Rusiya-Ukrayna müharibəsində son aylarda hərbi vəziyyətin xarakteri dəyişməyə başlayıb. Ukraynanın Rusiyanın dərinliklərində yerləşən strateji obyektlərə dron zərbələri endirməsi müharibənin yeni mərhələyə keçdiyini göstərir. Ekspertlər hesab edirlər ki, Belarusun prosesə daha fəal şəkildə cəlb olunması regionda gərginliyi daha da artıra bilər.
Politoloq Əhməd Şahidov mövzu ilə bağlı News365.az-a açıqlamasında bildirib ki, Ukrayna artıq yalnız müdafiə olunan tərəf deyil.

“Ukrayna müharibəsində vəziyyət altı ay və ya bir il əvvəlki kimi deyil, tamamilə fərqlidir. Ukrayna artıq hücuma keçən tərəf kimi görünür. Rusiya ordusu şərq və şimal-şərq istiqamətlərində əməliyyatlarını davam etdirsə də, Ukrayna buna cavab olaraq Moskva, Volqoqrad, Krım və digər bölgələrdə enerji infrastrukturlarını, müdafiə sənayesi obyektlərini, zavod və fabrikləri vurur”, – deyə o bildirib.
Ekspert qeyd edib ki, Belarus da müharibə fonunda yenidən diqqət mərkəzinə çıxıb:
“İlk günlərdən məlum idi ki, Belarus cəbhəsindən Rusiya aktiv şəkildə istifadə edir. Rusiyaya yönəlmiş pilotsuz uçuş aparatlarının və raketlərin zərərsizləşdirilməsində Belarusun hava hücumundan müdafiə sistemlərinin də rolu var. Bu səbəbdən Ukrayna ilə Belarus arasında ciddi gərginlik yaşanır”.
Əhməd Şahidovun sözlərinə görə, Ukrayna tərəfi Belarusdan mümkün hücumlara sərt cavab veriləcəyini açıq şəkildə bəyan edib:
“Əgər Belarus cəbhəsindən hücum olarsa, Ukrayna tərəfi ilk saatlardaca Belarusun əsas hərbi və iqtisadi sənaye infrastrukturunu məhv edəcəyini bildirib. Bu isə Belarus üçün ciddi təhdiddir”.
Politoloq vurğulayıb ki, Belarus ərazisində Rusiya nüvə başlıqlarının yerləşdirilməsi vəziyyəti daha da həssas edir:
“Belarus faktiki olaraq Rusiya nüvə başlıqlarının yerləşdirildiyi ölkəyə çevrilib. Ona görə də Aleksandr Lukaşenkonun ötən həftə Vladimir Putinlə görüşü xüsusi diqqət çəkir. Görüş rəsmi olaraq iqtisadi və siyasi məsləhətləşmələr kimi təqdim olunsa da, əsas müzakirə mövzusu Ukraynaya qarşı birgə hərbi əməliyyatlar idi”.
Ekspert əlavə edib ki, Ukraynanın kütləvi dron əməliyyatları Rusiyanın hava hücumundan müdafiə sistemlərinin zəifliklərini üzə çıxarır:
“Ukrayna artıq kütləvi dron əməliyyatlarını uğurla həyata keçirir. Bu gün Rusiya hava hücumundan müdafiə sistemləri Ukraynadan göndərilən dronların qarşısını almaqda çətinlik çəkir. Moskva və digər şəhərlərdə enerji obyektlərinin, zavodların vurulması bunu açıq şəkildə göstərir”.