Ermənistanın ikinci prezidenti, müxalif “Hayastan” blokunun lideri Robert Koçaryan parlament seçkilərində iştirak edəcəkləri formatla bağlı hələ də müzakirələr apardıqlarını bildirib.
News365.az xəbər verir ki, bu gün mətbuat konfransı keçirən Koçaryanın sözlərinə görə, onlar 2021-ci il seçkilərində iştirak etdikləri formatda qatılmağa meyillidirlər, lakin hələlik yekun qərar verməyiblər.
Ermənistanın ikinci prezidenti deyib ki, bu məsələ ilə bağlı yekun qərar fevral ayında veriləcək.
Koçaryan Baş nazirliyə namizədlərinin kim olacağı məsələsinə də münasibət bildirib. O, fevralın əvvəlində ictimai rəy sorğuları keçirəcəklərini və nəticələrə əsasən namizədin kim olacağına qərar verəcəklərini qeyd edib.
“Əgər sorğularda mən lider olacağamsa, o zaman namizədliyimi irəli sürəcəyəm. Əgər məlum olarsa ki, bizim alyansımızda daha çox səs toplaya biləcək biri varsa, o, namizəd olacaq”, - Ermənistanın ikinci prezidenti əlavə edib.
Koçaryan, həmçinin bu dəfə geniş müxalifət ittifaqı üçün daha yaxşı şansların olduğu fikrini vurğulayıb.
Qeyd edək ki, Ermənistanda parlament seçkiləri 2026-cı ilin iyun ayında keçiriləcək.