İlaxır çərşənbəniz mübarək. Bu günə özəl olaraq Sizlərə çox maraqlı bir kitab təqdim edirəm. Son günlər Babək Hürrəmi ətrafında gedən mübahisələrə son qoyacaq kitabı oxumağınızı məsləhət görürəm. Söhbət 1848-ci ildə Almaniyada nəşr edilən "Leypsiq Kral Saksoniya Elmlər Cəmiyyətinin Hesabatları, Filoloji-Tarixi bölmə" kitabından gedir. Həmin kitabı PDF formatında oxumaq üçün link belədir:
Qeyd edim ki, bu nə sadəcə bir kitabdır, nə də adi iclas protokolu. Bu, o dövrün ən məşhur alimlərinin yeni tapdıqları əlyazmalar və tarixi kəşflər barədə məruzələrinin toplandığı akademik jurnaldır. Müəlliflərdən biri də XIX əsr Almaniya şərqşünaslıq məktəbinin ən tanınmış simalarından olan Qustav Flügeldir.
Flügel ərəb, fars və türk dillərini mükəmməl bilirdi və ömrünün böyük hissəsini Şərq əlyazmalarını oxumağa, onları sistemləşdirməyə sərf etmişdi.
Onun yazdığı elmi məqalə, Babəkin etnik kimliyi və hərəkatın kökləri barədə mühüm detalları ortaya qoyur. Xüsusilə 48-49-cu səhifələrdə müəllif birbaşa deməsə də, dolayısı ilə Babəkin türk mənşəli bir mühitdən gəldiyini göstərən bir neçə faktı təhlil edir:
Flügel Babəki "fars" adlandırmaqdan çəkinir və daha çox "azərbaycanlı" (Aderbeidjaner) kimi qeyd edir.
Onun fikrincə, Babəkin kimliyi və baxışları farsların dini-mədəni fəlsəfəsindən uzaqdır. Flügel yazır ki, Babək Azərbaycanın (Adherbaidjan) dağlıları arasından çıxmış bir liderdir və onu nə fars, nə də ərəb kimi yox, məhz bu bölgənin qədim yerli əhalisinin nümayəndəsi kimi qələmə verir.
49-cu səhifədə müəllif Babəkin ordusunun döyüşdəki çevikliyindən, oxatma bacarığından və döyüş taktikasından danışarkən bunların o dövrün türk süvari sənəti ilə eyni olduğunu bildirir.
Kitabda ən diqqətçəkən məqamlardan biri də Babəki məğlub edən türk sərkərdəsi Afşinlə Babək arasındakı oxşarlıqdır. Flügel yazır ki, hər ikisi əslində eyni mədəni mühitdən gəlirdi. Hətta Babək əsir düşəndə Afşinə "mən səninlə eyni kökdənəm" dediyi də qeyd olunur.
48-ci səhifədə müəllif ərəb tarixçilərinin Babəki "atası məlum olmayan" biri kimi təqdim etmələrini onun milli kimliyini gizlətmək cəhdi kimi dəyərləndirir. Flügelə görə, Babəkin atası Azərbaycanın şimalındakı türk məskənlərindən olan və ticarətlə məşğul olan bir adam olub.
Flügel xüsusi vurğulayır ki, Babək hərəkatı təkcə bir dini mübarizə deyil, eyni zamanda Azərbaycanın coğrafi bütövlüyünü və müstəqilliyini qorumaq cəhdidir.
48-ci səhifədə adla bağlı da maraqlı bir izah var. Flügel qeyd edir ki, "Babək" adı əslində "Papak" formasından gəlir. Bu sözün mənasını araşdıran alim bildirir ki, türk mühitində "ata" mənasını verən bu söz Babəkə xalq tərəfindən verilmiş bir hörmət tituludur.
"Baba" və ya "Babaq" bir çox türk boylarında hörmətli başçı deməkdir. Müəllif vurğulayır ki, Babəkin əsl adı Həsən olub, lakin xalqın ona olan böyük sevgisi və onu özlərinə mənəvi ata bilmələri səbəbindən ona bu ad verilib. Bu da türk və şərq ənənəsində rəhbərlərə "baba" deyilməsi adəti ilə tam üst-üstə düşür.
Mətndə Babəki məğlub edən Afşin və onun türk əsgərləri ilə Babəkin adamları arasında hərbi bacarıq və dözümlülük baxımından oxşarlıqlar da müqayisə edilir.
Müəllif qeyd edir ki, xilafət Babəki yalnız onun kimi döyüşən türklər sayəsində məğlub edə bildi. Babəkin ordusunun əsas gücü məhz türk sərkərdələrinə xas olan dözüm və sürətli manevr qabiliyyətinə əsaslanırdı.
Tərxan, Aydın, Rüstəm və digər sərkərdələr barədə Flügel yazır ki, onlar Babəkə təkcə bir komandir kimi deyil, bir ata kimi bağlanmışdılar. Onların ölümü belə qorxmadan qarşılamaları ərəb tarixçilərini heyrətə salmışdı
1848-ci ildə Almaniyada çap olunmuş bu kimi akademik mənbələr, mübahisələrin kökündə duran suallara cavab verən ciddi mənəblərdən biridir.
Zaur Əliyev, tarixçi