ABŞ-ın Fars körfəzinə hərbi qüvvə yığması kritik mərhələdən xəbər verir

ABŞ-ın Fars körfəzinə hərbi qüvvə yığması kritik mərhələdən xəbər verir
16:52

ABŞ-ın Yaxın Şərqdə hərbi fəallığı son dövrlər daha açıq şəkildə müşahidə olunur.

Məsələ ilə bağlı politoloq Sabir Məmmədli News365.az-a açıqlamasında bölgədə gedən prosesləri və Vaşinqtonun mümkün addımlarını şərh edib.


Politoloqun sözlərinə görə, ABŞ-ın dünyanın müxtəlif nöqtələrində yerləşən hərbi bazaları və aviadaşıyıcıları mövcuddur, lakin bu qüvvələrin Fars körfəzi istiqamətinə cəmlənməsi vaxt və ciddi hazırlıq tələb edir. Onun bildirdiyinə görə, əvvəlki mərhələdə, təxminən bir il yarım əvvəl Donald Tramp daha çox nöqtə zərbələri ilə proseslərə müdaxilə etməyə çalışsa da, sonradan məsləhətçilərinin tövsiyəsi ilə bu yanaşmadan geri çəkilib.

Sabir Məmmədli qeyd edib ki, Tramp administrasiyası hərbi eskalasiyaya gedəcəyi təqdirdə, bunun yalnız məhdud zərbələrlə mümkün olmayacağını anlayıb və daha geniş miqyaslı hərbi qüvvələrin cəlb edilməsi gündəmə gəlib. Nəticədə Sakit okean, Atlantik və Hind okeanı hövzələrindən ABŞ-a məxsus hərbi kontingent, o cümlədən aviadaşıyıcılar Fars körfəzinə yaxın ərazilərdə mövqe tutub.

Politoloqun sözlərinə görə, son məlumatlara əsasən, ABŞ hərbi qüvvələri artıq İran sərhədlərinə təxminən 400 kilometr məsafədə yerləşdirilib və bu da bölgədə kritik vəziyyət yaradıb. O əlavə edib ki, əvvəlki mərhələdə İsrailin Baş naziri Benyamin Netanyahu Trampı tələsik eskalasiyadan çəkindirməyə çalışıb, çünki həm İsrailin, həm də ümumi əməliyyatların hazırlanması üçün vaxt lazım idi.

Sabir Məmmədli hesab edir ki, hazırda həlledici mərhələ başlayıb və yaxın günlərdə aydın olacaq: ya ABŞ Prezidenti Donald Tramp hərbi əməliyyatlara start vermək qərarı verəcək, ya da İran rəsmiləri ilə danışıqlar yolunu seçəcək.


Sizin reklam burada
Sizin reklam burada