Zərdab rayonunun Şahhüseynli kəndində illərdir həllini tapmayan yol problemi sakinlər üçün ciddi sınağa çevrilib. Uzun müddətdir bərbad vəziyyətdə olan yol kəndin həm nəqliyyat əlaqəsini kəsir, həm də gündəlik həyatı iflic edir.
News365.az xəbər verir ki, sakinlərin bildirdiyinə görə, aidiyyəti qurumların məsuliyyətsizliyi və laqeydliyi kənd camaatını çıxılmaz vəziyyətdə qoyub.
“10 maşın daşla iş bitmir” – Sakinlərin etirazı
Dəfələrlə edilən müraciətlər və yazılan məktublardan sonra nəhayət müəyyən addımlar atılsa da, bu, problemi həll etmək yerinə narazılığı daha da artırıb. Belə ki, İcra Hakimiyyəti tərəfindən cəmi 10 maşın daş göndərilib ki, bu da kilometrlərlə uzanan kənd yolu üçün simvolik bir rəqəm hesab olunur.
Kənd sakinləri bildirirlər ki, rəsmi qurumların ayırdığı bu cüzi kömək yolun bərpası üçün kifayət deyil və əsas yük yenə də kənd sakinlərinin çiyinlərinə düşüb.
Aidiyyəti qurumların yerinə sakinlər çalışır
Yolun hazırkı vəziyyəti ilə bağlı kənd sakini Nicat Elmanoğlu kənddəki real durumu belə təsvir edir:
“Yolun qalan hissəsi tamamilə kənd sakinlərinin öz səyi, maddi və fiziki dəstəyi hesabına görülür. Bu, Şahhüseynli sakinlərinin birlik və həmrəyliyinin bariz nümunəsidir. Kənd camaatı əl-ələ verərək öz problemini özü həll etməyə çalışır.”
Əsaslı təmir tələb olunur
Şahhüseynli kənd sakinləri sadəcə yolların daşlanmasını deyil, yolun standartlara uyğun şəkildə tam bərpa olunmasını tələb edirlər. Sakinlər qeyd edirlər ki, öz vəsaitləri və fiziki əməkləri ilə yolu düzəltməyə çalışsalar da, bu, dövlət qurumlarının üzərinə düşən vəzifəni yerinə yetirməməsinə bəraət qazandırmır.
Problemin ictimailəşməsi ilə sakinlər ümid edirlər ki, Zərdab Rayon İcra Hakimiyyəti və digər məsul qurumlar kəndin yol probleminə daha ciddi yanaşacaq və yaxın zamanda əsaslı təmir işlərinə başlanılacaq.
Xatırladaq ki, Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadədir. /32gun.az/