İnsanın bütün ömrünü dəyişmək üçün bir an da kifayət imiş...

İnsanın bütün ömrünü dəyişmək üçün  bir an da kifayət imiş...
09:51
Mənim öz-özlüyümdə hər zaman qaranlıq qalan iki sual var idi. Birincisi: Niyə gənclər hər keçən gün daha çox bir-birinə bıçaqla xəsarət yetirir, hətta bir-birini öldürürlər?. İkincisi: Niyə hər il yay mövsümündə, dəniz sezonu başlayanda bu qədər insan suda boğularaq həyatını itirir? Bir həftə ərzində qarşılaşdığım iki hadisə mənə bu iki sualın cavabını müəyyən qədər göstərdi. Bu yaxınlarda ictimai nəqliyyatdan, metropolitendən istifadə edib işdən evə qayıdırdım. İnşaatçılar stansiyasında qatarın içində heç nədən iki gənc arasında mübahisə yarandı. Sərnişinlər qatara daxil olan zaman onlardan biri təsadüfən digərinin ayağının üstünə çıxdı. Qarşı tərəf isə üzr istəmədiyi üçün əsəbiləşərək ona: “Kor-san? Ayağının altına bax da! Üstəlik, ayaqqabımı batırırsan, üzr də istəmirsən”, — deyə irad bildirdi. Söhbət uzandı. Əslində isə bütün məsələ bundan ibarət idi. Mən özümü misal çəkirəm. İctimai nəqliyyatdan istifadə edərkən mənim də ayağımın üstünə bəzən kimsə çıxır. Mən də istər-istəməz başqa sərnişinin ayağına basa bilərəm. Amma bunu həyat məsələsinə çevirmirəm. Çünki anlayıram ki, ictimai nəqliyyatda sıxlıq olur, insanlar bir-birinə toxuna, təsadüfən ayağına basa bilərlər. Bəzən insanın qarşısındakı hadisəyə verdiyi reaksiya hadisənin özündən daha təhlükəli olur. Bir neçə saniyəlik əsəb, bir neçə kəlməlik təhqir, “sən kimsən?” düşüncəsi, geri addım atmamaq istəyi... Və insan özünü idarə edə bilməyəndə adi bir mübahisə faciəyə çevrilə bilər. Ən acınacaqlısı isə budur ki, biri qəbrə, digəri həbsxanaya gedir. Bir ailə övladını torpağa tapşırır, başqa bir ailə isə övladının illərlə həbsxanada qalmasını gözləyir. Bütün bunlar isə bəzən bir ayağın üstünə təsadüfən basmaqdan, bir üzr istəməməkdən və ya qarşı tərəfin bir kəlmə artıq danışmasından başlayır.
Digər hadisə isə Bilgəh dənizində baş verdi. Havalar isti olanda mən də istər-istəməz dənizə gedirəm. Əsasən quma uzanıb dincəlmək üçün gedirəm. Qumun insanın bütün yorğunluğunu müəyyən qədər aradan apardığını düşünürəm. Dənizdə çimməklə isə elə də aram yoxdur. Adətən suya bir dəfə girirəm, 10–15 dəqiqə sonra çıxıram. Bir gün çimərlikdə olarkən gördüm ki, 5–6 gənc öz aralarında topla oynayır. Bir anda top uzaq məsafəyə düşdü. İki nəfər gənc topun arxasınca üzərək getməyə başladı. Ətrafdakı insanlar yaxşı ki, yüksək səslə onları çağırıb geri qayıtmalarını istədilər. Əks halda, bəlkə də bir neçə manatlıq topun arxasınca gedən iki gənc həyatını itirə bilərdi. Məndə bir anlıq sual yarandı: Bir insan niyə dəyəri 2–3 manat olan bir topun arxasınca öz həyatını təhlükəyə atır?, İnsan həyatı ilə müqayisədə həmin topun nə dəyəri var?. Top itə bilər. Yenisini almaq olar. Hətta ümumiyyətlə, topu götürməmək də olar. Amma itirilən insan həyatı geri qaytarılmır. Düşünürəm ki, mənim illərdir öz-özlüyümdə qaranlıq