazır

Məzhəbçiliyin mahiyyəti- Tural İrfan yazır
09:43
Türkiyədə Ankara Baş Prokurorluğunun keçirdiyi genişmiqyaslı əməliyyat nəticəsində "Süleymançılar" dini icmasının lideri Alihan Kuriş daxil olmaqla ümumilikdə 49 nəfər saxlanılıb. İcma üzvləri korrupsiya, çirkli pulların yuyulması və 100 milyard türk lirəsindən çox vəsaitin qanunsuz olaraq xaricə köçürülməsində şübhəli bilinirlər. Mediada yayılan məlumatlara görə 17 şəhərdə 123 ünvan, ev və ofis yoxlanılıb. Axtarışlar zamanı külli miqdarda pul vəsaiti, sənədlər və silahlar aşkarlanaraq götürülüb.
Qərb dairələri əsasən Türkiyə və Pakistanda sufi təriqətləri liderlərindən, təriqət üzvlərindən agent kimi istifadə edir. Vaxtilə Səddam Hüseynin bir çox sirlərinin Mossada çatdırılmasında İraqdakı Kəznezani təriqətinin müstəsna rolu olmuşdu. Təriqət üzvləri qarına şiş batırma, vəhşi heyvanları ram etmə kimi illuziyalarla hətta İraq ordusunun generallarını da aldada bilmişdilər ki, guya təriqətə girsələr ABŞ əsgərlərinin gülləsi onlara təsir etməyəcək. Bəzi iddialara görə hətta Səddam Hüseynin həyat yoldaşı və böyük oğlu da Kəznezani təriqətinin təsirində olub. Guya mürid mənəviyyatını kamilləşdirmək üçün bütün hal və hərəkətlərini özündən üstdəki mürşidə ötürməli o da analiz edib müridə yeni tövsiyələr verməlidir. Beləcə generalların gündəlik hərəkət istiqamətini müəyyən edərək xarici xüsusi xidmət orqanlarına ötürmüş olublar.
Türkiyədəki "Süleymançılar" camaatının lideri Süleyman Hilmi Tunahan da 1863-cü ildə anadan olub, bir çox məscidlərdə vaizlik edib. Nəqşbəndi təriqətindən bir qol yaradaraq öz xüsusi zikr metodlarını və "rabitə" adlanan xüsusi mürşidə bağlılıq ayinini icad edib. Ağ təkkə üstündən başlarına sarıq sarıyıb sarığın ucunu kürəklərinə atırlar, namazda ön tərəfə əyilərək bükülmüş müti vəziyyət almaqla digərlərindən fərqlənirlər. Əsl adı Seyfullah, əslən də Ərzurumludur. 1957 yaxud 59-cu ildə vəfat edib. ("İslamda təriqətlər və məzhəblər", səh, 165-166) Abdulbaqi Gülpınarlı). Qeydlərə görə guya Allahla danışdığını da iddia edib.
Quran kursları və dərsxanalar açaraq tələbə yetişdirmək üçün vəqflər qurub hətta zavod açıb, həmin vəsaitlə Türkiyə və bir sıra müsəlman ölkələrində kurslar, mədrəsələr və yurd adı verilən yataqxanalarda dini tədrisin əsasını qoyub.
Süleyman Hilmi Tunahanın vəfatından sonra onun vəqflərini və missiyasını müxtəlif şəxslər davam etdirib. Bu kimi təriqətlər, camaatlar, toplumlar Pakistan və Türkiyədə əsasən sosial durumu ağır olan ailələri, şagird və tələbələri öz tərəflərinə cəlb edirlər. Təriqətin özü müəyyən xurafat və İslamda olmayan mövhumatlarla zəngin olsa da mahiyyəti etibarı ilə İslami cərəyanlara daxildir. Lakin bu kimi toplumlar xarici maraqlara alət olmaqdan qorunmaq üçün heç bir mənəvi təhlükəsizlik mexanizmlərinə sahib deyillər. Ona görə də asanlıqla xarici xüsusi xidmət orqanlarının təsirinə düşə, özləri də bilmədən onlara xidmət edə bilirlər. Xüsusilə Qərb dairələri müsəlman ölkələrindəki məzhəb, təriqət və camaatlardan, onların liderlərindən məharətlə istifadə edir. Görünür hazırda Türkiyədə həbs olunan "Süleymançı" camaatının üzvləri də hansısa xarici ölkənin təsirində yad maraqlara xidmət edirmişlər. Ümumiyyətlə məzhəb və təriqətlər xüsusi razılıqla xarici maraqlara xidmət etmə öhdəlikləri götürmüş olmasalar belə onların parçalanaraq bir-birinə qarşı apardığı ədavət, rəqabət və qütbləşmə, parçalanma elə düşmən dəyirmanına su tökmək kimi bir şeydir.
Tural İrfan, dinşünas

Sizin reklam burada
Sizin reklam burada