Türkiyədə Ərdoğanın növbədənkənar seçkidə iştirakı müzakirə olunur

Türkiyədə Ərdoğanın növbədənkənar seçkidə iştirakı müzakirə olunur
02 Mar 2025 17:49

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) Prezident Rəcəb Tayyib Ərdoğanın 2027-ci ilin noyabrında keçiriləcək növbədənkənar prezident seçkisində yenidən namizəd olması perspektivini nəzərdən keçirir.

Bu barədə AKP-nin sədr müavini Hüseyn Yayman bildirib.

"Ümid edirik ki, 2027-ci ilin noyabrında keçiriləcək seçkidə prezidentimizin namizədliyini yenidən irəli sürəcəyik. Başqa namizədə ehtiyac yoxdur. Növbəti seçkidə də prezidentimizi yenidən ölkə başçısı edəcəyik", - o, Antalyada partiya üzvləri ilə görüşdə qeyd edib.

Siyasətçi Ərdoğanın namizədliyinin AKP və Milliyyətçi Hərəkat Partiyasının daxil olduğu Respublikaçılar Alyansı tərəfindən irəli sürüləcəyini bildirib.

Qeyd olunur ki, hakim partiya üzvləri 2027-ci ilin payızında növbədənkənar prezident və parlament seçkilərinin keçirilməsi variantını qeyri-rəsmi müzakirə ediblər. Səsvermənin erkən keçirilməsinə səbəb kimi AKP-nin yenidən Ərdoğanı prezidentliyə namizəd kimi irəli sürmək niyyəti olduğu göstərilib. Türkiyə konstitusiyasına görə, seçkinin keçiriləcəyi 2028-ci ildə o, artıq prezidentliyə namizəd ola bilməyəcək, lakin növbədənkənar seçki olacağı təqdirdə bu hüquqa sahib olacaq.


Sizin reklam burada
Sizin reklam burada