qalan iki sualın cavabı məhz bu iki hadisədə gizlənir. Birinci hadisə mənə göstərdi ki, insanların bir-birinə qarşı dözümsüzlüyü, özünü idarə edə bilməməsi və kiçik məsələləri böyütməsi böyük faciələrə səbəb ola bilər. İkinci hadisə isə göstərdi ki, insan bəzən təhlükəni düzgün qiymətləndirmir və kiçik bir şey uğrunda öz həyatını riskə atır. Əslində hər iki hadisənin kökündə eyni problem dayanır: İnsan həyatının dəyərini kifayət qədər dərk etməmək. Bir tərəfdə bir neçə saniyəlik qəzəb insanı cinayətə sürükləyir, digər tərəfdə isə bir neçə dəqiqəlik məsuliyyətsizlik insanı ölümə aparır. Ona görə də bəzən insanın özünə bircə sual verməsi kifayətdir: “Buna görə həyatımı, azadlığımı və ailəmin xoşbəxtliyini riskə atmağa dəyərmi?” Əgər bu sualı insan hadisədən əvvəl özünə versə, bəlkə də bir çox ailənin gözü yaşlı qalmaz. Çünki həyatda elə şeylər var ki, onları itirdikdən sonra yenisini almaq mümkündür. Amma insan həyatını yox.
İnsan həyatında elə anlar var ki, zahirən heç bir əhəmiyyət daşımır. Bir cümlə deyilir, bir addım atılır, bir qərar verilir, bir risk gözə alınır və insan yoluna davam edir. Həmin anın içində heç kim düşünmür ki, bəlkə də bu, həyatının ən mühüm saniyələrindən biridir. Çünki insan gələcəyin hansı qərarın içində gizləndiyini əvvəlcədən görə bilmir. Bəzən böyük faciələr böyük hadisələrdən yox, kiçik görünən seçimlərdən başlayır. İnsan qəribə varlıqdır. O, ölümün qaçılmaz olduğunu bilir, amma çox vaxt ölümsüz kimi yaşayır. Hər kəs bilir ki, həyat sonludur, lakin gündəlik davranışlarımızın çoxunda bu həqiqəti nəzərə almırıq. Sabahı sanki bizə verilmiş zəmanət kimi qəbul edirik. Elə bil sabah mütləq gələcək, evdən çıxan insan mütləq geri dönəcək, əsəbiləşdiyimiz adamla bir neçə saat sonra yenidən danışmaq imkanımız mütləq olacaq. Halbuki həyatın ən ağır həqiqəti budur ki, insan sabaha sahib deyil, yalnız bu ana sahibdir. Bəlkə də insanın ən böyük yanılğısı həyatın qiymətini onun davam etməsi ilə ölçməsidir. Hər gün nəfəs alırıq, səhər yuxudan oyanırıq, yaxınlarımızla danışırıq, küçəyə çıxırıq, işə gedirik, dostlarımızla görüşürük və bütün bunları adi hesab edirik. Halbuki bir gün bunlardan biri sonuncu dəfə baş verə bilər. İnsan isə çox vaxt “sonuncu dəfə” olduğunu yalnız həmin hadisə artıq geridə qaldıqdan sonra anlayır. Bu səbəbdən həyatın ən böyük faciələri bəzən ölümün özü deyil, insanın ölümə qədər yaşadığı düşüncəsizlikdir. İnsan nə vaxtsa özünə sual verməlidir: Mən həqiqətən yaşadığım həyatın dəyərini anlayırammı, yoxsa sadəcə onun içində hərəkət edirəm? Müasir psixologiya insan davranışlarının böyük hissəsinin ani emosiyalardan, vərdişlərdən və riskin yanlış qiymətləndirilməsindən təsirləndiyini göstərir. İnsan təhlükəni uzaqda gördükdə onu olduğundan kiçik hesab edə bilir. Eyni zamanda, özünə güvəndikcə riskin ona aid olmadığını düşünə bilir. “Mən bacararam”, “mənə heç nə olmaz”, “bir dəfədir”, “nə baş verəcək ki?” kimi düşüncələr insanın qərar vermə