"Cəmiyyət olaraq müzakirə üçün mövzu tapmırıq"- Ulucay Akif

"Cəmiyyət olaraq müzakirə üçün mövzu tapmırıq"- Ulucay Akif
16:21
Cəmiyyət olaraq müzakirə elədiyimiz bir dənə yönlü mövzu yoxdu. Bütün müzakirələrimiz "semiçka" çırtlaya-çırtlaya danışılası şeylərdi, amma biz elə ciddiyyətlə danışırıq, elə bil əhəmiyyətli nəsə var.
İstəyirsiniz qısaca diaqnoz da qoyum özümüzə: "semiçka xalqı" - gələcəkdə sosioloqlar bir elmi ad tapar buna.
Kimlərsə deyə bilər ki, "belə deyildik, bizi belə bir cəmiyyətə çevirdilər". Bir variant da budur, amma, açığı, bu variant da mənə səmimi və inandırıcı gəlmir. Məncə, həmişə belə olmuşuq.
Amma düzəlməyimizə, dəyişməyimizə şərait yaradırlarmı?
Qətiyyən!
Bununla razılaşaram ki, düzəlməyimiz üçün xüsusi, gözəbatan, dişəgələn addımlar atılmır.
Cəmiyyətimiz də çox aqressivləşib, qəddarlaşıb. Adam nəsə haqqında fikir bildirməyə də qorxur ki, xalqa çevrilməyi bacarmayan qəddar kütlə odda qızdırdığı qaynar damğanı ya alnına, ya kürəyinə, ya da başqa yerinə basıb sənə də bir "ad" verəcək.
Məsələn, Alyona Əliyeva söhbəti...
Hansı sayta, səhifəyə, şəbəkəyə girirsən, bunun müzakirəsi gedir. Müdafiə edən saytlar, səhifələr... Tənqid edən saytlar, səhifələr...
Axı bu söhbət bizim nəyimizə lazımdır?
Gələcək indi o dəstə: trolluq edirsəəəəəən!
Qışqırışacaqlar, bağıracaqlar, güləcəklər.
Adamlara izah edə bilməyəcəksən ki, ay dostum, ay qardaşım, ay bacım, söhbət kimisə müdafiə etməkdən getmir e. Allah şahidimdir ki, bu "məsələyə" aid heç nəyə baxmamışam, xəbərdar da deyiləm nə olub, nə olmayıb.
Söhbət mövzunun cılızlığından gedir.
Kiminsə şəxsi həyatı sizi niyə maraqlandırır axı?
İstər müxalifətçisinin, istər iqtidarçısının, istər müğənnisinin, istər yazıçısının şəxsi həyatı sizin nəyinizə lazımdır?
Bir adamın şəxsi həyatı ancaq onda müzakirə predmeti olar ki, məsələnin ictimai yükü olar, nəyəsə təsiri olar, ziyanı olar, faydası olar.
Ay Allahım, Sən böyüksən, Sən özün başa sal bu insanlara demək istədiyimi.
Bütün ömrümüz boyu burnumuz onun-bunun həyatında yaşayırıq. Dünyanın heç bir yerində bizim qədər "semiçka" çırtlayan xalq ola bilməz. Məhəlləmizdə, "padyezd"in qabağında bir torba "semiçka" çırtlayırıq ki, görək kim hara getdi, kim hardan gəldi, kim kimin maşınına mindi, kim kimin maşınından düşdü, hansı paltarda, saat neçədə?
Burnumuz başqalarının yatağında, intim həyatında, cibində, evində... Belə yaşamaq olar? Siz də məni bağışlayın, tfu belə yaşamağa.
Dövlətin yüzlərlə qüsuru var, səhvi var, yazın o şeyləri, o məsələləri müzakirə edin, polemika yaransın.
Soruşun ki, ay dövlət baba, bu gün-sabah neft heç kimə lazım olmayacaq, hələ bir dənə düz-əməlli stol-stul da düzəldə bilmirik, kənd təsərrüfatı lazımınca stimullaşdırılmır, monopoliyaya çevrilib, nəynən ayaqda duracaq iqtisadiyyatımız?
Türkiyənin digər inkişaf etmiş sahələrini keçdim, tekstil var, bütün dünyaya pal-paltar satırlar, biz hələ özümüzə tursik-mayka tikə bilmirik, nolacaq bunun axırı?
On milyon adam Azərbaycan adlı bir ölkənin sərhədləri daxilində toplaşmışıq, hələ bir dənə şey istehsal eləyib ortaya qoya bilməmişik. El diliylə desək, bir yaralı barmağa... Nə olacaq bizdən?
Səhiyyəmiz elə vəziyyətdədir ki, dünyaya uşaq gətirmək üçün xəstəxanaya gedəndə də qorxuruq. Dua eləyirik ki, uşaq ölsə də, ana sağ qalsın heç olmasa.
Təhsilimiz elə vəziyyətdədir ki, dua eləyirik, heç olmasa, uşaqlar məktəbə bıçaq-zad aparmasın, sonrası nə olar, olar.
Mən bunları düşünürəm, belə məqamda hansısa saytdan bir jurnalist xanım zəng edir ki, Ulucay bəy, yazıçılarımız niyə dünyaya çıxa bilmir? Deeee, çıxacağıq. Az qalıb. Hər şeyimiz dünyaya çıxıb, bir dənə yazıçılarımızı çıxara bilməmişik. Nə böyük faciə!
Ulucay Akif, publisist

Sizin reklam burada
Sizin reklam burada