Ukrayna münaqişəsi təhlükəli mərhələyə keçdi - "The Wall Street Journal"

Ukrayna münaqişəsi təhlükəli mərhələyə keçdi - "The Wall Street Journal"
03 İyn 2025 10:22

“The Wall Street Journal” (WSJ) Ukraynanın son hücumları barədə diqqət çəkən məqalə dərc edib. Nəşr yazıb ki, Ukrayna Silahlı Qüvvələrinin (VSU) Rusiya ərazisinə son hücumları Ukraynadakı münaqişənin təhlükəli mərhələyə daxil olmasından xəbər verir. Hər iki tərəf gərginləşəcək, eyni zamanda ABŞ-nin iştirakı ilə nizamlanma perspektivləri getdikcə qaranlıq görünür.

Məqalədə o da xatırlanıb ki, İstanbulda başlayan danışıqların ikinci raundu Ukrayna Silahlı Qüvvələrinin Rusiya aerodromlarına PUA basqınından bir gün sonra baş tutub.

Müəllif yazıb: "Görüş cəmi bir saat davam etdi, nəticədə məhbusların dəyişdirilməsi ilə bağlı razılaşma əldə olundu, amma bu çox az nəticə idi. Görünür "hərarəti" aşağı salmaq əvəzinə, 40 aylıq yorucu müharibə daha da qızışır. Bu, Trampın minimal müqaviməti ilə baş verir".

Jurnalistlərin yazdıqları kimi, son qalmaqallı hücumdan sonra yeni şəraitdə ABŞ prezidenti Donald Trampın hansı mövqe tutacağı bəlli deyil. Lakin Rusiya lideri Vladimir Putin Ağ Ev rəhbərinin Ukraynanın tərəfini tutmaqdansa, münaqişə ilə maraqlanmayıb proseslərdən geri çəkilməyə üstünlük verəcəyini güman edir.

Xatırladaq ki, iyunun 1-də Ukrayna kod adı "Pautina" olan genişmiqyaslı əməliyyat keçirib. Bu əməliyyat zamanı Rusiyanın 5 hərbi aerodromuna, o cümlədən Murmansk, İrkutsk, İvanovo, Ryazan və Amur vilayətlərindəki obyektlərə hücum edilib.

Bu, münaqişə zamanı Sibirə ilk hücum olub. Əməliyyatı Ukrayna Təhlükəsizlik Xidməti (SBU) təşkil edib və əməliyyat il yarımdan çox müddətə hazırlanıb. Əməliyyatda 117 FPV pilotsuz uçan aparatından istifadə edilib. Onlar gizli şəkildə Rusiya ərazisinə gətirilib və yardımçı tikililərdə- mobil sığınacaqlara yerləşdirilib. Pilotsuz təyyarələr uzaqdan işə salınaraq strateji hədəfləri, o cümlədən Tu-95 bombardmançıları və A-50 təyyarələrini vurub.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.


Tural


Sizin reklam burada
Sizin reklam burada