mexanizmini dəyişdirə bilər. Əslində isə faciələrin böyük hissəsi insanın təhlükəni heç görməməsindən yox, gördüyü təhlükəni lazımi qədər ciddi qəbul etməməsindən yaranır. Eyni şey qəzəbə də aiddir. İnsan əsəbiləşəndə dünyanı olduğu kimi deyil, həmin emosiyanın içindən görməyə başlayır. Qarşı tərəfin bir sözü böyük təhqir kimi görünür, kiçik bir davranış hörmətsizlik kimi qəbul edilir, geri çəkilmək isə məğlubiyyət təsiri bağışlayır. Belə məqamda insanın qarşısında iki yol olur: ya hissinin arxasınca gedəcək, ya da hissindən bir addım geri çəkilib düşünəcək. Faciə çox vaxt birinci seçimdən başlayır. Qəribədir ki, insan həyatının ən böyük səhvlərindən bəzilərini özünü “güclü” göstərmək istəyərkən edir. Səsini qaldırır ki, zəif görünməsin. Qarşılıq verir ki, hörmətsiz hesab olunmasın. Risk edir ki, qorxaq görünməsin. Halbuki həqiqi güc bunların əksindədir. Özünü idarə edə bilmək, vaxtında susmaq, təhlükəni görəndə geri qayıtmaq, qarşı tərəfin sözünü öz qürurundan üstün tutmamaq və “mən burada dayanmalıyam” deyə bilmək insanın daxili gücünün göstəricisidir. Bəlkə də buna görə qədim filosoflar insanın xarici dünyanı fəth etməsindən daha çox özünü fəth etməsi üzərində dayanırdılar. İnsan şəhərlər qura, dövlətlər idarə edə, sərvət toplaya, böyük biliklər əldə edə bilər. Amma öz qəzəbinin, tamahının, qorxusunun və təkəbbürünün qarşısında acizdirsə, bütün bu nailiyyətlərin içində yenə də özünə məğlubdur. İslamda insanın canı əmanət hesab olunur. Quranda insan həyatının toxunulmazlığına verilən əhəmiyyət son dərəcə yüksəkdir. Bu yanaşmanın mahiyyəti yalnız başqasının həyatına zərər verməməkdən ibarət deyil, insanın öz canına qarşı da məsuliyyət daşıdığını dərk etməsini tələb edir. Çünki insanın həyatı ona verilmiş mülk kimi deyil, qorunmalı bir əmanət kimi qəbul edilir. Əmanət anlayışı burada çox dərin məna daşıyır. İnsan öz həyatının sahibi olduğunu düşünə bilər, amma həyatın başlanğıcını özü seçməyib, ölüm vaxtını da özü müəyyən etmir. O, yalnız ona verilən zamanın içində necə yaşayacağına müəyyən qədər təsir edə bilir. Deməli, insanın üzərinə düşən əsas məsuliyyət həmin zamanı mənasız risklərlə, nifrətlə, qəzəblə və düşüncəsizliklə məhv etməməkdir. Tarixə baxanda da eyni mənzərə ilə qarşılaşırıq. İnsanlıq min illər ərzində texnologiyanı dəyişib, şəhərlər qurub, elmi inkişaf etdirib, kosmosa uçub. Lakin insanın daxilindəki bəzi zəifliklər demək olar ki, dəyişməyib. Qürur yenə qürurdur, qəzəb yenə qəzəbdir, tamah yenə tamahdır. Sadəcə onların istifadə etdiyi vasitələr dəyişib. Keçmişdə insan əlindəki qılıncla öz qəzəbinin nəticəsini ağırlaşdıra bilirdisə, bu gün başqa vasitələrdən istifadə edir. Deməli, texnologiyanın inkişafı avtomatik olaraq insanın mənəvi inkişafı demək deyil. Bəlkə də müasir dünyanın ən böyük ziddiyyətlərindən biri budur ki, insan xarici dünyanı idarə etməkdə inanılmaz dərəcədə irəli gedib, amma hələ də öz daxilini idarə etməyi öyrənməkdə çətinlik çəkir.
