"Minerallar Sazişinin imzalanma ehtimalı bəlkə də tam bir atəşkəsin imzalanma ehtimalından daha yüksəkdir. Çünki Ukrayna görünən odur ki, bu sazişin imzalanmasına razılığını verib. "
Politoloq Sultan Zahidov bu sözləri News365.az-a açıqlamasında deyib.
"Ukrayna başa düşür ki, ABŞ-ın dəstəyi ona hava-su qədər vacibdir. Hətta bir həftəlik müddətdə ABŞ bu kəşfiyyat və hərbi dəstəyi dayandırdı və bunun nəticəsində Ukraynanın cəbhədəki vəziyyəti xeyli gərginləşdi.
Bütün bu faktlar fonunda düşünürəm ki, Ukrayna çalışır ki, bu razılaşma imzalansın. Sadəcə, burada Ukraynanın müəyyən “qırmızı xətləri” var. Onlardan biri də təhlükəsizlik zəmanəti məsələsidir. Yəni Ukrayna bu saziş müqabilində ən azından ABŞ tərəfindən müəyyən təhlükəsizlik zəmanətlərinin verilməsini istəyir. Lakin məlumdur ki, ABŞ bu təklifə isti yanaşmayıb. Bunun əsas səbəblərindən biri də ABŞ-ın bu danışıqlarda neytral tərəf kimi görünməyə çalışmasıdır.
Donald Trump da çox yaxşı bilir ki, Rusiyanın təhlükəsizlik zəmanətləri məsələsində ciddi tərəddüdləri var. Rusiya Qərb kontingentinin heç bir halda Ukraynaya gətirilməsini istəmir. Hətta bu məsələyə dair Medvedevin də açıqlaması olmuşdu. Rusiya açıq şəkildə bildirir ki, Ukraynada NATO kontingentinin yerləşdirilməsi onun üçün “qırmızı xətdir” və bu, vəziyyəti daha da gərginləşdirə bilər.