Tuti-Bikə əfsanəsi

Tuti-Bikə əfsanəsi
19 Mar 2025 09:53
Azərbaycan tarixində qadınların oynadıqları mühüm rollar barədə yazmaqla bitməz. Azərbaycan qadını həm həyat yoldaşı, həm döyüş yoldaşı, həm də övladlara sağlam tərbiyə verən bir Ana olub. Belə tarixi qadınlardan biri də Quba xanı Fətəli xanın həyat yoldaşı, Dərbəndin Qaraqayqat usmisi Əmir Həmzənin bacısı Tutu (Tuti) Bikədir.
Qeyd edim ki, 1747-ci ildə Nadir şahın sui-qəsd nəticəsində vəfatından sonra müstəqillik əldə edən Quba xanlığı iqtisadi və hərbi cəhətdən öz gücünü artırdıqdan sonra ərazilərini genişləndirməyə başlayır. Hüseynəli xanın vəfatından sonra Qubanın yeni xanı 22 yaşlı Fətəli oldu. Fətəli xan qısa müddətdə özünü bacarıqlı və mahir dövlət adamı kimi sübut edir. Onun apardığı siyasət nəticəsində Quba xanlığının ərazisi genişləndi.
Gənc Fətəli xanın Tuti-Bikə ilə tanışlığında səbəb xanımın özü olub. Qubada keçirilən oxatma yarışlarında üzü niqablı bir şəxs qalib olur. Lakin mükafatı almaqdan imtina edib gedən zaman Fətəli xanın israrından sonra geri dönür. Xan onun kimliyini soruşsa da niqablı danışmır. Xan qəzəblə ondan üzündəki niqabı açmağı əmr edir və görür ki, qalıb bir gözəl xanımdır. İlk andan Xan ona aşiq olur və ona elçi düşür.
Tuti-Bikə döyüşçü qabliyyəti ilə yanaşı mükəmməl mədrəsə təhsil almış savadlı qadın idi və gözəl nitq qabliyyəti, insanlar arasında mübahisəli sülh ilə həll etmək bacarığı olan hakim və diplomatik danışlqlar apara biləcək diplomat idi.
Ailə qurulmasından sonra onun üzərinə daha bir yük düşür. Dərbəndin hakimi olmaq. Qısa zamanda Dərbənd əhalisinin sevgi və hörmətini qazanmışdır. Tutu Bikə bütün həyatı boyu Fətəli xana sədaqətli olmaqla yanaşı Dərbəndin qoruyucu mələyi titulunu almışdır.Qardaşı ilə ərinin arasında olan münaqişəli vəziyyətə baxmayaraq Fətəli xanın tərəfində olub.
Quba xanından intiqam almaq üçün fürsət axtaran usmi Əmir Həmzə onun Şirvanda məşğul olduğunu görcək şamxal Dişsiz Məhəmməd xanla ittifaq bağlayaraq, güclü qoşunla Qubaya hərəkət etdi və Dərbəndə yaxınlaşan zaman güclü müqavimət ilə qarşılaşır.
Bacısına dəfələrlə məktub yazaraq qalanı ona təslim etməsini tələb etsə də Dərbəndin ona etibar edilməsini bildirən Tuti Bikə qardaşına geri çəkilməyi təklif edir. Doqquz aylıq bir müddət ərzində Əmir Həmzə qalanı mühasirədə saxlasa da Tutu Bikə inadla müqavimət göstərərək şəhəri müdafiə edir.
Şəhərin təxminən 700 nəfərdən ibarət qarnizonu var idi. Əvvəlcə Əmir-Qəmzə hiylə ilə Dərbəndi ələ keçirməyə çalışdı. O, bacısına ərinin öldüyünü, meyitini gətirdiyini deyib. Bundan sonra ondan şəhər darvazalarını açmağı xahiş etdi. Lakin Tuti Bikə qardaşının məkrli xarakterini bildiyi üçün ona inanmadı.
Tuti Bikə şəxsən özü ilə birlikdə döyüşçülərə başçılıq edərək qala divarlarına çıxdı. Son nəfəsinə qədər şəhəri müdafiə etməyi əmr etdi. Qarnizona tərəf dönüb ucadan qışqırdı:
- Nə qədər ki, ürəyimiz bunu deyirsə, döyüşəcəyik. Biz bir addım belə geri çəkilməyəcəyik.
- Biz təslim olmayacağıq! – döyüşçülər də ona yüksək səslə cavab verdilər.
Qala başında durub topların atəş etməsini əmr edən Tuti Bikənin bacı ürəyi dözmür, əmr edir ki, qardaşı olan tərəfə atəş edilməsin.
Dərbəndin alınmaz qalması Azərbaycan tarixində adı əfsanəyə eə çevrilən Tuti Bikənin qəhrəmanlığı ilə bağlanmalıdır. O, 1786-cı ildə dünyasını dəyişir və Dərbəndin "Qırxlar qəbiristanlığı'nda, səkkizguşəli məqbərədə dəfn edilir. Fətəli xanın arvadının şərəfinə tikdirdiyi türbə bu gün də ziyarət olunmaqdadır.
Zaur Əliyev, tarixçi alim

Sizin reklam burada
Sizin reklam burada