Biz süni intellekt yaradırıq, kosmosu araşdırırıq, okeanların dərinliklərinə enirik, bir neçə saniyəyə dünyanın o biri başındakı insanla danışırıq. Amma bəzən yanımızda dayanan insanın bir cümləsinə görə özümüzü itiririk. Biz uzaq planetlərin xüsusiyyətlərini hesablaya bilirik, amma öz qəzəbimizin nəticəsini hesablaya bilmirik. Biz milyardlarla məlumatı emal edən texnologiyalar yaradırıq, amma qərar verməzdən əvvəl özümüzə sadə bir sual verməyi unuduruq: “Bunun sonu hara gedə bilər?” İnsan üçün ən təhlükəli məsafə bəzən kilometrlərlə ölçülmür. Bəzən ən təhlükəli məsafə düşünmək ilə hərəkət etmək arasındakı bir neçə saniyədir. Həmin saniyələr insanın taleyini dəyişə bilər. Bir insanın əlini qaldırmazdan əvvəl saxladığı bir saniyə, qəzəblə deyilmiş sözü udduğu bir neçə saniyə, təhlükəli yerə getməkdən imtina etdiyi bir neçə dəqiqə, dostlarının təkidinə baxmayaraq “yox” dediyi bir an — bütün bunlar zahirən çox kiçik görünür. Amma həyat bəzən məhz belə kiçik qərarların üzərində dayanır. İnsan çox vaxt həyatını böyük qərarlarla idarə etdiyini düşünür. Halbuki həyatın istiqamətini hər gün verdiyimiz kiçik qərarlar müəyyən edir. Kiməsə necə cavab verdiyimiz, təhlükəni necə qiymətləndirdiyimiz, nə vaxt dayanmağı bildiyimiz, hansı insanlarla dostluq etdiyimiz, hansı davranışları normal qəbul etdiyimiz gələcəyimizin görünməyən təməlləridir. Ona görə də həyatın ən böyük müdrikliyi hər şeyi sınamaq deyil. Bəzi şeyləri sınamamağı bacarmaqdır.
İnsan hər qapını açmalı deyil. Hər yola girməli deyil. Hər mübahisəyə qoşulmalı deyil. Hər təhlükəni sınaqdan keçirməli deyil. Hər deyilən sözə cavab verməli deyil. Bəzən insanın həyatını xilas edən şey onun cəsarəti yox, vaxtında göstərdiyi təmkin olur. Bəzən bir addım geri çəkilmək bir ömür irəli getmək deməkdir. Bəzən susmaq zəiflik deyil, müdriklikdir. Bəzən “bilmirəm” demək savadsızlıq deyil, məsuliyyətdir. Bəzən “qorxuram” demək qorxaqlıq deyil, təhlükəni düzgün qiymətləndirməkdir. Bəzən “getmirəm” demək dostlardan ayrılmaq deyil, öz həyatını seçməkdir. Və bəzən insanın özünə verdiyi ən sadə sual onun bütün taleyini dəyişə bilər: “Mən bunu sabah da etməyə ehtiyac duyacağam, yoxsa bu günkü hissimin təsiri ilə hərəkət edirəm?”
