Üçuşaqlı analara 5 il tez pensiya hüququ verilməlidir - Deputatdan təklif

Üçuşaqlı analara 5 il tez pensiya hüququ verilməlidir - Deputatdan təklif
12:36

Azərbaycanda qadınlarla kişilər arasında əməkhaqqı fərqi son illər azalıb.

News365.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2025-ci ildə fəaliyyəti haqqında məlumatın müzakirəsi zamanı deputat Əli Məsimli deyib.

Deputat bildirib ki, qadınlar və kişilər arasında əməkhaqqı fərqinin aradan qaldırılması istiqamətində qanunvericilikdə həyata keçirilən dəyişiklikləri müsbət qiymətləndirir.

Onun sözlərinə görə, 2017-ci ilə qədər qadınlarla kişilər arasında əməkhaqqı fərqi təxminən 54 faiz təşkil edirdisə, 2025-ci ildə bu göstərici 31,5 faizə enib.

Əli Məsimli qeyd edib ki, bu, müsbət dinamika olsa da, göstəricilər sahələr üzrə fərqlənir:

“Əgər diqqət etsək, təhsil, səhiyyə və dövlət idarəetməsi sahələrində qadınların orta əməkhaqqısı kişilərin əməkhaqqısının 86-89 faizini təşkil edir. Amma peşə, elmi-texniki fəaliyyət sahəsində qadınların əməkhaqqısı kişilərin əməkhaqqısının 52 faizini, maliyyə sahəsində isə 56 faizini təşkil edir”.

Deputat bildirib ki, qadınların əməkhaqqısının artırılması yalnız iqtisadi məsələ deyil:

“Bu həm qadının, həm də ailənin gələcəyinin yaxşılaşdırılması kontekstində qiymətləndirilməlidir”.

O vurğulayıb ki, qəbul olunan qanunların icra mexanizmləri də hazırlanmalıdır ki, qadınların əməkhaqqısının kişilərin əməkhaqqına yaxınlaşdırılması prosesi sürətlənsin.

Əli Məsimli əlavə edib ki, əmək bazarının tələblərinə uyğun olaraq qadınların məşğulluq imkanlarının genişləndirilməsi, onların yüksək maaş verilən sahələrdə çalışmasının təmin edilməsi və rəqabət qabiliyyətinin artırılması istiqamətində əlavə tədbirlərə ehtiyac var.

Deputat həmçinin bildirib ki, qadınların pensiya yaşının 65-ə çatdırılması mühüm göstəricidir və erkən pensiya ilə bağlı məsələlərə yenidən baxıla bilər.

Onun sözlərinə görə, hazırda qanunvericilikdə çoxuşaqlı ailə dedikdə 5 və daha çox uşağı olan ailələr nəzərdə tutulur:

“Çoxuşaqlı ailə anlayışında 5 uşaq əvəzinə 3 və daha çox uşağın nəzərdə tutulması həmin analara 5 il tez pensiyaya çıxmaq hüququ qazandıra bilər”.


Sizin reklam burada
Sizin reklam burada