"Sədərək" Ticarət Mərkəzindən (TM) şəhərə və əks istiqamətə taksi sifarişi ilə bağlı sosial şəbəkələrdə yayılan iddialar müzakirələrə səbəb olub.
News365.az xəbər verir ki, iddiaya görə, "Bolt" tətbiqi üzərindən "Sədərək" Ticarət Mərkəzinə taksi sifariş etmək istəyən müştəriyə sürücü bu istiqamətdə kateqoriya dəyişikliyi edildiyini bildirib.
Sürücü iddia edib ki, artıq şəhərdən "Sədərək" TM istiqamətinə "ekonom" kateqoriyası ilə sifariş vermək mümkün deyil və bu marşrut üzrə yalnız "şəhərlərarası" kateqoriya seçilməlidir.
Məsələ ilə bağlı sorğuya cavab olaraq "Bolt" şirkəti yayılan məlumatları təkzib edib.
"Yayılan məlumatlar həqiqəti əks etdirmir. Hazırda həm "Sədərək" TM-dən şəhərə, həm də əks istiqamətə "Bolt" tətbiqi vasitəsilə təqdim olunan bütün taksi xidmətləri mövcud qanunvericiliyə uyğun şəkildə fasiləsiz olaraq fəaliyyət göstərir. Bu ərazi ilə bağlı hər hansı kateqoriya dəyişikliyi, məhdudiyyət və ya yenilənmə tətbiq edilməyib. Səsləndirilən fikirlər rəsmi məlumatlara əsaslanmır", - deyə şirkətdən bildirilir.