Çünki hisslər dəyişir.
Qəzəb keçir.
Təhqirin ağrısı azalır.
İnadın mənası itir.
İtirilən əşyanın yenisi alınır.
Pul yenidən qazanılır.
İnsan səhvlərinin bəzilərini düzəldə bilir. Amma həyatın özü geri qaytarılmır. Buna görə insanın ən böyük məsuliyyəti sadəcə ölməmək deyil. Öz həyatını mənasız səbəblərdən təhlükəyə atmamaqdır. Həyatın dəyəri yalnız onun uzunluğunda deyil, insanın onu nə qədər şüurlu yaşamasındadır. Bir insan yüz il yaşaya bilər və həyatının böyük hissəsini düşünmədən keçirə bilər. Başqa biri daha qısa ömür sürə bilər, amma yaşadığı hər günün məsuliyyətini dərk edə bilər. Burada məsələ neçə il yaşamaqdan əvvəl necə yaşamaqdır. Bəlkə də ölüm haqqında düşünmək insanı həyatdan uzaqlaşdırmır. Əksinə, onu həyata yaxınlaşdırır. Çünki ölümün mövcudluğunu anlayan insan həyatın adi olmadığını görür. Ana ilə söhbətin adi olmadığını anlayır. Atanın səsini eşitməyin adi olmadığını anlayır. Dostla bir fincan çay içməyin adi olmadığını anlayır. Evdən çıxıb sağlam şəkildə geri qayıtmağın adi olmadığını anlayır. Səhər gözünü açmağın belə böyük bir imkan olduğunu dərk edir. Və onda insanın davranışları dəyişməyə başlayır.
Daha az qəzəblənir.
Daha çox düşünür.
Daha az risk edir.
Daha çox qoruyur.
Daha az sübut etməyə çalışır.
Daha çox yaşamağa çalışır.
Çünki insan nəhayət anlayır ki, həyatda hər şeyi qazanmaq mümkün deyil və əsl məsələ də hər şeyi qazanmaq deyil. Əsl məsələ ən qiymətli olanı itirməməkdir. İnsan bir gün bütün bunları anlayır. Təəssüf ki, bəziləri bunu çox gec anlayır. Ona görə də bəlkə də həyatın ən mühüm dərsi məktəbdə, universitetdə, kitabda və ya böyük bir nitqdə deyil, insanın öz vicdanında yazılmalıdır:
Qəzəblənəndə dayan.
Təhlükə görəndə düşün.
Risk edəndə nəticəni hesabla.
Qərar verəndə sabahı xatırla.
Heç vaxt bir anlıq hissi bir ömürlük nəticədən üstün tutmayın. Çünki insanın həyatını çox vaxt böyük hadisələr deyil, böyük hadisələrə çevrilən kiçik qərarlar dəyişir. İnsan bəzən həyatını itirəcəyini düşündüyü üçün deyil, onu itirə biləcəyini düşünmədiyi üçün risk edir. Bəlkə də müdriklik elə buradan başlayır — insanın hər şeydən əvvəl öz həyatının faniliyini, öz davranışlarının nəticəsini və qarşısındakı insanın da eyni dərəcədə qiymətli bir həyat daşıdığını dərk etməsindən. Çünki insan nə qədər güclü, savadlı, varlı və cəsarətli olsa da, həyatın qarşısında bir həqiqət dəyişmir: İkinci həyat yoxdur. İkinci uşaqlıq yoxdur. İkinci dəfə yaşanacaq eyni gün yoxdur. Ona görə də bəzi qərarlar verilməzdən əvvəl deyil, verilməmişdən əvvəl düşünülməlidir. Çünki bəzi səhvlərin dərsi var, amma düzəlişi yoxdur. Və bəzən bir insanın bütün ömrünü dəyişmək üçün yalnız bir an kifayətdir.

Sizin reklam burada
Sizin reklam burada